AZE ENG
Facebook
Twitter Google Myspace
QAFQAZ ALBANİYASI TARİXİNƏ DAİR YENİ TƏDQİQAT ƏSƏRİNİN TƏQDİMATI OLUB
5-11-2015

Noyabrın 5-də Kitabevim.az mağazasında professor Qafar Cəbiyevin “Elm və Təhsil” nəşriyyatinda yenicə çapdan çıxan "Girdiman. Tarixi və Tarixi-coğrafiyası" kitabının təqdimat mərasimi olub. Mərasimdə Azərbaycanın tanınmış tarixçi, arxeoloq, memar və sənətşünasları, gənc oxucular iştirak edib.
Kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyasından bəhs olunur. Çoxsaylı mənbə məlumatları, zəngin arxeoloji material, təkzibolunmaz təbii-coğrafi və etnik reallıqlar əsasında Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyası dərindən və hərtərəfli surətdə araşdırılıb.
Tədbiri MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli açaraq, tanınmış alim və ziyalı Qafar Cəbiyev və onun kitabı haqqında danışıb. Qeyd edib ki, müəllifin son zamanlar silsilə şəklində nəşr etdiriyi kitablar maraq doğurur.
Qafar Cəbiyev əsərin yazılma səbəbləri, son vaxtlara qədər Girdiman vilayətinin lokalizə olunmasındakı yanlışlıqlar, apardığı tədqiqatlar barədə danışıb.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, Millət vəklili Yaqub Mahmudov, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və AMEA-nın müxbir üzvü Cəfər Qiyasidir. Vəli Əliyev çıxışında həmişə Girdiman vilayətinin ərazisi məsələsi ilə maraqlandığını, Girdiman çayı və Cavanşir qalasının bu vilayətin ərazisinin lokallaşdırılmasında əsas məqam olduğunu deyib. Aparılan arxeoloji tədqiqatların da bu tarixi-coğrafi problemin həllində mühüm rol oynadığını bildirib. Cəfər Qiyasi son zamanlar tarixə diletant baxışın artdığını, belə məqamda tarixçi alimlərin əsərlərinin nəşrinin zəruri olduğunu qeyd edib. Kitabdakı bölmələrdən birinin "Uydurmalar və reallıqlar" adlanması bu mənada əlamətdardır. O, Qafar Cəbiyevin Qafqaz Albaniyasının şəhər və qalalarını öyrənməyə üstünlük verməsini təqdir edib. Professor Kübra Əliyeva Qafqaz Albaniyasını araşdıran alimlərin bu əsəri mənbə kimi istifadə edəcəyinə inandığını deyib. Professor Qasım Hacıyev kitabın həm də Qafar Cəbiyevin doktorluq dissertasiyasının davamı olan fundamental tədqiqat əsəri kimi xarakterizə edib.
Sonda gənc şair Cavanşir Qasımzadə Ağsu Arxeologiya Festivalı zamanı Arxeologiyaya dair şeir müsabiqəsində birinci yerə layiq görülmüş şeirini səsləndirib.
Təqdimat mərasimi müəllifin öz kitablarını imzalaması ilə başa çatib.

Oxunub : 3259