23 may 2023-cü ildə Xəzər Universitetində Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP - “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar” layihəsi çərçivəsində görüş keçirilmişdir. Layihənin Azərbaycan üzrə tərəfdaşlarından olan Xəzər Universiteti və MİRAS İctimai Birliyinin nümayəndələrinin (İqtisadiyyat və Menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, İqtisadiyyat və menecment departamentinin koordinatoru Bahadur Baysal, MİRAS İctimai Biriyinin sədri Fariz Xəlilli, Birliyin İdarə Heyətinin üzvü Məleykə Hüseynova) iştirakı ilə keçirilən görüşdə Layihənin hazırki vəziyyəti, gələcək planlar, xüsusilə MOOCs və Təcrübi müəssisələrin tətbiqi ilə bağlı görülmüş işlər və nəzərdə tutulan məsələlər, bu sahədə qarşılıqlı əməkdaşlıq və dəstək istiqamətləri müzakirə olunmuşdur. Universitetdə MOOCs və Təcrübi Müəssisələrin yaradılmasının gələcəkdə verəcəyi faydalar və müvafiq sahələrdə kadr potensialının inkişafında gətirəcəyi üstünlüklər barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, son iki ay ərzində müxtəlif mövzularda MİRAS-PİCASP seminarları təşkil edilmişdir. Seminarların ilin sonuna qədər keçirilməsi nəzərdə tutulmuşdur. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır.
2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır. |