Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsini avqust ayının 1-dən həyata keçirməyə başlayıb.
Layihənin əsas məqsədi Şuşada aparılmış arxeoloji, etnoqrafik, epiqrafik, numizmatik və paleoqrafik tədqiqatların dağınıq halda olan hesabatlarını bir yerə toplamaq, iki dildə nəşrə hazırlamaq və nəşr etmək, Britaniyada yerləşən Orta Əsrlər Sonrası Arxeologiya Cəmiyyəti ilə Şuşa şəhəri üçün əməkdaşlıq etmək, ilkin mərhələdə həmin cəmiyyətin nəşrlərində məqalə və ya kitab nəşr etmək, 2022-ci ilin noyabr ayında Şuşa şəhərində “Abidələr və Tarixi Yerlər Dördüncü Beynəlxalq Şuşa Simpoziumu”nu keçirməkdir.
Layihənin planlaşdırılması mərhələsində ekspertlər müəyyən edilib, könüllülər cəlb edilib, onların iştirakı ilə fərdi qaydada işçi görüşlər keçirilib. Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, onun Şuşa filialı, Milli Arxiv İdarəsi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna fond və arxivlərində araşdırma aparılması üçün müraciət olunub. Xarici səfərlər - Gürcüstan, Rusiya, Almaniya, Fransa, əlavə olaraq İtaliya və Macarıstan ilə yazışmalar aparılıb. Yaxın günlərdə Şuşa şəhərində xüsusilə epiqrafik araşdırmanın aparılması planlaşdırılıb, mütəxəssislər müəyyən edilib. Görülən işlərlə yerli və xarici ictimaiyyəti tanış etmək üçün Feysbukda "Şuşanın tarixi-mədəni irsi" səhifəsi yaradılıb.
Avqustun 11-də layihənin ekspertləri və könüllüləri Milli Azərbaycan Tarixi Muzeyinin akt zalında növbəti toplantı keçiriblər. Əvvəlcə Qarabağ xanlığına məxsus əşyaların nümayiş olunduğu sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan maddi-mədəniyyət nümunələrinin böyük bir hissəsi araşdırmada öz yerini alacaq. Toplantıda ekspertlər - arxeoloq Prof.Dr. Qafar Cəbiyev, epiqrafçı alim Dos.Dr. Həbibə Əliyeva, etnoqraf Dos.Dr. Gülzadə Abdulova, numizmat Dos.Dr. Aygün Məmmədova, mətnşünas Şəhla Xəlillinin layihə üzrə planları müzakirə olunub, tədqiqat üsulları və mərhələləri təsdiq olunub. Layihəyə qoşulan könüllülərin görəcəkləri işlər barədə məlumat verilib.
|