AZE ENG
Facebook
Twitter Google Myspace
“Turların təşkil edilməsi” seminarı
25-5-2023

 PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 23 may 2023-cü il tarixində Xəzər Universitetində Turizm və otelçilik fakültəsinin bakalavr pilləsi üzrə təhsil alan 40-dan çox tələbənin və müəllimlərin iştirakı ilə “Turların təşkil edilməsi” mövzusunda seminar təşkil edilmişdir. Tədbirdə ilk öncə Layihənin əməkdaşı, MİRAS İctimai Birliyinin idarə heyətinin üzvü Məleykə Hüseynova çıxış edərək layihənin məqsədləri, qarşıda duran hədəflər, layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər, əldə olunacaq nəticələr və s. barədə məlumat vermişdir. Daha sonra seminarda Ginza Travel şirkətinin icraçı direktoru Aidə Məlikova turizmin anlayışı, turizm sahəsində fəaliyyət göstrən qurumlar, onların klassifikasiyası, turizm fəaliyyəti zaman həyata keçirilən funksiyalar, turların təşkili ilə bağlı əsas məsələlər, bu sahədə mövcud problemlər, onların həlli yolları, turizm fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq və milli qanunvericilik və s. əhatə edən təqdimatla çıxış etmişdir.

 

Qeyd edək ki, son iki ay ərzində müxtəlif mövzularda MİRAS-PİCASP seminarları təşkil edilmişdir. Seminarların ilin sonuna qədər keçirilməsi nəzərdə tutulmuşdur. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır.

 

2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.

Oxunub : 1479