AZE ENG
Facebook
Twitter Google Myspace
Məktəbli arxeoloqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar
1-12-2017

Noyabrın 24-də Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında məktəbli arxeoloqlar üçün  seminar təşkil edilmişdir. Tədbirdə gimnaziyanın 20 şagirdi, layihə rəhbəri Anar Əliməmmədov, layihənin eksperti Dr. Fariz Xəlilli və digər şəxslər iştirak ediblər. Görüşdə Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri Dr. Nasir Quluzadə məktəbli arxeoloqlara Milli Azərbaycan Tarixi Muzeyinin tarixindən, Arxeologiya elmi fond şöbəsinin fəaliyyətindən, arxeoloji materiallarla işləmə, onların bərpa və mühafizə üsullarından bəhs edən təqdimatla çıxış edib. Daha sonra məktəbli arxeoloqlar muzeyin arxeoloji ekspozisiyası ilə yaxından tanış olublar. Onları maraqlandıran suallara cavab tapıblar. 

Şamaxı və Ağsu rayonlarına təşkil ediləcək Arxeoloji ekspedisiyada iştirak edəcək məktəbli arxeoloqların seçilməsi üçün noyabrın  6-da elan edilmiş müsabiqəyə də yekun vurulub. Müsabiqəyə təqdim edilmiş esse, rəsm, foto və hətta kiçik videofilm əsasında ekspedisiyada iştirak etmək üçün 15 məktəbli arxeoloq müəyyənləşdirilib.

Bu həftə “Arxeoməktəb: Keçmişdən gələcəyə” kitab-kataloq üzərində işlər də başlanıb. Kitabın müəllifləri Dr. Fariz Xəlilli və Anar Əlməmmədovdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Arxeoməktəb: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsinin əsas məqsədi Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nəzdində “Arxeoməktəb Klubu”nu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji materialları toplamaq, arxeoloqlarla görüşlər keçirmək, məktəblilərə qədim tariximizi sevdirən arxeologiyanı sevdirmək, məktəbliləri Bakıya yaxın rayonlarda təşkil ediləcək düşərgələrə cəlb etməkdir.

 
Oxunub : 3791