Aprelin 26-da Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Bakı şəhərində görüşüblər. Onlar əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyində keçirilən "I Şah İsmayıl: sərkərdə və hökmdar" sərgisi ilə tanış olublar. Vurğulanıb ki, Azərbaycan Səfəvilər dövlətinin banisi olan I Şah İsmayılın Türkiyədə müsbət yöndə tanıdılması istiqamətində fəaliyyətlər genişləndirilməli, bu cür sərgilər orada da nümayiş olunmalıdır.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva ilə birlikdə görüş davam etdirilmiş, Eskişehirdən Azərbaycana türkiyəli tələbələrin səfərlərinin təşkil olunması, Azərbaycanın maddi və mənəvi irsinin yerindəcə yrənilməsi və tanıtımı üçün tələbə və gənc alimlər mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub. Fariz Xəlilli bildirib ki, 25 ildir ki müstəqil olan qardaş Azərbaycana Türkiyədən çox az sayda mədən irs sevərlərin səfərləri təşkil olunur, bu il ərzində heç 700 nəfər də təşkil etmir.
Mədəni irs karvanının işə salınması Türk dünyası mədəni dəyərlərinin tanınması və tanıdılması yolunda mühüm addım olacaqdır.
Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın 2015-ci il fəaliyyət hesabatını, Eskişehirlə bağlı xatirə hədiyyələri təqdim edib. Dərnəyin kitabxanasına Milli Azərbaycan Tarixi Muzeyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nəşrləri hədiyyə olunub.
İki təşkilat arasında bağlanmış niyyət protokolu əsasında münasibətlərin inkişaf etdirilməsi qərara alınmışdır. |