13-16 aprel tarixlərində Moldovanın Komrat şəhərində Moldova Komrat Dövlət Universiteti, Beynəlxalq YOCOCU Asossiasiyası, Almaniya Türklərinin Dünyası İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyə Selçuk Universitetinin təşkilatçılığı ilə Komrat Dövlət Universitetində V Beynəlxalq Türk İncəsənət, Tarix və Folklor Konfransı keçirilib.
Konfransın baş katibi, MİRASın Türkiyə təmsilçisi Ahmet Aytaç dünyada sayı üç yüz min nəfər təşkil edən Qaqauz türkləri haqqında danışıb, millət olmaq üçün “dil” amilinin mühüm olduğunu, qaqauzların etnik kimliklərini qoruyub saxlamağa müvəffəq olduqlarını bildirib. Konfransın sədri Prof.Dr. Necati Demir qeyd edib ki, Qaqauz türkləri Sari Saltuk Gazinin nəvələridir. O, konfransın əhəmiyyəti haqqında da danışıb. Azərbaycanı təmsil edən Prof.Dr. Abbas Seyidov açılış mərasimində çıxış edərək, gökoğuzlar olan qaqauzların türk dünyası üçün önəmini vurğulayıb. Konfransın həmsədri Dos.Dr. Osman Kunduracı qaqauzların buraya gəlişi tarixinə diqqət çəkib. Komrat Dövlət Universitesinin rektoru Prof.Dr. Zinaida Arikova belə bir konfransın rəhbəri olduğu universitetdə keçirilməsindən məmnunluğunu ifadə edib. Qaqauz türklərinin elmin istənilən sahəsində ortaq layihələr və işlər həyata keçirməyə hazır olduğunu bildirib. Qagauz Mədəniyyət Naziri Vasilisa Petrovici türk dünyasının qaqauzlara daha yaxın münasibət göstərməsini istədiklərini dilə gətirib. Açılışda Komrat Dövlət Universitetinin müsiqi fakültəsinin tələbələri musiqi proqramı ilə çıxış edib.
Konfransın baş katibi Ahmet Aytaç türk dünyası mədəniyyətinin təbliğindəki xidmətlərinə görə Komrat Dövlət mükafatına layiq görülüb. Daha sonra rektor Prof.Dr. Zinaida Arikova Ahmet Aytaç və Prof.Dr. Necati Demirə türk mədəniyyətinin inkişafında roluna görə mükafat təqdim edib.
Konfrans çərçivəsində qaqauz və türk sənətkarlarının əl işlərindən ibarət “Türk incəsənət sərgisi” açılıb.
Konfrans sessiyalarda öz işini davam etdirib. Əvvəlcə konfransın həsr olunduğu Prof.Dr. Yusuf Kücükdağın həyat və fəaliyyətinə dair məruzə dinlənilib.
Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov məruzə ilə (Asiya tarixindən seçmələr: qədim türk mədəniyyəti inciləri), www.1905.az portalının rəhbəri Fuad Babayev (Postsovet məkanında silahlı münaqişələr və realpolitik), Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantları İhsan Gökçen (Mədəni irsin qorunmasında yaşayış evlərinin təsnifatı yolları - Aydın şəhəri nümunəsində) və Ali Taştemir (İstanbulun müasir dini memarlığında ənənəvilik) poster-məruzə ilə təmsil ediblər. |