AZE ENG
Facebook
Twitter Google Myspace
AĞSU RAYONUNUN GƏGƏLİ KƏNDİNDƏ “YURD GÖRÜŞÜ” TƏDBİRİ KEÇİRİLİB
28-12-2015

Dekabrın 26-da Ağsu rayonunun Gəgəli kəndində "Ağsuda zəngin alban mədəni irsi - Nərgizava" kitabının təqdimatı, Gəgəli kənd Həkim Fazil Cəlilov Mədəniyyət evinin açılışı, I Tərəkəmə Çərşənbəsi Folklor Festivalı fotosərgisinin nümayişi, Gəgəli kənd Qadınlar Klubunun hazırladığı əl işlərinin yarmarkasından ibarət Gəgəlilərin yurd görüşü tədbiri keçirilib.
Ağsu rayonunun Gəgəli kəndi Azərbaycanın tərəkəmə obalarından birinin - Axtaçı obasının məskunlaşması nəticəsində yaranıb. Kəndin məhəllələri altında e.ə. V əsrdən başlayaraq istifadə olunan Nərgizava antik dövr qəbristanlığı yerləşir. 1997-ci ildən başlayaraq fasilələrlə arxeoloji tədqiqatların aparıldığı Nərgizava abidəsi haqqında abidəni ortalığa çıxaran arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Xəmsə - Nərgizava, Mehravan, Şıxməzid, Ağsu, Xançoban" seriyasından ilk kitabı "Ağsuda zəngin alban mədəni irsi - Nərgizava" kitabında indiyə qədər aparılmış tədqiqatlar haqqında geniş məlumat verilib. Əsərdə tədqiqatçının diqqət çəkən məqamları xüsusilə vurğulanmalıdır. Kitab AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunub. Kitabın elmi redaktoru professor Kübra Əliyeva, rəyçiləri professor Qafar Cəbiyev və professor Şikar Qasımovdur. Kitabın içərisindəki zəngin maddi-mədəniyyət nümunələrindən xəbər verən foto və rəsmlər maraq doğurur.
Gəgəli kəndində 50 ildən çox həkim işləmiş Fazil Cəlilovun evi müxtəlif tədbir, festival, sərgi, təlim keçirilməsi üçün seçilmişdir. 7 noyabr 2015-ci ildə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ümumi Yığıncağının qərarı ilə həmin ev birliyin hüquqi ünvanı olmuşdur. İctimaiyyətə Həkim Fazil Cəlilov Mədəniyyət Evi kimi təqdim olunan bu bina və həyətdə gələcəkdə MİRAS İctimai Birliyinin layihə və tədirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həkim Fazil Cəlilovun 50 il ərzində işlətdiyi tibb alətləri, sənədlər, kitablar xüsusi vitrində nümayiş olunub.
2015-ci ilin 16-18 mart tarixlərində keçirilən I Tərəkəmə Çərşənbəsi Folklor Festivalında iştirak edən türk, gürcü və yerli fotoqrafların çəkdikləri fotolardan ibarət sərgi çoxdandır ki, müxtəlif yerlərdə nümayiş olunub. İzmir, Konya, Tbilisi və Ağsuda nümayiş olunan fotolar Gəgəli kəndində ziyarətçilərə təqdim olunub. 2016-cı ilin 14-16 mart tarixlərində II Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçiriləcəkdir.
Artıq iki aydır ki, Gəgəli kənd Qadınlar Klubu fəaliyyət göstərir. İlkin olaraq onlar ənənəvi üsulla palaz toxumaq üçün iki dəzgah quraşdırıblar, üzərində "Ağsu" və "Gəgəli" yazılan hədiyyəlik palazlar toxuyublar. Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev həmin palazların ərişini kəsərək görülən işə xeyir-dua verib, xalqımızın bu ənənələrinin qorunması üçün lazımi dəstəyi verəcəklərini qeyd edib. Mədəniyyət Evində baş tutan yarmarkada palaz ustaları Simuzər Xəlilova, Tahirə Mehdiyeva, Tamara Mehdiyeva və Əntiqə Həsənovanın əl işləri həm nümayiş olunub, həm də iştirakçılar tərəfindən satın alınıb.
 

Oxunub : 3858