AZE ENG
Facebook
Twitter Google Myspace
"Yazılan Qalacaq" kitabının imza günü keçirilib
27-6-2015

İyunun 27-də Bakı şəhərinin Nəsimi rayonundakı kitabevim.az kitab marketində Azərbaycan Respublikasının əməkdar jurnalisti, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin publisistik məqalələr toplusundan ibarət olan "Yazılan Qalacaq" kitabının imza günü keçirilib. Tədbirdə görkəmli alimlər, tanınmış jurnalistlər, ziyalılar və tələbə-gənclər iştirak edib.
"Elm və Təhsil" nəşriyyatı tərəfindən çapdan buraxılan yeni kitabın redaktoru akademik Teymur Bünyadov, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov, Azərbaycan Respublikasının əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovdur. Kitab MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə nəşr edilib.
Kitaba müəllifin əsasən 2004-2014-cü illərdə müxtəlif mətbuat orqanlarında nəşr olunmuş elmi-publisistik məqalələri daxil edilib. Oxucu təqdim olunan topluda Ulu Öndər Heydər Əliyevin ömür yolu, onun əməli-siyasi fəaliyyəti, ölkəmizdə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, müstəqillik illərində Azərbaycanın hərtərəfli və dinamik inkişafı, o cümlədən teleradio fəaliyyəti sahəsində yeniliklər, Xaçmaz, Quba və Qusar rayonlarının timsalında regionlarda həyata keçirilən uğurlu layihələr barədə maraqlı yazılarla tanış olur. Topluya həmçinin müəllifin xarici ölkələrə olan səfər təəssüratları, Qarabağ problemi, habelə tarix və arxeologiya elminin aktual problemlərinə dair yazıları daxil edilib.
Tədbiri giriş sözü ilə kitabevim.az kitab marketinin əməkdaşı Xəyalə Nəsirli açıb. Professor Qafar Cəbiyev tədbir iştirakçıları qarşısında çıxış edərək müəllifi olduğu yeni kitabın ayrı-ayrı bölmələri haqqında məlumat verib. Kitabın rəyçisi Xalid Niyazov "Yazılan Qalacaq" kitabı və onun müəllifi haqqında ürək sözlərini bölüşüb. Tarixçi-alim, professor Əsədulla Cəfərov topluya daxil olmuş ayrı-ayrı məqalələrin üzərində dayanaraq onların məziyyətlərindən danışıb. Milli Televiziya və Radio Şurasının üzvü Əlvan Ağayev bu cür tədbirlərin yeni kitabların təbliği baxımından son dərəcə önəmli olduğunu vurğulayıb. Filologiya elmləri doktoru Minəxanım Nuriyeva-Təkləli görkəmli alim-jurnalist Qafar Cəbiyevin timsalında ziyalı nümunəsindən, cəmiyyətin müxtəlif sahələrində ziyalıların iştirakı məsələlərindən bəhs edib. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli kitab müəllifinin ictimai fəaliyyətindən, o cümlədən onun MİRASın layihə və tədbirlərində, beynəlxalq konfrans və simpoziumlarda iştirakı ilə bağlı xatirə və mülahizələrini bölüşüb.
Tədbirin sonunda müəllif bütün iştirakçılara öz imzası ilə kitablar təqdim edib.
 

Oxunub : 1028