MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranmasından 9 il ötür. Birlik 2010-cu ilin yanvar ayının 6-da yaradılıb. Həmin il martın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Birliyin əsas məqsədi mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğinə kömək etməkdir. 9 il müddətində birlik çoxsaylı yerli və beynəlxalq layihələr həyata keçirib. 2010-cu ilin mart ayında MİRAS İctimai Birliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya Orta əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara başlayıb və yer altında zəngin mədəniyyətə malik şəhərin xarabalıqlarını aşkarlayıb. Həmin ərazidə Orta əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompleksi yaradılıb və birlik müqavilə əsasında həmin kompleksi idarə edir. Bununla yanaşı, birlik Nərgizava, Şıxməzid, Mehrəvan və Şamaxıdakı Gəgəli yaylağı abidələrində tədqiqatların aparılmasının təşəbbüskarı və dəstəkçisi olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi 6 layihə - “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” (2011), "Azərbaycanda tarixi-mədəniyyət abidələrinin mühafizəsi və təbliği: Mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr" (2013), "Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” (2014), “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasiına dəstək” (2015), "Kənd həyat tərzinin inkişafında qadınların rolu" (2016), "Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi" (2018), İslam Əməkdaşlıq Təşkilatının COMCEC bölməsinin maliyyələşdirdiyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi mədəni irs şəhərləri beynəlxalq arxeoloji-turizm layihəsi" (2014), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri çərçivəsində “Arxeoməktəb: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” (2017), “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” (2017), “Quzuçuyam, quzu məndə: Məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” (2017), “Məktəblilərin Girdiman bələdçi klubunun yaradılması və davamlı fəaliyyətinin təşkil edilməsi” (2018) layihələrinin həyata keçirilməsində MİRAS İctimai Birliyi üzvləri yaxından iştirak etmişlər.
Beynəlxalq simpozium, konfrans, sərgi və festivallar sahəsində geniş təcrübəyə malik MİRAS İctimai Birliyi beynəlxalq mədəni irs, turizm və elm çevrələrində də yaxşı tanınır, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
MİRAS İctimai Biirliyi son zamanlarda tərəkəmə həyat tərzinin öyrənilməsi, mühafizəsi və təbliğinə xüsusi diqqət yetirir. Türk mədəniyyəti ilə sıx bağlı olan bu etnoqrafik elementin təbliği məqsədilə "Tərəkəmə Çərşənbəsi" filmi (2011) çəkilmiş, Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalı (2015, 2016, 2018) və Tərəkəmələrin yurd görüşü (2017) keçirilmiş, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdində Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (2017) yaradılmış, Fariz Xəlilli, Sabit Abdullayev və Musa Musayevin həmmüəllifliyi ilə “Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru” kitab-kataloqu (2017) və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyası (2018) nəşr olunmuşdur.
Görülən işləri nəzərə alaraq MİRAS İctimai Birliyinin İdarə Heyəti 9 illik münasibətilə 2019-cu ili "Tərəkəmə ili" elan edir. İl ərzində qışlaqlara, yazlaqlara və yaylaqlara turların təşkil edilməsi, Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor festivalı, Tərəkəmələrin yurd görüşü, Tərəkəmə marafonu, Tərəkəmə Oyunları festivalı və s. tədbirlərin keçirilməsi planlaşdırılır. Bu məqsədlə MİRAS İctimai Birliyi maraqlı qrupları, media və özəl sektoru əməkdaşlığa dəvət edir. |