25-27 oktyabr 2018-ci il tarixdə Amasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri simpoziumu keçirilib.
Simpoziumda Türkiyənin Amasiya Universiteti, Konya Nəcməddin Ərbakan Universiteti, İstanbul Universiteti, Bursa Uludağ Universiteti, Çorum Hett Universiteti, İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Təhsil İnstitutu, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəbi, Qazax rayonu Aslanbəyli kənd Hacı Mahmud əfəndi məscidinin dini icması, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Beynəlxalq Yokoku Assossasiyası, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram teatrı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, İran Aşıqlar Birliyini təmsil edən alimlər və tədqiqatçılar iştirak ediblər.
Simpozium iştirakçıları ilk öncə Amasiya şəhərində yerləşən Həmzə Nigarinin türbəsini və Şirvanlı məscidini, Xocalı şəhidləri parkı və abidəsini ziyarət ediblər.
Simpoziumun Amasiya Universiteti Fənn və Ədəbiyyat fakultəsinin konfrans zalında baş tutan açılış mərasimində Simpozium Təşkilat komitəsinin həmsədrləri Dr. Mətin Haqverdioğlu və Dr. Fariz Xəlilli çıxış edərək iştirakçıları salamlayıblar. Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyinin sədri Atilla Yaprak Amasiyada yaşayan Azərbaycan əsilli türklərin iki ölkənin əlaqələri baxımından gördüyü mühüm işlərdən bəhs edib. Hər iki ildən bir keçirilən Simpoziumun bu baxımdan önəmli olduğunu bildirib. Prof.Dr. Şikar Qasımov Həmzə Nigarinin doğulduğu Laçının Cicimli kəndindən, Mir Həmzə Nigarinin Qarabağ sevgisi və həsrətindən danışıb. Siracəddin Babaoğlu Həmzə Nigarinin Azərbaycandakı nəslinin və ardıcıllarının adından çıxış edərək, onun həyat yolundan bəhs edib. Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram teatrının direktoru Dərbənd Azərbaycanlıları adından simpozium iştirakçılarını salamlayıb, Həmzə Nigarinin həyat yolunun səhnələşdirilməsinin vacibliyindən danışıb. Prof.Dr. Fateh Köksal ortaq türk dilinin yaranmasının əhəmiyyətindən və türk mədəniyyətinin təbliğində Həmzə Nigari simpoziumunun önəmindən bəhs edib. ADPU Şamaxı filialının direktoru, Dos.Dr. Tünzalə Yusifova III Beynəlxalq Həmzə Nigari simpoziumunun Şamaxıda keçirilməsindən və gələcək simpoziumlarda da universitetin əməkdaşlarının yaxından iştirakından danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ilində Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamları ilə ölkəmizdə görülən işlərdən bəhs edib.
Daha sonra bölmə iclaslarında Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti, Azərbaycan dili, Mir Həmzə Nigarinin dil və üslubu, tarixdə Azərbaycan-Türkiyə əlaqələri, incəsənət sahəsində Azərbaycan-Türkiyə əlaqələri, Azərbaycandan Türkiyəyə köçlər və tarix, ədəbiyyat, incəsənət sahəsində təsirləri, Mir Həmzə Nigari və incəsənət, İsmayıl Şirvani və təsəvvüf, amasiyalı Azərbaycan türkləri, Azərbaycan musiqisi və türk musiqisinə təsirləri, tarix, ədəbiyyat və incəsənət sahəsində tanınmış ortaq şəxsiyyətlər mövzularında məruzələr dinlənilmişdir.
Simpoziumun yekun iclasında V Beynəlxalq Həmzə Nigari Simpoziumunun Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcəyi elan olunmuşdur.
Oktyabrın 27-də Amasiya vilayətinin Suluova şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılmış MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Xançoban folklor ansamblı (Ruslan Adgözəlov, Pərviz Osmanov, Dadaş Məmmədov, Cahid Mikayılov, Elsevər Rəsulov, Elməddin Quliyev və Səriyyə Pirimova), xanəndə Fəridə Mirişova, İran Aşıqlar Birliyinin ustad aşıqları – Aşıq Səlcuq Şahbazi və Aşıq Arif Həmidi, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram teatrının aktyorları (Firdousi Əskərov, Yaqut Xandadaşova, Şükufə Məlikova, Kəmalə Rzayeva və Hörmət Aslanov) maraqlı kompozisiya və proqramla çıxış ediblər. Amasiya, Suluova, Merzifon, Tokat, Zilədən toplaşan tamaşaçılar zəngin konsert proqramını maraqla qarşılayıblar, qardaşlıq və dostluq şüarları səsləndiriblər. |