AZE ENG
Facebook
Twitter Google Myspace
“Əlaəddin Sabit Bosnəvinin "Ədhəm və Hüma məsnəvisi” kitabı
28-4-2020

Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şəhla Xəlillinin “Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” adlı kitabı çapa təqdim olunub. Kitabda Ələddin Sabit Bosnəvinin həyat və yaradıcılığı və onun “Ədhəm və Hüma” məsnəvisindən bəhs olunur. Azərbaycanda ilk dəfə olaraq Sabitin əsərləri elmi tədqiqata cəlb edilib. “Ədhəm və Hüma” məsnəvisi altı nüsxə əsasında tekstoloji müqayisə edilərək transfoneliterasiya olunub. 

Balkanlarda yaşamış türk ədəbiyyatının görkəmli nümayəndəsi Əlaəddin Sabit Bosnəvi XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşamışdır. Təzkirələrdə və digər əski qaynaqlarda onun həyatı və yaradıcılığı haqqında məlumatlara rast gəlinir. Azərbaycan ədəbiyyatına gəldikdə isə Sabit haqqında ilkin məlumat onun “Külliyyat”ı haqqında Asiya Məmmədovanın 1961-ci ildə “Ələaddin Sabitin avtoqraf külliyyatı” adlı kiçik həcmli məqaləsində verilmişdir. İlk sistemləşdirilmiş məlumat isə filologiya elmlər doktoru, professor Azadə Musayevanın “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” XI Respublika elmi konfransının materiallarında nəşr olunmuş “Üziçeli Alaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdirilmiş bilgilər” adlı məqaləsində öz əksini tapmışdır.

“Ədhəm və Hüma” Əlaəddin Sabit Bosnəvinin yarımçıq məsnəvisidir. Məsnəvi minacatla başlayır. Daha sonra nət, meracnamə, Peyğəmbər və dörd xəlifəni mədh edən qəsidələri ilə davam edir. Bundan sonra əsl hekayə nəql olunur. Məsnəvi 

Həmd ana kim, olub müdəbbiri-ərş,

Etdi zilli-Hüma fəzlini fərş.

beyti ilə başlanır.

حمد اکه کیم اولوب مدبر عرش 

اتدی ظل هما فضلنی عرش

Halımız yoq duamız etməz əsər,

Yoxsa fəyyazda büxl nə gəzər. 

حالمز یوق دعامز اتمز اثر

یوخسا فیاضده بخل نه گزر

beyti ilə bitir.

Hekayənin qısa məzmunu belədir: “Bəlx şəhərində Ədhəm adında çox gözəl bir gənc varmış. Gənc gündüzləri səqqalıq (su paylayan) edər, gecələrini ibadətlə keçirərmiş. Gəncin bərbər olan bir dostu da bunu izlərmiş. Bir gün Ədhəm padşahın sarayına yaxın bir bulaqdan su doldurarkən pəncərədə bir qız görür, ona aşiq olur. Dərdini dostlarına deyəndə onlar bu qızın padşahın qızı Hüma olduğunu, məhəbbətinin ümidsiz olduğunu söyləyirlər”. 

Məsnəvi əruz vəzninin xəfif bəhrində, fəilatün, məfailün, fəilün qəlibində yazılmışdır. Salimin yazdığına görə bu məsnəvi Əlaəddin Sabit Bosnəvinin meydana gətirmək istədiyi “Xəmsə”nin ilk əsəridir. 

Sabit “Külliyyat”ının nüsxələrində kifayət qədər məqsədli və ya təsadüfi  xətalar, nöqsanlar mövcuddur. Mətnşünaslığın tələbləri nəzərə alınaraq bu nüsxələr müqayisəli şəkildə təhlil olunmuşdur. Əldə olunmuş əlyazma nüsxələri əsasında aparılan bu təhlil nəticəsində üzə çıxarılan faktlar elmi-tənqidi mətnin hazırlanması zamanı xüsusi əhəmiyyət ifadə edir.

Oxunub : 2710