Sentyabrın 2-5-də Böyük Britaniyanın Qlazqo şəhərində Avropa Arxeoloqları Asossasiyasının 21-ci illik toplantısı keçirilir. Toplantıda Avropa və dünyanın digər qitələrini təmsil edən 1800-dən çox arxeoloq iştirak edir.
Dünya arxeoloqlarının ən mötəbər tədbirlərindən biri olan toplantıda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Mikayıl Mustafayev. habelə MİRAS İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli təmsil edirlər.
Sentyabrın 2-də Qlazqonun City Halls mədəniyyət mərkəzində toplantının rəsmi açılış mərasimi olmuşdur. Daha sonra iştirakçılar Qlazqo Elm Mərkəzi ilə tanış olmuş, orada təşkil olunan ziyafət məclisində iştirak etmişlər.
Sentyabrın 3-5-də toplantı bölmə iclasları ilə davam edəcəkdir. Bölmə iclaslarında azərbaycanlı arxeoloqların da məruzə və çıxışları nəzərdə tutulur.
|