19-21 mart 2018-ci il tarixində Ağsu rayonunun Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Festivalın təşkilatçıları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi, Ağsu rayonu İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata və Allprint şirkətləri təşkilati dəstək göstəriblər.
Əvvəlcə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün Prof.Dr. Kübra Əliyevanın təqdimatında dekorativ çətən (yerlilər “çığ” deyirlər) sənətini öyrətmək məqsədilə ustad dərsi keçilib. Dərsə məktəblilərlə yanaşı, yerli sakinlər və festivala gələn qonaqlar da qatılıblar. Azərbaycanın tanınmış keçə rəssamlarından olan Mehriban Əliyeva keçə sənəti üzrə ustad dərsi keçib, keçənin bəzək nümunəsi kimi hazırlanması üsullarını təqdim edib.
Festival meydanında qurulmuş sərgidə əvvəlki Tərəkəmə Çərşənbəsi festivalları zamanı Azərbaycan, Türkiyə və Gürcüstan fotoqraflarının çəkdiyi fotolar, qarışıq rəsm əsərləri, Nərgizava nekropolundan təsadüfən aşkar olunmuş arxeoloji materiallar, kənd sakinlərinin müxtəlif əl işləri, palaz və xalçalar, tərəkəmə alaçığı, yuxa və qutab bişirilməsi nümayiş olunub.
Festivalı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq Ağsunun ən böyük kəndi Gəgəlidə belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu festivalda Azərbaycanın yaradıcı kollektivləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya və İranın da müxtəlif folklor qrupları iştirak edirlər. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyini xatırladan Fariz Xəlilli “Tərəkəmə Çərşənbəsi” ənənəsinin də ümumdünya əhəmiyyətli folklor nümunəsi kimi qeydiyyata alınacağına inandığını bildirib. O, festivala dəstək verən qurumlara, o cümlədən ağsulu ziyalı şəxslərə minnətdarlığını ifadə edib.
Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Tərəkəmə Çərşənbəsi folklor festivalına uğur arzu edib, bundan sonra da festivala dəstək verəcəklərini bildirib. Kənd turizminin əhəmiyyətindən danışan Ənvər Seyidəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların iqtisadi və mədəni inkişafına dəstəyinin nəticəsi kimi kəndin su və yol probleminin yaxın zamanlarda həll ediləcəyini də kənd sakinlərinə elan edib.
AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Mustafayeva festivala İnstitutun direktoru, akademik Muxtar İmanovun təbrik məktubunu oxuyub və uğur arzulayıb. Türkiyə Cümhuriyyəti Qars Kafkas Univeristeti Kültür İdarəsinin müdiri Çetin Adıgüzel, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdousi Əskərov, Gürcüstan “Dostlar üçün Gürcüstan” Asossiasiyasının prezidenti Tamara Basilaşvili, İran Aşıqlar Birliyinin üzvü Ustad Arif Həmidi, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Prof.Dr. Kübra Əliyeva və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev festival iştirakçılarını salamlayıblar.
Festival iki gün boyunca bədii hissə ilə davam edib. Əvvəlcə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupunun məktəbli üzvləri maraqlı proqramla çıxış ediblər. İsmayıllı rayonunun Lahıc Folklor qrupu özünəməxsus ifa tərzi ilə lahıc folklorunu təqdim edib. Xüsusilə “Mən misgərəm” kompozisiyası tamaşaçıların marağına səbəb olub. Ağsu Xançoban folklor ansanblının musiqiçiləri bütün festival boyunca öz ifaları ilə seçiliblər. Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyorları xüsusi bayram proqramı ilə çıxış edərək Novruz adət-ənənələrini yenidən canlandırıblar, yerli sakinlərlə qarışaraq interaktiv şou göstəriblər. MİRAS Musiqi qrupunun üzvləri Ruslan Adgözəlov və Cahandar Mikayılovun ifasında xalq mahnıları səsləndirilib. MİRAS üzvlərindən ibarət "İncilər" qrupu memar, modelyer-rəssam Laləndər Novruzovanın milli geyim kolleksiyasından nümunələri, "Tərəkəmə" və "Yallı" rəqslərini xoreoqraf Rasimə Əhmədovanın quruluşunda, Gülşən Hüseynovanın təşkilatçılığı ilə təqdim edib. Milli geyim nümayişi MIRAS Musiqi Qrupunun rəhbəri Ruslan Adıgözəlovun muğam üstündə canlı "Sarı gəlin" ifası ilə müşayiət olunub. Türkiyə Cümhuriyyəti Qars Kafkas Univeristetinin müəllimi Çetin Adıgüzel Azərbaycan xalq mahnılarını ifa edib. Gürcüstan Respublikası Sameba ansanblı gürcü xalq mahnılarından ibarət geniş proqram, İlori Uşaq Folklor qrupunun üzvləri isə gürcü rəqsləri təqdim ediblər. İran Aşıqlar Birliyinin üzvü Ustad Arif Həmidi və qadınlardan ibarət dəf ansanblının ifası festivala rəng qatıb. Aşıq Amil Bicolu və Aşıq Rza tərəkəmələrin ruhunu oxşayan saz havaları ifa ediblər. Ağsu şəhəri Aslan Nadirov adına 1 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin şagirdləri bayramla bağlı hazırladıqları kompozisiyanı təqdim ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri hazırladıqları tamaşa, musiqi və rəqslərlə maraq oyadıblar, kənd sakinlərini proqrama cəlb ediblər.
Festival günlərində qonaqlar Ağsuda yerləşən AzGranata şirkətinin qida sənayesi zavodu ilə tanış olublar. Onları zavodun məhsullarını dequstasiya etməyə dəvət ediblər.
Qonaqlar daha sonra Azərbaycanın ən yaxşı konservasiya edilmiş arxeoloji abidələrindən olan Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olublar. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli onlara Ağsunun tarixi əhəmiyyətindən, qazıntıların nəticələrindən, gələcək perspektivlərdən danışıb.
MİRAS İctimai Birliyinin üzvü Nərgiz Qarayevanın hazırladığı milli oyunlar və yarışmalar proqramı yerli sakinlərlə qonaqların qaynayıb-qarışmasına səbəb olub. Onlar qolgüləşdirmə, kəndirdartma və yumurtadaşıma yarışlarında özlərini sınayıblar.
Yerli sakinlər və qonaqlar yaxınlıqdakı dağda çərşənbə tonqalı yandırıblar, şamal atıblar, arzu fənərləri buraxıblar. Oturma evlərində şam yeməyində Şirvan plovu yeyən festival iştirakçıları səhərə qədər oyaq qalaraq çillə çıxarıblar.
Martın 21-də səhər tezdən tərəkəmə çərşənbəsi tonqalı qalanaraq heyvanların iki od arasından keçirilməsi mərasimi izlənilib. Daha sonra oyaq qalan festival iştirakçıları özləri iki od arasından keçiblər.
Festivalın son günü bütün ifaçı, təşkilatçı və iştirakçılara sertifikatlar təqdim olunub. |