AZE ENG
Facebook
Twitter Google Myspace
İtaliyada Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib
10-9-2015

8-9 sentyabr tarixlərində İtaliyanın Verona Universiteti, Türkiyənin Səlcuq Universiteti və Azərbaycanın MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Verona şəhərində Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib.
Simpoziumda İtaliya, Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya və digər ölkələrdən 70-dən çox elm adamının məruzələri dinlənilib. Eləcə də 60-dan çox elm adamının poster-məruzələri nümayiş etdirilib. Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının institutları, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Üzeyir Haçıbəyov adına Bakı Musiqi Akademiyası və digər elmi qurumları təmsil edən 30-dan çox elm adamı iştirak edib.
Verona Universitetində işə başlayan Simpoziumun açılış mərasimində son günlər Türkiyədə baş verən terror hadisələri nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Simpoziumun Təşkilat Komitəsinin həmsədrləri professor Luigi Scrinzi, dosent Osman Kunduracı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Verona Universiteti Tesis departamentinin rəhbəri, professor Gian Paolo Romagnani və Konya şəhər bələdiyyəsinin Məclis üzvü Mustafa Uzbaş salamlama nitqi ilə çıxış ediblər. Təşkilat Komitəsinin katibi Ahmet Aytaç simpoziuma hazırlıq və onun gedişi ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Simpoziumun plenar iclasında Verona Universitetinin professoru Simonetta Ponchia "E.ə IX-VII əsrlərdə Suriya-İkiçayarası və Urartu Çarlığı arasında hərbi və iqtisadi münasibətlər", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev "İlk orta əsr Mehrəvan şəhər yerində arxeoloji tədqiqatlar", Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, dosent Osman Kunduracı "Afyonkarahisar Şuhut Ulu Camesinin bərpası", araşdırmaçı Ahmet Aytaç "Bekir Yaman kolleksiyasında divar xalıları", professor Luigi Scrinzi "Toxunmuş mədəniyyətlər", YOCOCU Beynəlxalq Asossasiyasının prezidenti Andrea Macchia "YOCOCU və Türk dünyası", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əsnayə Şükürova "Azərbaycanda mədəni irsə dövlət qayğısı" mövzularında məruzə ediblər.
Simpozium daha sonra ayrı-ayrı bölmələrdə öz işinə davam edib. Tarix, arxeologiya, etnoqrafiya, memarlıq, turizm, folklor, musiqi, ədəbiyyat və digər elm sahələrinə aid aktual mövzularda məruzələr edilib.
Simpozium iştirakçıları sentyabrın 10-dan etibarən 3 gün ərzində İtaliyanın Verona, Sirmione, Venesiya, Boloniya və Milan şəhərlərində tarixi-memarlıq abidələrini ziyarət edəcəklər.

 

Oxunub : 3673