İyun ayının 3-də Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XIX Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı başlanmışdır. Azərbaycanı MİRAS İctimai Birliyinin də arasında olduğu böyük bir heyət bu festivalda təmsil edir. MİRAS İctimai Birliyinin ilk tədbiri Türk Dünyası Parkında bayburtlu rəssam və fotoqraf Zeynel Abidin Öztürkün “Azərbaycan izlənimləri” foto sərgisi və “Gənc Azərbaycan rəssamlarının əsərləri” rəsm sərgisi ilə başlanmışdır. Açılış mərasimində Bayburt şəhəri bələdiyyəsinin sədri Hacı Alı Polat, BEKDER dərnəyinin sədri Mete Emir, Bayburt İl Kültür və Turizm şöbəsinin müdiri Adnan Okumuş və digər nümayəndələr iştirak etmişlər. Sərgidə Aydın Əsgərovun “Analıq”, “Mənzərə”, “Eksponat”, Fərid Mirzəyevin “Köhnə hamam”, “Hamam”, Anar Hüseynzadənin “Köhnə qablarla natürmort”, “Qablarla natürmort”, “Ülgüc kəndi”, Bəxtiyar Yusubovun “Qədim şəhər”, “Qaya”, “Ərəbuşağı kəndi”, “Natürmort”, Anar Qənbərlinin “Sınmış qablar”, “Orta əsr Ağsu şəhəri”, “Qablarla natürmort”, Fəxri Abbasovun “Xəyallar”, “Qədim qablarla kompozisiya”, “Balıqlar”, Məmməd Rəşidovun “Portret” (daş fiqur), Vüqar Qurbanovun “Natürmort”, “İsmayıllı”, “Bərəkət” əsərləri nümayiş olunmuşdur. Həmin əsərlər I MİRAS Rəssamlıq Simpoziumunda çəkilmiş rəsmlər və hazırlanmış heykəllərdir.
Sərginin açılışından sonra festival iştirakçıları Bayburtun Masat kəndində Dədə Qorqud Türbəsini ziyarət etdilər. Ziyarətdə Bayburt valisi Hasan İpek, Bayburt şəhəri bələdiyyəsinin sədri Hacı Ali Polat və digər rəsmi şəxslər də iştirak edirdilər. Türbə yaxınlığında təşkil olunmuş tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Nazilə Abdullazadə, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat çıxış etdilər. Çıxışlar zamanı Dədə Qorqud festivalının əhəmiyyəti, onun türk dunyasında tutduğu önəmli yerindən danışılmış, Dədə Qorqud dastanında insanlığa dəyər qatan önəmli məqamlardan bəhs edilmişdir. Tədbirdə Türkiyə, Azərbaycan və Makedoniyanın xalq rəqslərini ifa edən qruplar geniş proqramla çıxış etdilər. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yeniyetmələrdən ibarət rəqs qrupu yaddaqalan rəqs parçalarını təqdim etdilər. Sonda filarmoniyanın direktoru Dilarə Zeynalova Bayburt valisi Hasan İpekə plaket təqdim etmişdir.
Festivalın açılış mərasimi Dədə Qorqudun şəhər mərkəzindəki xatirə abidəsinə əklil qoyulması ilə başlanmış, festival iştirakçıları Hökümət meydanına qədər yürüş etmişlər. Yürüşdə festivala qatılan Türkiyə, Azərbaycan, İndoneziya, Makedoniya, Qırğızıstan və Gürcüstanın rəqs qrupları və rəsmi nümayəndələri iştirak etmişlər. Şəhər əhalisi tərəfindən maraqla qarşılanan yürüş Hökümət meydanında Dədə Qorqud Festivalının açılışı ilə sona çatmışdır.
Açılış mərasimində Türkiyə Yazarlar Birliyinin fəxri sədri Mehmet Doğan, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, Bayburt millət vəkili Bünyamin Özbek, Gümüşhane millət vəkili Feramuz Üstün, Bayburt valisi Hasan İpek çıxış etmişlər. Açılış çıxışlarından sonra İndoneziya, Makedoniya, Gürcüstan, Qırğızıstan və Türkiyənin digər şəhərlərindən qatılan rəqs qruplarının ifaları olmuşdur. Sonda Azərbaycan Dövlət Uşaq Flarmoniyasının rəqs qrupu Azərbaycan xalq rəqslərini təqdim etmişlər.
Festival iyun ayının 7-nə qədər davam edəcək. |