AZE ENG
Facebook
Twitter Google Myspace
Həbibə Əliyeva

Əliyeva Həbibə Mirpaşa qızı 13.01.1962-ci ildə  Şamaxı şəhərində  anadan olub və orta təhsilini həmin rayonun orta məktəbində alıb. 1980-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 29 saylı peşə məktəbdə orta təhsilini davam etdirdikdən sonra, ixtisasa uyğun olaraq 1983-cü ildən Bakı Neftayırma zavodunda işləyib.

1987-ci ildə ali təhsil almaq məqsədi ilə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin axşam şöbəsinə daxil olub. Həmin zavodda işləməklə yanaşı, 1993-cü ildə ali təhsilini müvəfəqiyyətlə başa vurmağa nail olub.

1997-ci ildən AMEA Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi kimi iş fəaliyyətini davam etdirib. O həm də epiqrafika elminə olan marağına görə elmi işlə məşgul olub. Bu sahədə  1999-cu ildə AMEA-nın nəzdində olan “Elm” qəzetində ilk məqaləsi nəşr olunmuşdur. 2000-ci ildə Muzeyin elmi şurasinda ona namizədlik  dissertasiyası işi ilə bağlı məşhur epiqrafçı-alim Məşədxanım Nemətin elmi rəhbərliyi ilə “Orta əsr metal əşya kitabələri” adlı mövzu verildi. Tədqiqat işini genişləndirmək niyyəti ilə MATM, MAİM və şəxsi kolleksiyalarda saxlanılan çoxsaylı metal əşyalar üzərində elmi araşdırmalar aparmağa  başlayıb. Bu işi doğrultmaq məqsədi ilə 2004-cü ildə isə dissertasiyanın mövzusu A.Bakıxanov adına Tarix İnistitutundakı koordinasiya şurasında “Orta əsrlərə aid metal əşyalar üzərindəki ərəb və farsdilli kitabələr” adı ilə təsdiqləndi.  Elmi işlə yanaşı həm də 2004-cü ildən Muzeyin Ekspozisiya təhlükəsizlik qrupunun rəhbəri vəzifəsi ona həvalə olundu. Bu çətin və məsuliyyətli işlə yanaşı Muzeyin ictimai işlərində yaxından iştirak edib və həmçini bir neçə il Muzeyin Həmkarlar Təşkilatının üzvü kimi çalışıb.

2005-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində aparılan əsaslı təmir və bərpa işlərindən sonra ekspozisiyanın yenidən qurulmasında yaxından iştirak edib. 2007-ci ilin dekabr ayında sona yetən əsaslı təmir və bərpa işləri ilə yanaşı dünya standartlarına cavab verə biləcək bir ekspozisiyasının olması üçün Muzeyin kollektivi ilə birgə çalışıb.

2008-ci ildən öz qonaqlarını qəbul edən Muzeydə həm də müxtəlif mövzularda təşkil olunan sərgi, respublika və beynəlxalq konfranslarda yaxından iştirak edərək, elmi məruzələr ilə çıxış edib. 2009-cu ildə rəhbərlilik ona daha məsul olan işi- Ekspozisiyanın Təhlükəsizliyi üzrə direktor müavini vəzifəsini həvalə etdi. Hal-hazırda bu işin öhdəsindən   layiqincə gəlməklə yanaşı, elmi tədqiqt işini də davam etdirir.

2009-2019- cu illər ərzində xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda (Türkiyə Cumhuruyyətinin Afyonkarahisar, Kayseri, Konya, Ankara, İstanbul, Bursa, Antalya, Çorum, Alanya, Ahlat , Aydın  şəhərlərində, İspaniyanın Madrid, Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanası, Gürcüstanın Tbilisi, İtaliyanın Milan və BƏƏ–nin Dubay, Bosniya və Herseqovinanın Sarayevo, Böyük Britaniyanın Kembric Universiteti, Makedoniyanın Ohrid və Vodiçi şəhərlərində, Rumıniyanın Konstance şəhərində) Azərbaycanın tarixi gerçəklikləri və epiqrafik materiallar əsasında elmi məruzələr ilə çıxış edib.

Muzeydəki səmərəli və məsuliyyətli fəaliyyətinə görə, AMEA-nın  60-illiyi ilə əlaqədar 2005-ci il dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə  və Azərbaycan Respublikasının  Prezidentinin 2010-cu il  22 noyabr  tarixli  1206 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2010-cu ildə Arxeologiya və Etnoqrafiya İnistitutunun təşkil etdiyi ekspedisiyada - orta əsr Ağsu şəhərində başlayan arxeoloji qazıntılarda yaxından iştirak edərək, şəhərin ətrafındakı qəbirstanlıqlarda olan çoxsaylı məzar daşları üzərindəki epiqrafik kitabələrin ilk dəfə  tədqiqinə başlamış və 2013-ci ildə bu işi uğurla yerinə yetirib.

1999-ci ildən elmi fəaliyyətlə məşğul olan H.M. Əliyevanın indiyədək 100 -dan artıq elmi və elmi-populyar məqaləsi dərc olunmuş, 2014-cü ildə “Azərbaycanda orta əsrlərə aid metal əşyalar üzərində ərəb-fars-türkdilli kitabələr” mövzusunda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi namizədlik dissertasiyasını müdafiə edib.

2017-ci ildə isə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı  tərəfindən  keçirilmiş  rəy sorğusuna görə uluöndər H.Əliyevin ideyalarının həyata keçirilməsndəki fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə   “İlin Nüfuzlu Ziyalısı” Ali media mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən ona 04 aprel 2018-ci il tarixli (protokol № 10-К) qərarı ilə Arxelogiya ixtisasi üzrə  Dosent elmi adı vermişdir.

2019- cu il tarixindən elmlər doktoru hazırlığı üzrə təqdim olunan “Şirvanın memarlıq və memorial epiqrafik abidələri tarixi qaynaq kimi (XI – XX əsrlərin əvvəlinə aid ərəb-fars-türkdilli kitabələr )” adlı dissertasiya işi Muzeyin elmi şurasinda təsdiq olundu və bu adda mövzunun ilk  tədqiqatına  başlanılmışdır.

Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsində və tariximizi təbliğ etmək məqsədilə beynəlxalq elmi  konfransların təşkili  və epiqrafika elminin inkişaf etməsi üçün yeni elmi tədqiqat işləri üzərində çalışır.

 

 

Oxunub : 1870