Seyidəhmədli Günel Tofiq qızı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin dekan müavini,
Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ərazisi daim yadelli işğalçıların diqqətini cəlb etmişdir. Hərbi basqınlardan qorunmaq, ölkənin müdafiə qabiliyyətini artırmaq üçün ta qədim dövrlərdən başlayaraq, düşmən yürüşlərinə qarşı təbii maneələrin zəif olduğu yerlərdə, vadi və keçidlərdə süni maneələr "uzun divarlar”, sədlər tikilmişdir.
Hal-hazırda Azərbaycanın müxtəlif yerlərində qədim müdafiə sədlərinin qalıqlarına rast gəlmək mümkündür. Məqalədə bəhs olunacaq sədlər- "Beşbarmaq səddi”, "Gilgilçay səddi”, "Dərbənd səddi”, "Böyük Qafqaz səddi” və "Əsgəran səddi” Azərbaycan tarixi və memarlığının şanlı səhifələrdəndir.
Adları çəkilən sədlərdən "Beşbarmaq səddi”, "Gilgilçay səddi”, "Dərbənd səddi”, "Böyük Qafqaz səddi” Sasani imperatoluğu dövründə, təxminən III-VII əsrlərdə tikilmişdir. Azərbaycan torpaqlarının vahid dövlət – Sasanilər imperiyasının tərkibində olması mədəniyyətin inkişafında böyük rol oynamış və mədəni əlaqələr də öz növbəsində Azərbaycanının cənub və şimal vilayətləri arasında, etnik-siyasi birliyin yaradılmasına, sosial-iqtisadi əlaqələrin inkişafına əvəzsiz xidmət göstərmişdir.
Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının – maskutların, alanların, hun, sabir, xəzər və başqa türk tayfalarının Cənubi Qafqaz və İrana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər.
Beləliklə Sasani hökmüdarları Xəzərsahili keçidi bağlayan üç sədd tikdirmişdir. Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Bu sədlər başlanğıcını Qafqaz dağlarından götürərək Xəzər dənizinə qədər uzanırdı. Cənubdan şimala doğru uzanan və demək olar ki bir-birlərinə paralel yerləşən sədlər tikilmə materiallarına, dövrünə və uzunluğuna görə bir-birilərindən fərqlənirdi. Mənbələrə əsasən əvvəl Beşbarmaq, sonra Gilgilçay, sonda isə Dərbənd müdafiə səddi çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir. Nəhəng sərhəd istehkamlarının tikilməsi, əsasən, Albaniyanın ən varlı vilayəti olan Şirvanın hesabına təmin olunan böyük maliyyə vəsaiti və insan qüvvəsi tələb edirdi.
Cənubdan şimala doğru Xəzərsahili keçidini bağlayan birinci sədd Beşbarmaq səddidir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanan, qərbdən Beşbarmaq dağı, şərqdən gil divarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Uzunluğu 11,75 km olan sədd bir - birinə 200 m-lik məsafədə iki paralel divarla, çiy kərpicdən tikilmişdir.
Bəzi tədqiqatçılar Beşbarmaq sözünün tərkibindəki "barmaq” terminin "şiş təpə” mənası verdiyini, başqa bir fikrə görə isə "Baş barmaq” sözündən yarandığını qeyd edir. Xalq etimologiyasında "baş barmaq” böyük qardaş mənasını verir. Bəzi mənbələrdə isə bu sözün burada yaşayan "Bərmək” tayfaları ilə əlaqələndirildiyi göstərilir.
Tarixi mənbələrdə adı çəkilən "Musa qayası” da elə odur. Xalq arasında "Xıdır-zində baba” və yaxud "Xıdır-zində dağı” deyilən bu dağ haqqında Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm” kitabında yazır ki, "Quran”da adı çəkilən Məcməül-bəhreyn, yəni iki dəniz qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) da ordadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində ola bilər. A.Bakıxanov öz fikrini şərh edərkən başqa müəlliflərin də bu barədə elmi mülahizələrinə əsaslandığını qeyd edir. "Xızır-zində” adının tərkibindəki "zində” sözü "sağ”, "diri” mənasını verir, bu da qədim Şərq folklorunda tez-tez adı çəkilən "abi-zəmzəm” - "dirilik suyu” içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi məxəzlərdə Beşbarmaq zirvəsi Xızır peyğəmbərin səxrəsi (qayası) adlanır.
Xəzər dənizinə aid Kataloniya (İspaniyada tarixi vilayət) xəritəsində (1375) Beşbarmaq - "Barmaq”, Adam Olearinin xəritəsində isə "Barmax” kimi göstərilir. Dövrünün tanınmış alimi Adam Oleari 1636-cı ildə qırx dəvə, otuz araba, səksən atdan ibarət böyük bir karvanla Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan "Barmax” dağı haqqında çox maraqlı məlumat verir. Səyyah göstərir ki, dekabrın 24-də Beşbarmaq qayasının yaxınlığına çatdıq. O, buradakı orta əsr karvansarasını nəzərdə tutaraq yazır ki, biz bura çatan kimi dağın dibindəki "açıq” həyətə daxil olduq. Adam Oleari yerli əhalinin "karvansara”, "sığınacaq” adlandırdığı bu cür "həyətlərin” bu ölkədə lap çox olduğunu göstərir. Səyyah bunu da qeyd edir ki, bu "karvansara” kvadrat şəkilli böyük daşlardan tikilmiş çox qədim binadır. O, dördkünc formada tikilib və hər divarın uzunluğu 42 addımdır. Ertəsi gün əcnəbi qonaq bir neçə yoldaşı ilə Beşbarmaq dağına qalxır. Bununla əlaqədar olaraq səyyah ilk əvvəl bu dağın adının mənasını açmağa səy göstərir. Dağın Xəzər dənizindən iki muşket gülləsi məsafədə olduğunu göstərib belə yazır: Dağdakı köhnə divar uçuqlarının xarabalarına əsasən belə bir qənaətə gəlmək olar: burada güman ki, əlli bir bina və yaxşı istehkam varmış. Uca barmaq qayasının ətəyində əlli kvadrat sajen böyüklüyündə düz bir yer var ki, buranı qalın divarlar və dörd qüllə əhatə edir. Bu yerin ortasında daşdan hörülmüş çox dərin bir quyu, onun da yanında üstü böyük, dairəvi daşlarla örtülmüş iki qəbir var.
Səyyah deyilənlərə əsasən Beşbarmaq qalasının Makedoniyalı İsgəndər tərəfindən tikildiyini, Teymurləng tərəfindən dağıdıldığını göstərir. Holland səyyahı Yan Streys isə "Səyahət” kitabında yazır ki, ayın 5-də (1666-cı ilin) Parmax və ya Barmax dağının yanından ötdük: bu dağ dənizin yaxınlığında olub, ağ və qara petroliumun və ya neftin yerdən fəvvarə vurub axması ilə məşhurdur. Dağın başında olduqca soyuqdur. ...Bu dağın başında güclü qalalar varmış, Xəzər dənizini və ətraf torpaqları bu yandan qoruyarmış, hələ də enli divarların və dairəvi meydançaların nişanələri və özülü görünməkdədir, onların arasında qazıldıqdan sonra içi daşla hörülmüş quyular qalmaqdadır...
Alban tarixçisi Moises Kalankatlı isə Beşbarmaq səddinin Sasani padşahı II Yezdəgirdin dövründə (V əsr) çəkildiyini göstərir hansı ki, tarixçilər daha çox bu versiyanın üzərində dayanır.
Gilgilçay səddi Dərbənd keçidində tikilmiş "Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisi və cənubdan şimala uzanan Xəzərsahili keçiddə ikinci səddir. Əgər Dərbənd səddi ölkənin şimal sərhədində idisə Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Gilgilçayın səddinin divarları Xəzər dənizindən başlayaraq Babadağ zirvəsinə doğru 60 km məsafəyəcən uzanıb. Səddin tikilmə tarixi müxtəlif mənbələrdə müxtəlif göstərilib. Bu müdafiə istehkamı haqqında ilk məlumat verən ərəb tarixçisi Əl-Bəlazuri (IX əsr) "Kitab Fütuh Əl-Buldən” - ("Ölkələrin fəthi” kitabı) adlı əsərində yazır ki, Sasani şahı Firuzun oğlu Qubad (V-VI əsr) Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən (Ərəbdilli qaynaqlarda "Sur ət -Tin” adlandırılır) sədd tikdirdi.
A. Bakıxanov "Gülüstani-İrəm” kitabında qeyd edir ki, bu sədd "dənizdən başlayıb... Əlixanlı (ehtimala görə, əslən Alğonlu olmuş) kəndinin üst tərəfindən keçərək Çıraq qalasına bitişir. Oradan da üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaqkəndin üstündən Baba dağına doğru gedir. Fransız rahibi Vilhelm Rubruk (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, "biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən sədd gördük”.
Ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-ci illər) əvvəl də Kaspisahili müdafiə sədləri olub. Bərmək səddindən 23 km şimala Abzud-Kavad adlanan divarlar Gilgilçay boyunca uzanıb gedir. Bunların yanında Şaporan (Şabran) şəhəri yerləşirdi. Əvvəllər Sasanilərin I Şahpurun (241- 274-cü illər) hakimiyyəti dövründə möhkəmləndirilmiş, həmin rayonlara gəlmişlər. Bu barədə Nəqşi-Rüstəm lövhələrində yazılıb: "Şahlarşahı I Şahpurun adamları və atları Alban qapılarına gəlib çatmışdı".
Tədqiqatçı alim Əsgər Əliyev öz araşdırmalarında K.B.Treverə əsaslanaraq qeyd edir ki, Gilgilçay müdafiə səddi II Yezemgerdin (II Yezdəgird) vaxtında tikilmişdir. Bəlkə də şahənşah Perezun (459-484-cü illər) vaxtında tikilib başa çatdırılmışdır. Baba dağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir. Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Bu böyük, uzun səddin mərkəzində iki böyük şəhər - qala yeri diqqəti cəlb edir. Gilgilçay səddi dörd hissədən ibarət olmuşdur. Hər 30-35 m məsafədə bürc və ya qüllə ucaldılmışdır. Səddə ən böyük bürcün hündürlüyü 4,7 m, eni isə 7,2 metrdir. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilmişdir.
Soykökümüzün yorulmaz tədqiqatçısı, mərhum alimimiz Mirəli Seyidov "Azərbaycan xalqının soykökünü düşünərkən” adlı kitabında (Yazıçı-1989) yazır ki, "Azərbaycan xalqının soykökündə duran qəbilə birləşmələrindən biri Siraq (Şiraq) SİR-lərdir. Bu qəbilə birləşməsi Saqlar, Varsaqlar, Oğuzlarla qohum qəbilə birləşməsi olmuşdur. Böyük imperiyası olan, Orta Asiyadan, İtil çayı sahillərindən tutmuş Qafqaza kimi geniş bir ərazidə ağalıq etmiş siraqlar Qafqazın ictimai-siyasi həyatında mühüm yer tutmuşdur. Siraqın adına, bu adlı qəbilə birləşməsinə eradan qabaq və eranın VII-VIII yüzilliklərinə kimi yunan qaynaqlarında, Orxon-Yenisey və başqa abidələrdə rast gəlirik”. Sonra müəllif elmi izahlarla sübut edir ki, azərbaycanlılar "siraq”, "şiraq”, "çıraq” da demişlər. Deməli, öz kökü ilə türkdilli olan "siraq”, "şiraq”, "çıraq” sözü "işıq buraxan”, "şüa buraxan” deməkdir. Bütün bunlar Çıraqqalanın adının qədim türk tayfalarının adı ilə bağlılığını göstərir.
Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı hesab edilən bu qala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi.
El yaddaşında qalan söz-söhbətlərə görə şimaldan hər hansı bir təhlükə gözlənilən vaxt çaparlar bunu qaladakı gözətçilərə xəbər verər, bu zaman qalanın ən uca bürclərində tonqal, od, çıraq yandırarmışlar. Ətraf yurd-obada yaşayan camaata da agah olarmış ki, təhlükə var... Beşbarmaqdan, Şabrandan tutmuş Dərbəndəcən bu çıraq işarə, siqnal rolunu oynar, əhalini gözlənilən təhlükəyə qarşı ayıq-sayıq salarmış.
Hündür qaya üzərində tikilmiş bu qala qədim Şirvanın uzaq yerlərini görməyə imkan verməklə yanaşı həm də çox münasib müdafiə imkanlarına malikdir. Memarlıq baxımından da Çıraqqala nadir sənət incisidir. Çıraqqala mərkəzi qala da daxil olmaqla on yeddi bürcdən ibarətdir. Düzbucaqlı formasındadır. Qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilmişdir. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Bütün qala divarı boyu keşikçilərin daldalanması üçün mətərislər, müdafiə, istehkam qurğuları qalmaqdadır. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan və başqa əlamətlərdən görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən yığılıb süzülürmüş. Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın zirvəsində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, siqnal - işarə məqsədi ilə tikilib.
Burada dayanan yurdun əsgər övladları-keşikçiləri bir tərəfi Dəmirqapı Dərbənddən bir tərəfi Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya bilirmişlər. Memarlıq namizədi Ö.Qoçulu Çıraqqalanın baş bürcünün çox maraqlı quruluşa malik olmasını qeyd edərək yazır ki, bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Belə bir fənd çox güman ki, eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşunu yaratmaq üçün qurşaqvari zolaqlardan istifadə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid bu tarixi abidənin əhəmiyyətini nəzərə alaraq "Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında 2019-cu il 13 mart tarixində sərəncam imzalamışdır.
Beşbarmaq və Gilgilçay sədləri "Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Dərbən səddi Xəzərsahili keçiddə birinci, cənubdan şimala doğru uzanan sədlər sırasında isə üçüncüdür. Dərbənd səddinin başlanğıcı Xəzər dənizinin sahilboyu düzənliyindən ibarət dar keçiddən başlayır. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən "Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda "Xəzər qapısı”, "Alban qapısı”, "Hun keçidi”, "Qafqaz qapısı”, "Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.
Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.
Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin nəzərəçarpan uğuru idi. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi.
V əsrdə Sasani hökmdarı II Yezdəgird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi. Dərbəndin daş divarı I Xosrov Ənuşirəvan (531-579-cu illər) dövründə tikilməyə başlanmış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.
VI əsrdə Sasanilər dövlətinin şimal sərhəddindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr ərzində – V əsrin ortalarından VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində İran torpaqlarına ardı-arası kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikdirmişdirlər.
VII əsr alban müəllifi Moisey Kalankatlı "Böyük Çoğa (Dərbənd) şəhərinin əzəmətli divarlarından, fars hökmdarlarının Qafqaz dağları ilə Şərq dənizi arasındakı keçidi tutmaq məqsədilə möhkəm istehkamlar tikmək üçün memarlar toplanmasına və çoxlu materiallar axtarılıb tapılmasına böyük vəsait sərf edərək, ölkəni əldən salmasından” danışır.
VIII əsr tarix əsərində xəbər verilir ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, "bu işə öz xəzinəsindən çoxlu talant sərf etmişdi”.
Əl-İdrisi əl-İstəxridən və İbn Havqəldən iqtibasla Bab əl-Əbvab liman şəhərini belə təsvir edir: "Bab əl-Əbvab Xəzər dənizi sahilində çox böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmişdir və limanın sahibinin icazəsi olmadan buraya heç kəs nə girə, nə də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildən tikilmişdir... Orada böyük miqdarda istehsal edilən kətan parçadan Arran, Ərməniyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir”.
Əhali İçqala adlanan hissədə Sasanilər dövründə və XI əsrin sonu – XII əsrdən daha intensiv şəkildə məskunlaşmışdır. Kompleksin çox böyük olması, içqalanın ən əlverişli yerində yerləşməsi, binanın divarlarının orta əsrlər Dərbənd memarlığı üçün son dərəcədə nadir hal olan bişmiş kərpicdən tikilməsi və memarlıq abidəsinin qalıqlarını XII-XIII əsrlər Dərbənd xanının sarayı ilə eyniləşdirməyə əsas verir. Dərbənd qalası bir müddət Quba xanlığından asılı olmuşdur. Həmin dövr qubalı Fətəli xanın dövrünə düşür.
Qafqazda Dərbənd səddinin, Qaradəniz sahilində Abxaz səddinin məşhur olmasına baxmayaraq, müqayisədə ən uzunu Böyük Qafqaz səddidir.
Azərbaycanın şimal-qərb bölgəsi tarixən çox zəngin mədəni irsə sahib olmuşdur. Bölgənin qərbində sonuncu rayon olan Balakən (Zaqatala, Qax və Şəki rayonları da eynilə) arxeoloji cəhətdən az öyrənilsə də buradakı yerüstü abidələr: Alban məbədlərinin, qalaların, sədd və istehkamların çoxluğu burada çox zəngin tarixi, mədəni irsin bu gün də qalmaqda olduğunu deməyə əsas verir.
Balakən rayonunda ən böyük kəndlərdən biri olan Katex kəndində tarixi abidələr daha zəngin və daha qədimdir. Burada yerləşən tarixi abidələrdən ən möhtəşmi İran mənbələrində "Kala Sur” (yəni- "Nəhəng Sədd”, "Böyük Divar”) adlanan Böyük Qafqaz Səddidir. XIX yüzilliyin əvvəllərində Rusiyanın Azərbaycanın bu bölgəsini də işğal etməsindən sonra XIX əsr rus və sonrakı Sovet tarixi ədəbiyyatında həmin müdafiə qurğusu "Zaqatala Səddi” adlandırılmışdır. Təəssüf ki, bu möhtəşəm tarixi abidəmiz az tədqiq olunmuş və tarixi ədəbiyyatlarda az işıqlandırılmışdir.
Mənbələrin məlumatına görə uzunluğu 120 km, hündürlüyü isə 6 metrədək, bəzi yerlərdə isə 8 metrədək olan Səddin qalıqları bu gün Balakən rayonunun Katex kəndində, qismən də Zaqatala rayonunun Muxax kəndində qalmaqdadır.
Əsrlər boyunca çox az dağıntılara məruz qalmış bu Sədd, 1847-ci ildə qəddar rus generalı Şvarts tərəfindən ən ciddi dağıntıya məruz qalıb. Belə ki, həmin gün Zaqatala qalasına köməyə gələn general Şvarts bu Səddin yaxınlığında yerli sakinlərlə Şeyx Şamilin birləşmiş dəstəsi ilə döyüşdə ağır məğlubiyyətə uğramış və bu biabırçı "məğlubiyyətin heyfini” yerlilərin səngər kimi istifadə etdiyi bu Səddən çıxmış, onun xeyli hissəsini dağıtmışdır. Knyaz N.A.Volkonskinin həmin dövrdə yazdığı raportda bu barədə ətraflı məlumat verilib.
N.A.Volkonskinin məlumatına görə, Katexdəki qədim Sədd Katex çayınadək 5 km məsafədə tam salamat olub və 1847-ci il may ayının 5-də Şvartsın dəstələri ilə Şamil arasında baş vermiş döyüşdən sonra bu sədd rus əsgərləri tərəfindən dağıdılmağa başlanmışdı. 1847-ci ildə general Şvartsın Balakən dairəsindən başqa yerə göndərilməsi barədə əmrin verilməsi, bu Səddin tamamilə dağıdılmasının qarşısını aldı.
E.A.Paxomov da bu səddin tarixini araşdırmış və onun VI yüzillikdə şimaldan hücum edərək, İranın içərilərinədək gedib çıxan türklərin hücumlarının qarşısını almaq üçün Sasani hökmdarı Xosrov tərəfindən tikildiyini yazırdı. XIX yüzillikdə bir çox səyyahlar, tədqiqatçılar və bölgədə xidmət etmiş rus zabitləri, o cümlədən, A.Poserbski, Fon-Plotto, K.F.Qan, K.Nikitin, A.S.Xaxanov da bu möhtəşəm tarixi abidə ilə maraqlanmışlar.
Həmin dövr müəlliflərinin məqsədli, yaxud məqsədsiz bir yanlışlıqları var idi: bəziləri bu Səddin Makedoniyalı İsgəndər, bəziləri isə gürcü çarıçası Tamar tərəfindən tikildiyini yazırdılar.
E.A.Paxomovun fikrincə, Səddin yanında bitən çox nəhəng ağaclar, dərələr qarşısında müxtəlif müdafiə qurğuları olan qüllələrin olması, onun çox böyük əhəmiyyəti olduğunu deməyə əsas verir.
XIX yüzillikdə "Böyük Qafqaz Səddi”nin tarixini və təyinatını müəyyən etməyə çalışanlardan biri də K.Nikitin olmuş və o da abidə ilə bağlı maraqlı fikirlər irəli sürmüşdür. Onun fikrinə görə, dərə və dağ cığırlarının qarşısında qüllə və digər müdafiə qurğularının tikilməsi şimaldan dağ və dərə yolları ilə Yelisen düzənliyinə (Şimal-Qərbi Azərbaycan bəzən belə adlandırılırdı-M.A.) gələn, buraya hücum edən axınların qarşısını almaq üçün idi.
226-cı ildə İranda hakimiyyətə yiyələnmiş Sasanilər daha sonra Cənubi Qafqazı da ələ keçirdikdən sonra, buradakı yerli əhali ilə yaxın və qohum olan hunların, sabirlərin, Xəzərlərin buraya axınları xeyli artmışdı. Onlar yerli əhali ilə birləşir və Sasanilər üçün ciddi təhlükəyə çevrilirdilər. Buna görə də Sasani hökmdarı Qubad (hakimiyyət illəri 488-531) və Xosrov Ənuşirəvan (hakimiyyət illəri 531-579) bu cür yürüşlərin qarşısını almaq üçün tədbir görməyə, Səddlər çəkdirməyə, qalalar tikdirməyə, burada hərbi qarnizonlar yerləşdirməyə məcbur olmuşlar. Azərbaycanın şimal-qərb bölgəsindəki "Böyük Sədd” məhz bu dövrdə tikilmişdir.
X əsr ərəb müəllifləri İbn-əl-Fəqih və əl-Bəlazuri də bu Sədd haqqında məlumat vermişlər ki, təkcə bu fakt bəhs etdiyimiz Səddin X əsrdən daha əvvəl tikildiyini sübut edir. Əl-Bələzurinin "Fəth Buldun (Ölkələrin fəthi) kitabında yazır ki, "bu sədd Şahkidən İbiriyanın içərilərinə qədər (yəni Şəkidən İberiyaya qədər) uzanır. Bab-ül-Əbvabdan (Dərbənddən) Bab-Alanadək (Alan keçidi, Alan qapısı) olan ərazidə Sasanilər 360-adək qala tikdirmiş, Nəhəng Sədlər inşa etdirmişdilər.
Azərbaycan alimlərindən A. Ələsgərzadə 1936-cı ildə SSRİ EA-nın Azərbaycan SSR Filialı tərəfindən bölgəyə Səddin tarixini araşdırmaq üçün göndərilmişdi. Azərbaycanın şimal müdafiə istehkamlarını araşdıran tədqiqatçı F.Qədirov da Sədd barədə apardığı araşdırmanın yekunu olaraq, daha öncə qeyd etdiyimiz fikrin doğruluğunu qeyd edib.
Səddin sonuncu, ən məşhur tədqiqatçılarından biri tanınmış rus alimi E.A. Paxomov olmuşdur. O, 1950-ci ildə qarış-qarış bu bölgəni gəzib, yaşlı sakinlərlə söhbət edib və belə qənaətə qəlib ki, bu abidə sözügedən bölgə üçün olduqca əhəmiyyətlidir. Cənubi Qafqazın ən uzun səddi bəzi mənbələrdə "İskəndər səddi" kimi də qeyd edilir". Eyni zamanda Paxomov yazır: "Misir tarixi üçün ehramların böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var.
Şuşanın təxminən 24, Xocalının 5 km-liyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşən və xalq içində "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.
Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.
Ermənistanın azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir çox abidələr kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Azərbaycan abidələrinə erməni təcavüzü bir neçə yolla həyata keçirilir: 1. Erməniləşdirilmə – qonşu xalqların abidələrini mənimsəyərək öz abidələri kimi təqdim etmək. 2. Mədəniyyət və arxeoloji abidələrə qarşı terrorizm – abidələrin dağıdılması və məhv edilməsi.
Əsgəran qalası indi erməni işğalı altında olmaqla yanaşı, həm də erməniləşdirilməyə də məruz qalıb. Belə ki, Şaqen Mkrtçyanın "Историко-архитектурные памятники Нагорного Карабаха" (Dağlıq Qarabağın tarixi – memarlıq nümunələri) adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd-Əsgəran kimi göstərilir. Qalanın adının necə yarandığını açıqlayan müəllif onun orta əsr erməni kəndi olan Mayraberd kəndi yaxınlığında salındığından kəndin adı ilə Mayraberd, qoşunların dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirir. Qalanın adına gəldikdə, məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinməyib. Qalanın adının ikinci hissəsinə gəlincə isə Əsgəranı rus variantında Askeran səsləndirən müəllif açıq şəkildə saxtakarlığa əl atdığını biruzə verir, Əsgəran sözünün mənşəyinə gəldikdə isə "Azərbaycan toponimləri. Ensiklopedik lüğət"də toponim XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın (digər məlumata görə Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski – "qədim", "köhnə" sözündən və Arran etnonimindən ibarət olduğunu yazır: "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".
Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778-1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfindən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərir.
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlıın, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində müəllif qeyd edir: "Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir. (Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir - qeyd Nazim Axundovdandır). Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə vardır. Düşmən oradan keçib qalaya gələ bilməz.
Bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülm və talan etmək fıkri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz. Mərhum İbrahim xan həmin vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi". Mirzə Vəli bəy Baharlının "Əhvalati-Qarabağ" əsərində qalanın salınması Pənah xanın adı ilə bağlanır:"...Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fıkrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi digər tərəfdə təmir olub, həmin qalaçaları təmir elədib və bir cəm qoşun həmişə qalalarda durarmışlar". XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı əsərində yazırdı: "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir". Bu faktı Y.A.Paxomov da təsdiqləyir: "Qala İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən hicri təqvimi ilə təqribən 1172-1174-cü illərdə (miladi 1750-1760) tikilmişdir".
|