Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsi çərçivəsində 19 aprel 2023-cü il tarixində Varşava şəhərində görüş keçirilib. Görüşdə layihənin təşkilatçıları, tərəfdaş ölkələr olan Qazaxıstan və Azərbaycan tərəfinin nümayəndələri iştirak ediblər. Azərbaycan tərəfini Varşavada Azərbaycan Turizm və Menecment Universiteti və Xəzər Universitetinin nümayəndələri təmsil edib. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və İdarə heyətinin üzvü Məleykə Hüseynova layihənin tərəfdaşı kimi görüşə onlayn formada qoşulub.
Görüş zamanı 2021-ci ildən etibarən layihə çərçivəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, əməkdaşlığın inkişaf etdirilməsi yolları, növbəti layihə dövrü üzrə planlaşdırılan tədbirlər və s. müzakirə olunub. Layihənin Azərbaycan tərəfindən hər 3 tərəfdaşı ayrı-ayrı təqdimatla çıxış ediblər. Layihə təşkilatçıları tərəfindən tərəflərin gördüyü işlər və əldə olunan nəticələr yüksək qiymətləndirilib və layihənin davamlılığının təmin olunması, daha uğurlu şəkildə həyata keçirilməsi üçün lazımi tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi PİCASP Layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə 13 mövzu üzrə seminar, 5 istiqamət üzrə tanışlıq turları, 2 mövzuda sertifikatlı təlim və 4 istiqamət üzrə ekspedisiyaların təşkili, həmçinin Azərbaycan və Qazaxıstan mədəni irsi ilə bağlı kitabın nəşr olunması, müvafiq mvözularda açıq ödənişsiz onlayn kursların (MOOCs) hazırlanması planlaşdırılır.
|