AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS İspaniyada keçirilən konfransda Azərbaycanı təmsil edib
23-9-2013

2013-cü il sentyabrın 18-21-də İspaniyanın tarixi Malpartida de Kaseres şəhərində I sOpA Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı keçirilib. Ənənəvi keçirilməsi planlaşdırılan konfransın əsas məqsədi dünyanın müxtəlif yerlərində, mədəni irs abidələrinin yerləşdiyi bölgələrdə aparılan işlərlə tanış olmaqdır. Konfrans İspaniya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Underground Archaeology (Yeraltı Arxeologiya) təşkilatı, Extramadura Universiteti Pedaqoji fakultəsi, Malpartida de Kaseres Şəhər Şurası tərəfindən təşkil edilib. Konfransda Argentina, Azərbaycan, Braziliya, Çili, Kolumbiya, İspaniya, İtaliya, Meksika, Portuqaliya kimi müxtəlif ölkələrin elm və mədəniyyət adamları iştirak ediblər.
Konfrans öz işinə “Arxeologiyada didaktika” tədris məşğələsi ilə başlayıb. Məktəblilərə tarixin, o cümlədən arxeologiyanın əyani vəasitlərlə və müasir üsullarla tədris yollarını göstərən məşğələ çox maraqlı keçməklə yanaşı, alimlər arasında geniş diskussiyalara da səbəb olub. Məşğələdə Malpartida de Kaseres şəhəri Los Arqos kollecinin şagirdləri iştirak ediblər. Yekunda məktəblilərlə görülən işlər qiymətləndirilib.
Merida Arxeologiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış “Səmadan xatirələr. Arxeologiyada aerofotoqrafiya” sərgisinin açılış mərasimi baş tutub. Müxtəlif aerofotoaparatlar vasitəsilə çəkilən fotoların sərgilənməsi ilə yanaşı, həyata keçirilmiş layihələr haqqında da geniş məlumat verilib.
Konfransın açılış mərasimində Extramadura vilayətinin və Malpartida de Kaseres Şəhər şurasının rəhbərləri, Underground Archaeology təşkilatının, eləcə də Cinetinere layihəsinin koordinatorları çıxış ediblər. Beynəlxalq sOpA konfransının şəbəkələşməsində maraqlı olduqlarını qeyd edən təşkilatçılar bunun üçün yaradılmış onlayn bazanı da nümayiş etdiriblər.
Konfransda Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edib. Professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və tədqiqatçı Şölə Bayramova “Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi Layihəsi” mövzusunda çıxış ediblər. Məruzəçilər MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi” layihəsini 2010-2012-ci illərdə həyata keçirdiyini qeyd ediblər. Layihənin əsas məqsədinin diqqətdən kənarda qalmış, geniş turist kütləsini öz təbiəti ilə cəlb etməyən, tarixi-memarlıq əsərləri yer üzərində qalmayan local Ağsu bölgəsində arxeoloji turizmi canlandırmaq olduğunu bildiriblər. Məruzədə layihənin əsas dörd mərhələdən keçdiyi (1 – Orta əsr Ağsu şəhərində arxeoloji tədqiqatların aparılması; 2 – Arxeoloji tapıntıların və şəhər tikililərinin konservasiya və bərpa edilməsi, sərgi kompleksin yaradılması; 3 – Turistlərin rahat ziyarətinin təşkil olunması, uyğun infrastrukturun yaradılması; 4 – Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin tanıdılması və təbliği), arxeologiya, etnoqrafiya, epiqrafika, numizmatika, memarlıq, kimya və digər elm sahələrində çalışan alimlər üçün önəmli olduğu kimi, layihədə iştirak edən yerli sakinlərə, ətrafdakı kəndlərin əhalisinə də əhəmiyyətli dərəcədə həm maddi, həm də mənəvi təsir göstərdiyi qeyd olunub. Layihənin nəticəsi kimi bölgəni və Orta əsr Ağsu şəhərini ziyarət edənlərin sayının bir neçə il ərzində xeyli artdığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Tədqiqatçı Arzu Soltan və fotoqraf Məmməd Rəhimovun Orta əsr Ağsu şəhərindən bəhs edən posteri də maraqla qarşılanıb.
Konfrans iştirakçılarında Azərbaycan haqqında çox səthi məlumatın olması azərbaycanlı iştirakçıların diqqətini çəkib, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və “Azərilmə” cəmiyyətinin nəşri olan kitab, broşür, jurnal və disklər sərgilənib.

 

Oxunub : 2775