Oktyabrın 19-da Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbi öz işinə başlayıb. 19-22 oktyabr tarixlərində baş tutan birinci qrupda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə, magistr və müəllim heyəti təmsil olunur.
Tələbələr əvvəlcə Ağsu arxeoloji ekspedisiyasının 2013-2015-ci illərdə tədqiq etdiyi Şıxməzid orta əsr abidəsi və ilk orta əsr Mehrəvan şəhər yerində olublar. Onlar abidələrin arxeoloji tədqiqatlardan sonra mühafizəsinin çətinləşməsi və təbii amillərin təsirindən aşınmasını yerindəcə izləyiblər.
Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksindəki konfrans zalında baş tutan dərsləri Prof.Dr. Qafar Cəbiyev (Ağsu arxeoloji ekspedisiyasının rəisi), Silvestro Antonio Ruffolo (Kalabriya Universitetinin Bərpa Laboratoriyasının əməkdaşı, İtaliya), Uğur Genç (Mədəniyyət və Turizm Nazirliyi Mərkəzi Bərpa və Konservasiya Laboratoriyası, Türkiyə), Dr. Fariz Xəlilli (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri) və Uğur Qiyasi (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bərpaçı-memarı) keçir. Kurs müddətində bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və arxeometriya, çiy kərpicin konservasiyasında yeni nanotexnoloji metodlar və s. mövzularda fikir və təcrübə mübadiləsi aparılır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq, turizm və otelçilik, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəssamlıq, dizayn, kulturologiya ixtisaslarına yiyələnən tələbələri nəzəri və praktik işlər vasitəsilə ən effektiv konservasiya üsulundan yararlanmaq üçün kollektiv təcrübələrini bir araya gətirirlər.
Kurs çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulub. Məzmun və struktur cəhətdən kurslar Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan müxtəlif mövzuları və bacarıqları əhatə edəcəklər.
Kursun sonunda kurs iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunacaq.
|