MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tələbələr arasında I Mədəni irs olimpiadası keçirib. Olimpiadanın sonuncu - III mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyilə 2013-cü il mayın 16-da keçirilib.
Qeyd edək ki, Olimpiadanın Elmi Komitəsi müraciət edən tələbə və gənclər arasından ikinci mərhələyə qatılmaq üçün 45 nəfər seçmişdi. II mərhələdə ekspertlər tərəfindən tərtib olunmuş 30 suala ən yaxşı cavab verənlərdən 17 nəfəri son mərhələdə iştirak edib.
Olimpiadanın məqsədi gənclərin milli mədəni irsimizin öyrənilməsinə marağının artırılması, intellektli gənclərin ictimaiyyətə təqdim olunmasıdır.
Olimpiadada ixtisasından asılı olmayaraq Azərbaycan Respublikasının ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrə şərait yaradılıb.
Bu barədə əvvəlcədən təhsil ocaqlarında yayılan elanda göstərilib ki, olimpiada ilkin seçim, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Yarımfinal və final mərhələləri test üsulu ilə keçiriləcək.
Suallar tanınmış alimlər, tarixçilər, mədəni irs mütəxəssisləri tərəfindən tərtib olunub.
Olimpiada vasitəsilə gənclər milli mədəni irsimizlə bağlı biliklərini sınaqdan keçirmək və bu sahədə yeni biliklər əldə etmək imkanı qazanacaqlar.
Olimpiadanın yekunları yaxın günlərdə elan olunacaq, qaliblər sertifikatlarla və dəyərli hədiyyələrlə mükafatlandırılacaq. |