Oktyabrın 19-25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbində təlim keçiblər.
Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksindəki konfrans zalında baş tutan təlimləri Prof.Dr. Qafar Cəbiyev (Ağsu arxeoloji ekspedisiyasının rəisi), Silvestro Antonio Ruffolo (Kalabriya Universitetinin Bərpa Laboratoriyasının əməkdaşı, İtaliya), Uğur Genç (Mədəniyyət və Turizm Nazirliyi Mərkəzi Bərpa və Konservasiya Laboratoriyası, Türkiyə), Dr. Fariz Xəlilli (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri) və Uğur Qiyasi (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bərpaçı-memarı) keçib. Kurs müddətində bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və arxeometriya, çiy kərpicin konservasiyasında yeni nanotexnoloji metodlar və s. mövzularda fikir və təcrübə mübadiləsi aparılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq, turizm və otelçilik, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəssamlıq, dizayn, kulturologiya, Xəzər Universitetinin tarix və tarix-coğrafiya, Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq ixtisaslarına yiyələnən tələbələri nəzəri və praktik işlər vasitəsilə ən effektiv konservasiya üsulundan yararlanmaq üçün kollektiv təcrübələrini bir araya gətiriblər.
Kurs çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulub. Məzmun və struktur cəhətdən kurslar Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan müxtəlif mövzuları və bacarıqları əhatə edib.
Kursun sonunda kurs iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.
Tələbələr Ağsu arxeoloji ekspedisiyasının 2010-2015-ci illərdə tədqiq etdiyi Orta əsr Ağsu şəhəri, Şıxməzid orta əsr abidəsi və ilk orta əsr Mehrəvan şəhər yeri, eləcə də AzGranata Şirə və Şərab ealı müəssisəsində ekskursiya keçiblər. Praktiki iş dəmir əşyalar və çiy kərpic tikililər üzərində tətbiq edilib. Uğur Gəncin başçılığı ilə qruplar Orta əsr Ağsu şəhərində arxeoloji tədqiqatlar zamanı üzə çıxmış dəmir əşyalar sənədləşdirərək təmizləyib və konservasiya ediblər. Silvestro Antonio Ruffolonun başçılığı ilə qruplar həm yeni, həm də tarixi çiy kərpic tikililəri nanomateriallar vasitəsilə konservasiya ediblər. Bir ildən sonra həmin nümunələr yenidən yoxlanılacaq.
III YOCOCU Ağsu məktəbinin 2016-çı ilin oktyabr ayında təşkil olunması qərarlaşdırılıb.
|