AZE ENG
Facebook
Twitter Google Myspace
Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında "Qarabağ və mədəni irsimiz" mövzusunda seminar keçirilib
17-12-2015

Dekabrın 16-da Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağ və mədəni irsimiz" mövzusunda seminar keçirilib. Seminarda Gimnaziyanın müəllim heyəti və şagirdləri iştirak ediblər.
Seminarı Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva açaraq MİRAS İctimai Birliyinin mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən qısa bəhs edib, Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlardan danışıb.
Daha sonra Qarabağın, Xocalının mədəni irsindən bəhs edən "Xocalı vaxtı" filmi nümayiş olunub.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azıxdan başlayaraq Şuşa qalasına qədər Qarabağın maddi mədəni irsindən danışıb. Qarabağın türk yurdu olduğunu vurğulayan Fariz Xəlilli tarixdə izləri yalnız maddi-mədəniyyət abidələrində qalan çoxsaylı tayfalar və xalqların bu bölgədə yaşadığını qeyd edib. Kimmerlər, saklar, albanlar və xəzərlərə dair bölgədə çoxsaylı maddi-mədəniyyət izləri vardır. Bölgə qışlaq və yaylaqlara yararlı olduğu üçün türk tayfaları minilliklər boyu (oğuzlar, səlcuqlar, atabəylər, hülakülər, cəlairilər, teymurilər, qaraqoyunlular, ağqoyunlular, qızılbaşlar, şahsevənlər, tərəkəmələr və s.) burada məskən salmışlar. Ermənilərin bölgəyə gəlişi isə Çar Rusiyası və Qacar İranı arasında imzalanan 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra baş vermişdir. Müqavilədə bu haqda müddəalar da vardır. Ermənilər Qarabağa gəlişlərinin 150 illiyini 1978-ci ildə təntənəli surətdə bayram ediblər.
Məktəbliləri Azərbaycan tarixini yaxşı oxumağa çağıran Fariz Xəlilli xüsusilə Qarabağ tarixini, mədəniyyətini öyrənməli, öz yaşıdları arasında yaymalı olduqlarını deyib.
Seminar qarşılıqlı sual-cavabla davam edib.
MİRAS İctimai Birliyinin nəşrləri gimnaziyanın kitabxanasına hədiyyə olunub.

Oxunub : 3665