AZE ENG
Facebook
Twitter Google Myspace
Yazılan qalacaq
14-8-2015

İnsan var ki, haqqında söz demək dünyanın əzab-əziyyəti, əndişəsidir. Sözlər boğazında kilidlənir, fikirlər bir insafsız ovçu gülləsindən hürkmüş kəklik təki pərən düşür. Di gəl, indi onları topla, səfinə nizam ver ki, deyilişindəki qəlplik, duruşundakı yadlıq duyulmasın. Heç şübhəsiz, bu, belədir ki, var! Bir də var ki, deyəcəklərin qayaların damarından fışqıran fəvvarə kimi bayıra can atır, inci kimi fikir sapına düzülüb ürəyinin tərcümanına çevrilir, söz tamarzısı olanların könlünü fəth edir, hisslərinə tumar çəkir. Beləliklə, məqsəd hədəfinə yetişir.

Sözdən söz düşmüşkən, elə sərlövhəyə gətirdiyimiz ifadə də haqqında bəhs edəcəyimiz görkəmli alim-jurnalist Qafar Cəbiyevə məxsusdur. Hələlik axırıncı, amma bildiyim qədər axarıncı kitabının adıdır. Amma həddim olmasa da, yanına bir zəruri qeydimi də qoşardım. Bu dünyada hər yazılan deyil də, məhz istedadla şəxsiyyətin xəlitəsindən zinətlənən, tinətini bulaq kimi çağlayan dərin yaradıcılıq laylarından alan sözlər qalacaqdır. Eynən, Qafar müəllimin yazdıqları kimi!

Qafar Cəbiyev haqqında söylənə biləcək hər bir xoş sözü keçdiyi həyat yolu ilə, əməlləri, örnəyi və yaradıb süfrəyə düzdükləri ilə haqq etmiş çox az sayda kişilərdəndir. Bu sonuncu kəlməni məhz Anadolu türkcəsində ifadə etdiyi mənası ilə qəbul etmənizi rica edərdim. Bundan sonra kimin nə qədər yaşayacağını Allahdan başqa bir kimsə bilməsə də, etiraf edirəm ki, haqqında yazmağa əşhədü-ehtiyac duyduğum iki kişidən, iki alimdən, iki dostdan, iki qələm sahibindən, iki söz sevdalısından, Vətəninin hər daşında mamır olub bitməyə hazır iki vətəndaşdan biridir Qafar Cəbiyev.

Deyim ki, qəzet jurnalistikasının, yəni ümumiyyətlə, ənənəvi jurnalistikaının belə bir qəribə özəlliyi var; bu camiədə adamı lap o, təvazökarlıqdan uzaq olsa da, igidin adını eşit, üzünü görmə məsəlində olduğu kimi, imzası ilə tanıyırlar. Və bu məsələdə kiminsə təqdimatı, xoş sözü, yaxud kinayəli atmacası deyil, məhz altında imzasının durduğu hər hansı bir yazı müəllifi haqqında düzgün mühakimə yürütməyə, mükəmməl qənaət formalaşdırmağa səbəb olur. Biz, bəlkə də, taleyinə xoşbəxtlik yazılmış o qələm adamlarındanıq ki, cəmiyyətdə sözə, jurnalistə həqiqi qiymətin verildiyi dövranı gözümüzlə görüb, yaşayıb gəlmişik. Və həmin o hörməti bugünkü bəzi sarıdimdik, qələmi necə tutmağı belə bacarmayan “xəbər poçtalyonları”nın da söylədikləri kimi, Kommunist Partiyası deyil, o sözü deyənlərin və deyə bilənlərin peşəkarlığı, məharəti, istedadı, ləyaqət və kişiliyi qazandırmışdı.

Qafar Cəbiyev də beləcə, sözün “taxtasına” ağırlıq qatmağı bacaran, onu ovxardan düşməyə qoymayaraq daima sərvaxt saxlayan, cəmiyyəti narahat, insanları qəhr edən problemləri sözün şəfalı gücü ilə müalicə etməyə çalışan, yanına bir “əsl” təyini aldığımız jurnalistlərdən, fikir babalarından, elm müridlərindən biridir.

O, böyük Səməd Vurğunun vəsf etdiyi səfalı Talıstan kəndində dünyaya göz açıb. Burada məktəbə gedib, bir vaxtlar şagirdi olduğu məktəbdə müəllim kimi dərs deyib. Sonra yollar şaxələnib - rayon qəzeti, İsmayıllı Rayon Partiya Komitəsi, Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturası, “Azərbaycan” qəzeti, Milli Televiziya və Radio Şurası...

Qafar müəllimlə elə “Azərbaycan” qəzetində tanış olduq və bu tanışlıq sonradan özülü, təməli möhkəm və sağlam bir dostluğa çevrildi. Amma qəribə tarixçəsi vardı bu tanışlığın...

 

* * *

2002-ci ildə Balakən-Zaqatala bölgəsində Hacı Maqomedovun başçılıq etdiyi quldur dəstəsi çox evlər yıxmış, qanlar tökmüşdü. Bu qruplaşmanın bir ucu ermənilərə, digəri isə separatçılıq meyillərinə dirənən cinayətkar fəaliyyətinin qarşısı ölkənin hüquq-mühafizə orqanlarının birgə səyi ilə qətiyyətlə alınmışdı. Respublika Prokurorluğu bu işdə xüsusilə fərqlənmişdi. Baş prokurorla görüşüb zəruri tövsiyə və məsləhətləri aldıqdan sonra hadisələrlə bağlı yazı hazırlamaq məqsədilə bölgəyə ezam olundum. Gəlişimlə bağlı qəzetin bölgə müxbiri məlumatlandırılmasa da, Qafar müəllim öz təşəbbüsü ilə gəlib məni tapdı və məhz onun yaxından köməyi ilə, belə deyək, qərib yerdə çox böyük bir işin öhdəsindən gələ bildim. Və elə Qafar müəllimə qarşı qəzet rəhbərliyinin qısqanclığının, uğurlarını sinirə bilməməsinin əsl səbəbləri də o üç-dörd gündə öz-özünə faş oldu. Bölgə müxbirinin xidməti ərazidə böyük nüfuzu, xətir-hörməti vardı. Başqalarının “bacasından” girdiyi kabinetlərin qapısı onun üzünə həmişə açıq idi. Bir jurnalist üçün qələmi, ləyaqəti və kişiliyi ilə tanınmaqdan uca və əfzəl nə ola bilərdi ki?!

Sonralar Qafar müəllim “Azərbaycan”ı tərk etsə də, uğurları onu tərk etmədi. Əksinə! Yəhərdə şax durmağın, məharətli çapar tək mənzilə birinci yetişməyin, başqalarına əlçatmaz zirvə kimi görünə biləcək yeni hədəfləri fəth etməyin bariz nümunəsini qoydu ortaya. Bilsəniz, belə bir insanın dostu olmaq necə də qürurvericidir!..

Qafar Cəbiyev haqqında hər kəs ən fərqli rakurslardan danışa bilər, şükürlər olsun ki, onun həm şəxsiyyəti, həm də elmi-publisistik yaradıcılığı buna yetərincə imkan verir. Mən bir qədər üzdə olan deyil, daha konseptual, çoxlarına məlum olmayan məqamlara toxunmaq istərdim. Necə deyərlər, aysberqin görünən üzü deyil, suyun altında qalan hissəsi daha nəhəng və maraqlı olur.

İnsan həyatda, fikrimcə, iki ömür yaşayır; bir bioloji varlıq kimi, bir də, necə deyərlər, sosial individ olaraq, konkret bir ictimai missiyanın daşıyıcı kimi. Tutaq ki, seçdiyi sənətin, peşənin adamı kimi, yəni rəssam, yazıçı, çilingər, neftçi, alim və s. tək.

Bəzən insan bir peşənin belə ağırlığını və ağrılarını daşıya bilmir, bu yükə tab gətirə bilmir. Adam da var ki, bir neçə vəzifənin əziyyətinə birdən qatlanır. Təbii ki, söhbət işinə-gücünə, peşəsinə sevdalı, dəlicəsinə vurğun adamlardan gedir. İstər yazıçı ol, istər jurnalist, istərsə də alim. Qafar müəllim də o cür peşəsinə, seçdiyi yola könül vermiş, ömürlük əhd-peyman bağlamış bir jurnalist, yazıçı-publisist və alimdir. Deməli, üç-dördqat əziyyət çəkən insandır.

O, bütövlükdə jurnalistika kontekstində ənənəvi və yeni medianın, ölkə teleməkanının problemlərinə biganə qala bilmədiyini gizlətmir. Və bu narahatlığını giley-güzarla, umu-küsüylə deyil də sağlam tənqid-təhlil ruhlu məqalələri ilə ortaya qoyur. Bu, bir ziyalı mövqeyi olmağın fövqündə, həm də nüfuzlu söz, mövqe,

nəsihət örnəyi kimi qəbul edilməlidir.

 

* * *

Dedik ki, Qafar Cəbiyev özü haqqında ən müxtəlif amplualarda və hər birində də əsl peşəkar kimi söz söyləmək haqqını qazanmış ziyalıdır. Onlardan biri alim-jurnalist tandemidir.

Gəlin açıq danışaq; çox şəffaf bir cəmiyyətdə yaşayırıq. Kimin özünü hansı mərtəbədə görməsindən asılı olmayaraq, ictimaiyyət hər kəsin həqiqi dəyərinin fərqindədir. Felən alim, jurnalist olmaq mümkündür. Amma qəzetçilik təcrübəmdə professor-akademik yazısı görmüşəm ki, mübtədası dağda, xəbəri aranda, içi də ki, heç! Deməli, dil faktoru, yazı texnikası, söz ehtiyatı, ifadə bacarığı, sözün sinerjisi və sosial enerjisindən düzgün istifadə məharəti elmi dərəcəsindən, ictimai statusundan asılı olmayaraq hər bir ziyalı üçün ən azı professional ölçü vahididir, vazkeçilməz meyardır. Bu mənada Qafar müəllim ölkənin örnək sayıla biləcək ziyalı kəsiminin cərgəsindədir. Alim səbri, inadı, fəhmi, bəsirəti ilə tapdıqlarını jurnalist istedadı və şövqü ilə oxunaqlı, səlis və dadlı bir dildə geniş oxucu kütləsinin, elmi ictimaiyyətin malına çevirməyi bacarır.

Yaxşı yadımdadır; bir neçə il əvvəl həqiqətən də nəinki Azərbaycan tarixi, bütövlükdə dövlətçilik tariximiz üçün qiymətli elmi yeniliklərlə zəngin doktorluq dissertasiyasını müdafiə edərkən, çox görkəmli alimlər Qafar müəllimin tədqiqatlarının sırf elmi məziyyətləri, siqləti sırasında, həm də elmi işin səlis, oxunaqlı, canlı bir dillə qələmə alındığını xüsusi vurğuladılar.

Ona görə də Qafar Cəbiyev haqqında, onun yaradıcılığı barədə söz demək həm etimaddır, şərəfdir, həm də məsuliyyətdir. Adam bir söz deyir, ikisini-üçünü deyir və sonra da nigarançılığını çəkir ki, görəsən, nəyisə unutmadımmı, yaddan çıxan bir məziyyət, bir cizgi qalmadımı? Və bu o zaman baş verir ki, insanın şəxsiyyəti hər nə qədər mükəmməl, bitkin, dolğun olsa da, yaradıcılığı, əksinə, çoxcəhətlidir, çoxpalitralıdır, polifonikdir.

 

* * *

Bayaq kitabdan danışdıq. Yəqin ki, yaradıcı adam üçün kitabın nə demək olduğunu şərh etməyə ehtiyac yoxdur. Kitab haqqında danışmaq elə onun müəllifi haqqında danışmaq kimi bir şeydir. Çünki kitab müəllifin söz və duyğularla çəkilmiş avtoportretidir. Mən belə düşünürəm. Bu mənada Qafar Cəbiyev həm də öz rəsmini sözün bədii-estetik siqləti, çalarları, ictimai qüdrəti ilə yaratmış bir rəssamdır.

“Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, Girdiman tarixi", “Yazılan qalacaq” və digər kitabları onun oxucusuna çatdırmaq istədiyi söz, mətləb olmaqla yanaşı, həm də bədii fikrin möcüzəsidir, elmi-publisistik təhkiyənin sintezi, uğurlu simbiozudur, oxucunun eşitmək istədiyi və heç bir zaman unuda bilməyəcəyi nağılvari həqiqətdir.

Qafar müəllim sonuncu kitabında özü haqqında deyir ki, mən tarixçi deyil, arxeoloqam. Bəli, tarixçi tarixi kitabxanada, iş otağında da oturub yaza bilir. Arxeologiya isə bir elm kimi empirizmə daha yaxındır, universal elm sahəsidir, bir qədər bəlağətli səslənsə də, müxtəlif peşələrin hibrididir, yəni arxeoloq həm alimdir, tədqiqatçıdır, həm də əlinə qazma aləti alan fəhlədir, bənnadır, dulusçudur, təkəlduzdur, numizmatdır, memardır və s.

Ona görə də Qafar müəllimin bir jurnalist və arxeoloq-alim kimi uğurlarının, müvəffəqiyyətinin səbəblərini məhz onun universallığında axtarmaq doğru olardı. Həm söz sənətində, həm də elmi məsləyindəki o tədqiqatçı səbri, hər şeyin ən yaxşısına nail olmaq inadı onu seçdiyi hər iki yolda uğura qovuşdurub.

Ən maraqlı məqamlardan biri də odur ki, Qafar müəllimin sayı iki yüzü haqlamış elmi məqalərində və mini keçmiş publisistik yazılarında biz onun möhürünü, yaxşı mənada “klişe”sini və istedadı ilə yanaşı, bütün insani və peşəkar məziyyətlərini, keyfiyyətlərini də görürük. Onları sadalamaq, zənnimcə, çox vaxt almaz: istedad, etibar, dürüstlük, ləyaqət! Beləliklə, Qafar Cəbiyev yaradıcılığının alqoritmi bu dörd məziyyətdə kodlaşmış şifrədir.

Bütün yaradıcılıqların əsas leytmotivi, aparıcı xətti nədir? İnsanı olduğu kimi canlandırmaq! Əgər nəzərə alsaq ki, hər bir yaradıcılıq həm də həyatı öyrənmək, dərk etmək vasitəsidir, onda Qafar müəllimin yaratdığı obrazlar deməyəcəyəm, çünki onlar real həyatdan gəlmədirlər, təqdim etdiyi personajlar həddən ziyadə inandırıcıdırlar. Bu xarakterlər qalereyası ilə tanışlıq bizə ən azı həyatı da öyrədir. Müəllif publisist olsa da, onda qələmə aldığı hadisələrə epik müdaxilə çox güclüdür. Və belə bir fəallığın nəticəsidir ki, Q.Cəbiyev toxunduğu hər bir mövzunun ictimai-epik həllini və prinsiplərini inad və səbatla axtarır, günümüzün etik-estetik və sosial-mənəvi iqliminin yetişdirdiyi insanları qayət canlı, dolğun və inandırıcı boyalarla yarada və təqdim edə bilir.

Qafar Cəbiyevin oxucuları təsdiq edərlər ki, onun əsərlərində hər cür patetikadan, bəlağətdən, “ura-patriot”luqdan uzaq bir vətənpərvərlik entuziazmı var. Və bu vətənpərvərlik öz şəhdi-şirəsini, iliyini müəllifin ruhundan, qanından, Vətənə, torpağa, insanlara sevgisindən aldığı üçün ideya-fəlsəfi pafosa çevrilməyib, kifayət qədər konkret və realdır.

Onun alim, müəllim, məmur kimi gərgin iş qrafikinə baxmayaraq, arada-bərədə vaxt tapıb jurnalist kimi qələmə aldığı məqalələr müasir Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının xəritəsini çəkməklə kifayətlənmir. Əlamətdardır ki, müəllif hər dəfəsində böyük qürur və iftixar hissilə qələmə aldığı quruculuq prosesinə adi seyrçi, sıradan statist kimi yanaşmır, bu titanik zəhmətin, fədakarlığın aparıcı qüvvəsi kimi ölkə Prezidentinin himayə və diqqətini önə çəkir, müstəsna əməyini təqdim, təqdir və təbliğ edir. Cəsarətlə söyləmək olar ki, “Qafar Cəbiyev” imzası ilə dərc olunan yazılarda ölkənin gündəlik həyatının çevik ritmi, irəliləyiş əzmi, sadə insanların rəşadətli əməyi öz dolğun ifadəsini tapır.

Mən Qafar müəllimin intellekt və istedad kimi iki qüvvənin özünü çox qabarıq şəkildə göstərdiyi yaradıcılıq prosesində, sözlə rəftar səriştəsində maraqlı bir transformasiyanın şahidi olmuşam. Yəni, bunu başqalarının da görməməsi mümkün deyil. Belə ki, hər hansı bir yazının hazırlıq prosesində müəllif hadisələrə estetik kateqoriya kimi müasirlik baxımından nəzər salmaqla həyat həqiqətlərini publisistika sənətinin dilinə, belə demək mümkünsə, tərcümə edir. Bu üzdən yazdıqları da rahat oxunur, içimizə sinir.

 

* * *

Bilirsiniz, hərdən bu sual üzərində düşünürəm; görəsən hansı alim, jurnalist, şair, yazıçı daha xoşbəxtdir? Fikir verdinizsə, sadaladığım peşələrin hamısını yaradıcılıq fitrəti birləşdirir.

Hələ bizdən yüzillər əvvəl yaşamış irland filosof-şairi İ.S.Eriugena yazırdı ki, yaradıcılıq - mahiyyət etibarilə özünüseyretmədir.

Adamın ürəyindən xəbər verən, istedad və intellektualın qələmindən çıxdığı hər bir halı ilə özünü göstərən bir yazını, şer parçasını, hekayəni, elmi məqaləni, ümumiyyətlə buraya bədii-estetik düşüncənin, idrakın əhatə etdiyi bütün yaradıcılıq sahələri aiddir, oxuyanda sövq-təbii fikirləşirsən ki, ilahi, kaş həmin əsərin altındakı imza mənim olaydı. Zənnimcə, əsl xöşbəxtlik elə budur. Və Qafar müəllim həm bir publisist, həm də alim kimi həmin o zirvənin fatehlərindəndir. Onun bütün yaradıcılığı belə bir səmimi insan qibtəsini haqq etmişdir.

Bir halda ki, mütəfəkkirlərdən söz düşdü, bir iqtibas da Karl Marksdan gətirim: alman filosofu söyləyirdi ki, hər bir həqiqi fəlsəfə öz dövrünün mənəvi kvintessensiyasıdır. Söhbət nədən gedir? Qalıcı, əbədi olmaqdan gedir. Söz də bəşəri dəyər olmaqla, həm də əbədidir. Və yazılan da o vaxt əbədiliyə iddia edə bilər ki, həqiqəti tərənnüm etsin. Bu mənada cəsarətlə deyə bilərik ki, Qafar müəllimin yazdıqları konkret bir dövrün, vaxt məsafəsinin, zamandan qopan hadisələrin obyektiv icmalıdır.

O nədən yazırsa, danışırsa, bəhs edirsə peşəkardır, iki dodağının arasından çıxaraq ürəknən ağlın kürəsində qıpqırmızı qızarıb bişən sözlər, fikirlər mötəbərdir, yüzdə-yüz güvənlidir. Çünki əlində-ovcundakıynan kifayətlənmir, həmişə arayıb-axtarır, oxuyur, öyrənir... və bundan sonra öyrədir. Sözsüz, bu, bir idrak prosesidir, koqnitiv dərketmə yoludur. Bu yolda, dayanıb-durmaq, nəfəs dərmək, özünə yazığı gəlmək yoxdur. Sadəcə, davam var! Irəli, irəli və yalnız irəli! Qafar Cəbiyevin həmişə bir addım irəlidə olmasının düsturu da məhz budur.

“Yazılan qalacaq” kitabına “Ön söz”ündə 65 illik yubileyini qeyd etməyə hazırlaşdığımız respublikanın Əməkdar jurnalisti, tarix elmləri doktoru, professor Qafar Cəbiyev ötən il ürəyinin bu dünyanın gərginlik və stressləri qarşısında aciz qaldığına eyham vurur. Bir qədər loru dildə deyəcəm; hər bir mühərrik maşının gücünə hesablanır, yəni onların fəaliyyəti arasında bir sinxronluq olmalıdır. Amma Qafar müəllim də o qədər zəhmətə tutqun, ruslar demişkən, “trudoqolik” adamdır ki, arada ürəyi də tab gətirmədi. Və o vaxt dostumu ziyarət edərkən müəllifinin kimliyini unutduğum bu misralar yadıma düşdü:

Ömrün nə vaxtıdır, titrəyir qələm,

Yazıb-pozmalıyam mən indən belə.

Davaya-dərmana dözə bilmirəm,

Ağrıma ürəyim, ağrıma hələ.

Qafar müəllimin ürəyindən bir ricamız var: sahibi onu hər nə qədər yorsa, incitsə, əziyyət versə də, dözsün, yarı yolda qoymasın, xəyanət eləməsin. Çünki Vətən, millət, elm, söz yolunda vuran ürək daima yaşamalı və yaşatmalıdır.

Xalid NİYAZOV,
Əməkdar jurnalist,
siyasi elmlər üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır. 

Oxunub : 570