AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsuda yeni arxeoloji tapıntılar
21-6-2015

Xalq arasında "Torpaqqala" və "Bəyimli qalası" kimi tanınan ilk orta əsrlər dövrünə aid 12 hektar sahəni əhatə edən şəhər qalıqları Girdiman çayının sol sahilində Ağsu rayonunun Çiyni bələdiyyəsinə aid Bəyimli kəndi ərazisində yerləşir. Abidənin ərazisi uzun illər ərzində əkin yeri kimi istifadə olunmuş, bunun nəticəsində də şəhərin mədəni təbəqəsi təqribən 50-60 sm dərinliyə qədər tamamilə dağıdılıb. Abidənin ətrafı çiy kərpiclə hörülmüş əzəmətli qala divarları və onun ətrafı boyunca uzanan dərin xəndəklə əhatələnib. Təəccüblüdür ki, belə möhtəşəm şəhərin qalıqları indiyədək tarixi-arxeoloji abidə kimi qeydə alınmayıb. Torpaq islahatı zamanı abidənin ərazisi pay torpağı sahəsi kimi ayrı-ayrı vətəndaşlara verilib.
2004-cü ildə arxeoloq Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası tərəfindən Bəyimli qalasında ilkin kəşfiyyat işləri aparılıb. Həmin tədqiqatlar əsasında Bəyimli qalasının Mehranilər sülaləsi tərəfindən əsası qoyulmuş Mehrəvan şəhərinin qalıqları olması ehtimalı irəli sürülüb.
2013-cü ildə MİRAS İctimai Birliyinin layihəsi və hərtərəfli dəstəyi ilə Mehrəvan şəhər yerində yenidən arxeoloji tədqiqatlara başlanılıb. İlkin olaraq Bəyimli kənd sakini Ballı Həsənovaya məxsus nar bağının ətrafında qazılmış uzunluğu 450 metr, eni 1,5-2 metr olan xəndəyin içərisi xam torpağa qədər təmizlənərək öyrənilib. Həmin tədqiqatlar zamanı çoxsaylı tikinti qalıqları, istehsalat ocaqları, daş, metal, saxsı, sümük və şüşədən ibarət rəngarəng çeşidli məişət və təsərrüfat əşyaları aşkar edilib. Həmin tapıntılar içərisində yer səthindən 2,3 metr dərinlikdə aşkar edilən, uzunluğu 130 sm, eni 76 sm, dərinliyi 80 sm, çəkisi 150 kq olan və Azərbaycan ərazisində hələlik heç bir oxşarı bəlli olmayan saxsı təknə xüsusi maraq doğurur.
Abidə ərazisində genişmiqyaslı arxeoloji tədqiqatlara başlamazdan əvvəl peşəkar topoqraf Şahin Allahverdiyev və Rumıniyadan dəvət olunan mütəxəssis Dr. Nicu Cristi tərəfindən abidənin topoplanı işlənib. Daha sonra isə Novosibirsk Dövlət Universiteti və Novosibirsk Şəhər Muzeyinin əməkdaşları Dr. Alksey Pronin və Dr. Sergey Roslyakov tərəfindən öyrənilməkdə olan sahədə geomaqnit araşdırma aparılıb.
2014-cü ildə abidə ərazisində genişmiqyaslı tədqiqatlara başlanılıb. Bu məqsədlə MİRAS İctimai Birliyi tərəfindən Bəyimli kənd sakini Şahlar Babayevə məxsus 1 hektar ərazi 99 il müddətinə icarəyə götürülüb. Tədqiqat üçün seçilən uzunluğu 100 metr, eni 20 metr olan (2000 kvadratmetr) VI qazıntı sahəsi hər biri 5x4 metr olan kvadratlara bölünərək öyrənilib. Ayrı-ayrı kvadratlarda dərinlik 2,5-3 metrə qədər çatıb. 2015-ci ilin yanvar-iyun aylarında VI qazıntı sahəsində tədqiqatlar davam etdirilib.
Həmin tədqiqatlar zamanı bünovrə hissəsi çaydaşı, divarları çiy kərpicdən hörülmüş ictimai binalar, yaşayış evləri və yardımçı tikililərin qalıqları, daş döşənmiş yollar, içərisində müxtəlif ərzaq qalıqları olan iri təsərrüfat küpləri və rəngarəng çeşidli digər məişət əşyaları aşkarlanıb. Tapıntılar əsasən daş, metal, saxsı, sümük və şüşədən hazırlanmış yerli istehsal nümunələridir. Bununla belə aşkar olunan maddi-mədəniyyət nümunələri içərisində ticarət və mədəni əlaqələr yolu ilə gətirilmiş materiallar da vardır. Qazıntılar nəticəsində Roma, Sasani və Bizans dövlətlərində zərb olunan mis və gümüş sikkələr tapılıb. Tunc və əqiq möhürlər, nərd zərləri və daşları, ilbiz formalı nadir saxsı qablar abidənin zənginliyindən xəbər verir. 2015-ci ilin iyun ayında 9B kvadratında yer səthindən 60 sm dərinlikdə tunc fibula-sancaq, sədəf və pastadan muncuqlarla birlikdə qiymətli daşdan qaşı olan qızıl üzük və 9Ç kvadratında 60 sm dərinlikdə aşkar edilmiş qızıl zəncirin hissəciyi xüsusilə böyük maraq doğurur. Xatırladaq ki, bu nümunələr Ağsu arxeoloji ekspedisiyasının son 3 ildə aşkar etmiş olduğu üçüncü qızıl tapıntısıdır. Ərazidən aşkar olunmuş qızıl əşyalar ilkin tədqiqatdan sonra Milli Azərbaycan Tarixi Muzeyinin qızıl əşyaların saxlandığı Xüsusi fonduna təhvil veriləcək.
Bütün tapıntılar xronoloji cəhətdən III-VIII əsrləri əhatə edir. Tarixdən bəlli olduğu kimi bu dövr Qafqaz Albaniyasının ən qüdrətli çağı hesab olunur. Hansı ki, həmin dövrdə ölkənin siyasi və hərbi həyatında Mehrəvan şəhərinin xüsusi yeri olub. Heç şübhəsiz gələcək tədqiqatlar nəticəsində Mehrəvan şəhər yerində Albaniya tarixinin bir sıra qaranlıq məsələlərini aydınlaşdırmaq mümkün olacaq.
Abidənin konservasiyası olunması məqsədilə zəruri tədbirlər görülməkdədir. Öyrənilən sahənin torpaq örtüyünün və tarixi-mədəni qalıqların təbii təsirlər nəticəsində sürətlə aşındığını nəzərə alaraq italiyalı mütəxəssislər bu işə cəlb edilib. YOCOCU Asossasiyası və Kalabriya Universitetinin əməkdaşları Mauro La Russa, Andrea Macchia və Silvio Ruffolo tərəfindən müvafiq analizlər aparmaq məqsədilə ərazidən nümunələr götürülüb. Hazırda həmin nümunələr üzərində laborator araşdırmalar davam etməkdədir. Analizlərin nəticəsindən asılı olaraq abidənin konservasiyasında nanomateriallardan istifadə olunması nəzərdə tutulur.
Ağsu arxeoloji ekspedisiyası və MİRAS İctimai Birliyi Mehrəvan şəhər yerindən tapılan maddi-mədəniyyət nümunələrinin müasir beynəlxalq standartlar səviyyəsində mühafizə və nümayiş etdirilməsi məqsədilə rayonun Çiyni kəndi ərazisində muzey, fond və laboratoriya binası inşa etməyi planlaşdırır. Bu məqsədlə İtaliyanın Atrea Project şirkəti memar Antonella Chiarandanın müəllifliyi ilə müvafiq layihə hazırlayıb.

 

Oxunub : 1041