AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS üzvləri Belçikada ERASMUS+ proqramına qoşulublar
7-11-2016

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Belçika Türk Dərnəkləri Birliyi ilə birlikdə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən təlim turunu yekunlaşdırdı. 2015-ci ildə Azərbaycana təlim turu ilə başlamış layihə 28 oktyabr-03 noyabr 2016-cı il tarixlərində Belçikaya səfərlə başa çatdı.

Layihədə hər iki ölkədən olan 50 nəfərlik müəllim və tələbə heyəti iştirak etdi. 3 müəllim və 24 nəfərlik Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Kooperasiya Universitetinin tələbələrindən ibarət qrupla Belçikaya təlim səfəri maraqlı, işgüzar görüşlər və ekskursiyalarla yadda qaldı. “Araşdırma, səyahət və dünyagörüşü” məqsədi daşıyan layihənin Belçika hissəsi daha çox “multikulturalizm” anlayışına müxtəlif aspektlərdən yanaşma məqsədi daşıyırdı.

Təlim səfərinin ilk günü Brüsseldən Hasseltə gəliş, yerləşmə, tanışlıq və proqramın müzakirəsi ilə yadda qaldı. Azərbaycandan başlanan dostluq bağları Belçikada bir qədər də möhkəmləndi. Gənclər uzun ayrılıqdan sonra yenidən qaynayıb qarışdılar. Görüşü açan Türk Dərnəkləri Birliyinin sədri Rıfat Can Azərbaycanla bağlı unudulmaz xatirələrini bölüşdü və gənclərin Belçikadan da eyni hisslərlə ayrılacağına ümid bəslədiyini bildirdi. Daha sonra gənclər özlərini təqdim etdilər, layihədən gözləntilərini bildirdilər.

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev layihənin bu mərhələsinə xeyir-dua verdi və gənclərə öz dəyərli tövsiyyələrini çatdırdı. Belçika tərəfindən olan layihə rəhbərlərinə bir zamanlar məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə hazırlanaraq nəşr edilmiş Müqəddəs “Qurani-Kərim”in Azərbaycan dilində son təfsirlərindən hesab olunan  Mir Məhəmməd Kərim ağa Mircəfərzadənin “Kəşfül-Həqayiq” əsərini və özünün müəllifi olduğu “Girdman tarixi və tarixi coğrafiyası” kitabını hədiyyə etdi. Layihənin Azərbaycan tərəfindən rəhbəri, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli gənclərin bu görüşü necə səbrsizliklə gözlədiklərindən, səfərə hazırlıq mərhələsindən danışdı. İlk mərhələdə iştirak edən lakin hazırda əsgəri xidmətdə olan gənclərimizin salamlarını çatdırdı və Türk Dərnəkləri Birliyinin sədri Rıfat Cana “Ağsuda zəngin alban mədəni irsi – Nərgizava” kitabını təqdim etdi. Belçika tərəfindən layihənin əlaqələndiricisi Sergül Şamçıoğlu gənclərə bu mərhələdə hansı məqamlara diqqət yetirməli olduqlarını və tapşırıqları necə yerinə yetirəcəklərini anlatdı. Yekunda Azərbaycandan gələn nümayəndə heyəti belçikalı dostlarına öz əlləri ilə hazırladıqları şirniyyat payını və Azərbaycanın rəmzi olan narları hədiyyə etdi.

29 oktyabr 2016-cı il tarixində rəsmi səfərin ilk günü “Multikulturalizm və miqrasiya” mövzusunda interaktiv təlimlə başladı. Təlimçi Katerin xanım gənclərə müxtəlif mədəniyyətlərin təmsilçisi olan insanların qarşılaşdıqları vəziyyətləri interaktiv oyunlar vasitəsilə izah edib, onları müxtəlif vəziyyətlərə dair mükalimələrə, debata dəvət etdi. Suallar ətrafında mövqelər bəzən haçalandı, bəzənsə birləşdi. Lakin bu məqamlar dəyişməz qaldı: təhsil, qarşılıqlı hörmət və anlayış olmasa, insanları bir araya gətirmək mümkün deyil.

Təlimdən xoş təəssüratla ayrılan gənclər Hasseltdən Beringenə üz tutdular. Daş kömür mədənləri ilə məşhur olan şəhərdə artıq filizçıxarma dayandırılsa da mədənlər bu dəfə xalqa muzey kimi xidmət göstərir. 1994-cü ildən fəaliyyətini dayandırmış mədənlər əslində 1964-cü ildə Türkiyə və Mərakeşdən gələn mühacirlər hesabına işləyirdi. Bir zamanlar bu mədənlərdə çalışmış sonradan isə muzey bələdçisi kimi ixtisaslaşan muzey işçisini dinlədikcə, interaktiv ekspozisiya ilə tanış olduqca bəlkə də dünyada ən ağır peşə olan mədənçilərin necə çətin və təhlükəli şəraitdə çalışdıqlarının şahidi olduq. Muzeyə daxil olmamışdan öncə hər iki ölkəni təmsil edən gənclərin - Arzu Aydınlı və Aytəkin Məmmədovanın mövzu ilə bağlı təqdimatları fikirlərimizi cəmləşdirməkdə bizə kömək etdi.

Beringendən digər mədən şəhərinə - Genkə yola düşdük. Avtobusda təlim turu iştirakçılarının ifasında səslənən Azərbaycan, türk, ingilis mahnıları məsafələri qısaldırdı. Genkdə bələdiyyə sədrinin müavini Ali Çağlarla Yunus Emre Məscidinin görüş zalında tanış olduq və onun “Bələdiyyə üzvünün bir günü və Genkdə multikulturalizm” mövzusunda çıxışını dinlədik. Daha çox yollar və idman sahəsinə cavabdehlik daşıyan natiq gənclərin suallarına cavab verərkən ömür yolunu və uğurun sirrini dinləyicilərlə paylaşdı. 

Burada Məscidin gözəlliyini, quruluşunu və xidmət sahəsini xüsusilə qeyd etmək lazımdır. Qarşımızda Müqəddəs “Qurani-Kərim”dən ayələrlə bəzədilmiş, incə nəbati naxışlar ağacoyma sənəti ilə xüsusi təmtəraq verilmiş bina və minbərin yeri dəqiqliklə Kəbeyi-Mükərrəmə yönəlsin deyə xüsusi formada inşa olunmuş namaz zalı durmuşdu. Xalçalarla süslənmiş məscid binasında dindarların ibadəti üçün hər cür şərait var. Hətta burada telsiz internet, playstation, binadan bir qədər aralıda inşa olunan cənazə otağı və mərasim zalı diqqətimizi cəlb etdi. Xüsusi soyuducularla təchiz olunmuş morqda nəşi bir müddət saxlamaq və daha sonra dəfn etmək mümkündür.

Məsciddən çıxan iştirakçılar Genkin məşhur C-mine Mərkəzinə üz tutdular. Keçmişdə daş kömür mədəni olan obyekt hazırda biznes mərkəzinə çevrilmişdir. Burada alış-veriş etmək, rəsm dərnəyində məşğul olmaq, sərgi və işgüzar görüşlər təşkil etmək üçün hər cür şərait var.

Gentə üz tutan layihə iştirakçıları yeni hosteldə yerləşdikdən sonra günün təəssüratlarını, onların diqqətini cəlb edən önəmli məqamları və qazandıqları bilik və vərdişləri ingilis dilində esse şəklində və videoformatda təqdim etdilər.

30 oktyabr 2016-cı il tarixi “Draecke” hostelində tarixçi və jurnalist Tina de Ghentin “Türklərin Gentə köç tarixi” haqqında təqdimatı ilə başladı. Təqdimat Türkiyə və Belçika tarixinin müxtəlif dövrləri, köçkünlərin vəziyyəti və onların məskunlaşdıqları ölkəyə gətirdikləri mədəniyyət üzərində qurulmuşdur. Təqdimat natiqin Gent şəhərinin toxuculuq mərkəzi kimi tanınmasından və bu işdə türklərin əvəzsiz xidmətlərindən söhbəti ilə bitdi. Daha sonra heyət Gent Tekstil Muzeyinə və fabrikinə piyada üz tutdular. Muzey turizm əhəmiyyətli, kanalları ilə Venesiyanı xatırladan, memarlığı isə klassik qotik üslubun bariz nümunəsi olan şəhərin mərkəzində yerləşirdi. Muzey həm interaktiv ekspozisiyası, həqiqi fabrik olması, həm də 3-cü mərtəbəsində yerləşən, gənclərimizin bəzi eksponatların yalnız adını eşitdikləri, digərlərinə isə dərsliklərdə rast gəldikləri müxtəlif qədim və müasir əşyalarla zəngin idi. Burada ilk çap makinalarını, kömürlə işləyən ütüləri, köhnə televizor, tozsoran, tikiş maşınları, paltaryuyanları, hətta o dövrün dəbli aksessuarlarını, minik avtomobillərini də görmək mümkündür. Muzeydən sonra gənclər bu gözəl şəhərə gəzməyə çıxdılar. Bir neçə saatlıq gəzinti şəhərdə Türk Dərnəkləri Birliyinin ofisində yekunlaşdı, sonra yenə Hasseltə, təəssüratları yazmağa və paylaşmağa üz tutduq.

31 oktyabr 2016-cı il tarixində səhər erkən Brüsselə üz tutan qrup burada Belçika Federal Parlamentində oldu. Bələdçinin Parlamentin strukturu və iş reqlamenti haqqında söhbətini dinlədi. Senatda bir anlıq özlərini millət vəkili, senator və komissiya üzvü hiss etdi.

Daha sonra gənclər Avropanın siyasi mərkəzi sayılan Brüsselin Schaarbeek bələdiyyəsi sədrinin müavini Salih Göksalla görüşdülər. Natiq bələdiyyənin fəaliyyətindən, burada yaşayan əhalinin etnik tərkibindən, təhsil, turizm və kitabxana sistemindən danışdı. Gənclərin çoxsaylı suallarını cavablandırdı.

Avropa Komissiyasında layihə iştirakçılarını Simon Paskoe qarşıladı və Avropa Komissiyasının fəaliyyəti, “Horizon 2020” “EC 2020 Strategy” proqramları və onların hədəfləri barədə ətraflı məlumat verdi, iştirakçıların suallarını cavablandırdı.

Bu günün sonuncu görüşü Türkiyə Dərnəkləri Birliyinin Brüssel ofisində Brüsselin Saint-Josse-ten-Noode bələdiyyəsinin sədri, sabiq nazir Emir Kırla oldu. Özü haqqında məlumat verən sədr söhbəti gənclərin suallarına cavab vermək üzərində qurmağa üstünlük verdi. Eyni zamanda, mühacir həyatının çətinliklərindən, hər çətinliyə yalnız özünəinam, məqsədyönlülük hesabına qalib gəlməyin mümkünlüyündən, təhsilin hər zaman mühüm amil olmasından və ziyalı sözünə xüsusi qüvvət verməsindən danışdı, gənclərə öz həyat fəlsəfəsindən çoxlu örnəklər gətirdi.

1 noyabrda layihə iştirakçıları Antverpen şəhərini ziyarət etdilər. Burada psixoloq Ülkü Dursunla keçirdikləri özəl təlim yaddaqalan oldu. Gah “balığa”, gah da “yosuna” çevrilən, təlimin əvvəlində uğurlu insan portretini yaradarkən yazdıqları sözləri, sonda yenidən nəzərdən keçirərək bəzilərini pozub, digərlərini isə əlavə edən gənclər təlimdən ayrılmaq belə istəmirdilər. Sonda şəhər gəzintisi və yol boyu Belçika-Azərbaycan qrupunun üzvlərinin məlumatları hamının diqqətini cəlb etdi və şəhəri tanımaqda kömək oldu.

Axşam hostelə qayıdan təlim iştirakçıları ilə Azərbaycan gecəsi keçirildi. Burada ölkəmizin gəzməli, görməli yerlərinin əks olunduğu və layihə iştirakçıları Zəka Babazadə ilə Xanım Bağırovanın hazırladıqları tanıtım videoçarxı, Vüqar Qurbanovun quruluşçu rəssamı olduğu “Ramazan adətləri” qısametrajlı filmi, heykəltaraş Vüqar Quliyevin Ustad dərsi” təqdim edildi. Nərgiz Qarayevanın hazırladığı “Azərbaycan ədəbiyyatı”, Aytən Namazın tərtib etdiyi “Azərbaycanın tarixi-coğrafi, turizm potensialı”, “Xanım Bağırovanın “Qarabağ münaqişəsi”, Arzu Mürvətova və Günel Əliyevanın “Azərbaycan incəsənəti”, Aida Məlikovanın “Azərbaycanda turizm” mövzularında təqdimatları isə vaxt məhdudiyyəti üzündən ya səfərlərarası, ya da şifahi şəkildə layihə iştirakçılarına çatdırıldı.

2 noyabrda layihə iştirakçıları Brüssel gəzintisinə çıxdılar. Bir-biri ilə dostlaşmış gənclər tarixi-memarlıq abidələri ilə, Brüsselin rəmzləri ilə tanış oldular, “Atomium”a, muzeylərə, qalereyalara və alış-verişə çıxdılar. Çoxlu şəkillər çəkdirdilər, günün sonunda isə Türk Dərnəklər Birliyinin sədri Rıfat Canın və onun ailəsinin evində qonaq oldular. Türk qonaqpərvərliyi, isti ocaq, şən ab-hava, bir-birini əvəz edən Azərbaycan və türk milli rəqsləri gecəyə xüsusi ab-hava qatdı. Gecənin ən maraqlı hissəsi isə layihənin yekununu bildirən sertifikatların təqdimatı oldu. Belçika tərəfi bütün layihə iştirakçılarına sertifikatlarla bərabər həm də hədiyyələr, o cümlədən məşhur Belçika şokoladı təqdim etdilər. Təlimçilər isə Belçikada yaşayan türk qardaşlarımızın şeirlərindən ibarət “2007-2014 en güzel şiirler”, Belçika Türk Dərnəkləri Birliyinin Tanıtım Kitabı, Belçikaya mühacirət etmiş insanların həyat hekayələrinin toplandığı “50 Altın Hikaye. 1964-2014” kitabları hədiyyə edildi. Azərbaycan tərəfi isə bu gecədə layihə rəhbərlərinə layihə iştirakçısı, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, istedadlı heykəltaraş Vüqar Quliyevin hazırladığı Azərbaycanın arxeoloji abidələrinin və milli rəmzlərinin əks olunduğu heykəlləri hədiyyə etdi. Xatırlatmaq istərdik ki, bu hədiyyələr məxsusi səfər üçün hazırlanmış və Azərbaycanı tanıtmaq məqsədilə məhz Belçika rəsmilərinə təqdim edilmişdi.

3 noyabrda layihə iştirakçıları üçün ən çətin gün oldu. Belçika tərəfindən olan gənclər gecəni səhərə qədər yatmayıb səhəri azərbaycanlı tələbələrlə birlikdə açdılar. Hasseltdən Brüsselə qədər yol boyu artıq layihənin himninə çevrilmiş “Biz mehriban ailəyik”, “Bu qala, daşlı qala” və digər nəğmələr bir-birini əvəz etdi. Hava Limanı isə layihənin kulminasiya nöqtəsinə çevrildi. Yenidən görüşmək ümidi ilə, kövrək duyğularla ayrılan Azərbaycan nümayəndə heyəti birlikdə keçirdikləri bu günləri uzun müddət xatirələrində yaşadacaq.

Beləliklə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə Belçika Türk Dərnəkləri Birliyinin “Erasmus+” proqramı çərçivəsində həyata keçirdiyi layihə yeni ideyalar və müştərək fəaliyyət istiqamətləri ilə başa çatdı.

 
Oxunub : 6002