AZE ENG
Facebook
Twitter Google Myspace
İsmayıllıda MİRASın təlimi
27-8-2015

“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində növbəti təlim-seminar İsmayıllı şəhər Tarix-Diyarşünaslıq muzeyində keçirilib. Tədbirdə İsmayıllı rayon icra hakimiyyəti və ictimaiyyətin nümayəndələri, fiziki imkanı məhdud olan şəxslər iştirak edirdilər. Eləcə də, GÜLSAM Əlillərin Reabilitasiyasına dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova, ARABAÇI TV internet kanalının rəhbəri İlham Məhərrəmov və əməkdaşı Amid Həsənquliyev iştirak edirdilər.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil xanım Əhmədova açaraq layihə haqqında və Miras İctimai Birliyinin fəaliyyətinə münasibətini bildirdi. Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək, Miras İB-nin 5 illik fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında qısa məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin əhəmiyyəti və onun çərçivəsində görülən işlərdən söhbət açıb.
Daha sonra Miras üzvü, ekspert Gülşən Hüseynova layihə çərçivəsində həyata keçirilmiş sorğuların nəticələrini açıqlayıb. Hesabat zamanı sorğunun həyata keçirildiyi 100 obyekt və 135 respondentin fikirləri ictimaiyyətin diqqətinə çatdırılıb. Fiziki imkanları məhdud insanların sosial problemləri, layihə həyata keçirilən bölgələrdə inklüziv turizm perspektivləri və sorğuya cəlb olunan insanların bu sahə ilə bağlı məlumatlılıq səviyyəsi, mədəni-maarif ocaqlarında, turizm müəssisələrində və digər xidmət obyektlərində infrastrukturun qiymətləndirilməsi zamanı meydana çıxan çatışmazlıqlar rayon rəhbərliyinin iştirakı ilə ictimaiyyətlə müzakirə olunub.
Növbəti təlim mövzusu “Arxeoloji abidələrin inklüziv turizm prespektivləri”nə həsr olunub. Məruzəçi Miras İctimai Birliyinin sədri Fariz Xəlilli Cavanşir qalası, Qız qalası, Hacı Məcid əfəndi məscidi və s. abidələrin ümumi vəziyyəti, onların inkluziv turizm imkanları haqqında danışarkən problemlər haqqında geniş məlumat verib. Çıxış zamanı Qız qalasına gedən yolun keçilməzliyi, Qız qalası istirahət mərkəzi tərəfində abidəyə girişin məhdudlaşdırılmasında və bu məsələ ilə bağlı ciddi ölçü götürülməsinin vacibliyindən söhbət açıb.
GÜLSAM Əlillərin Reabilitasiyasına dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində gördükləri işlərdən danışıb.
ARABAÇI TV Azərbaycanda fiziki imkanları məhdud insanlarla dövlət qurumları arasında körpü rolunu oynamaqla yanaşı, onların problemlərini işıqlandıran onlayn media təşkilatıdır. Onun həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verən İlham Məhərrəmov məqsəd və vəzifələrini açıqlamaqla yanaşı, fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında inkluziv turizmin əhəmiyyətini də xüsusilə vurğulayıb.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inklüziv turizm planını təqdim edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru, Miras üzvü Ağasəlim Əzizov çıxışında bu sahədə mövcud dünya standartları haqqında da ətraflı məlumat verib.
“Şəxsiyyət, cəmiyyət münasibətlərində psixoloji davranışın əhəmiyyəti” mövzusunda çıxış edən Miras araşdırmacısı, ekoloq-ekspert Elmira Abasova fiziki imkanları məhdud insanlarla davranış zamanı yol verilən yalnışlıqlar və onların aradan qaldırılması, problemin ekoloji aspektləri haqqında ətraflı məlumat verib.
“İnkluziv Turizm” təqdimatı zamanı Miras İctimai Birliyinin Mədəni İrs və Gənclər şöbəsinin müdiri Aidə Məlikova inkluziv turizm haqqında ətraflı məlumat verməklə yanaşı, bu sahədə dünya praktikası, statistikası, Azərbaycan üzrə perspektivləri vurğulayaraq, öz təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sarılı MMC-nin meneceri, Miras üzvü Rahim Rəhimli “Şamaxı-İsmayıllı-Ağsu rayonları üçün inkluziv turizm marşrutları” ilə bağlı təkliflərini verib. O eyni zamanda Azərbaycanda inkluziv turizm infrastrukturunun olmaması və nəticədə bu turizm növü üzrə istifadəçilərin ölkəyə gəlməsində ciddi problemlərin yarandığını vurğulayıb.
Seminar təliminin yekununda çıxış edən Fariz Xəlilli son günlər İsmayıllı rayonunun Diyallı, Basqal və İsmayıllı şəhərində keçirilmiş tədbirlər və onların iştirakçılar arasında yaratdığı əks-səda haqqında söhbət açıb. Bütün iştirakçılara və yaradılan şəraitə görə icra hakimiyyətinə təşəkkürünü bildirib.
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində təlim-seminarlar İsmayıllı şəhəri ilə yanaşı Diyallı kəndi və Basqal qəsəbəsinin sakinləri arasında da keçilib. Yerli sakinlərin maraqlarına səbəb olan təlim-seminar real təklif və tövsiyyələrlə yadda qalıb. İstər Diyallı kəndindəki Hacı Məcid əfəndi məscidi, istərsə də Basqal qəsəbəsindəki Qalabaşı adlı yerdən aşkar olunan arxeoloji qalıqların gələcəkdə öyrənilməsinə dəstək verilməsi və ictimailəşdirilməsi ətrafında müzakirələr olub. Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədov və Diyallı kənd icra nümayəndəsi Rəfael Məmmədov MİRASın bu layihəsinin kənd və qəsəbələrdə də ictimai həmrəyliyə kömək edəcəyini, inklüziv turizm əsaslı maarifləndirmə işlərinin əhəmiyyətini qeyd ediblər.  

Oxunub : 862