30-31 may 2023-cü ildə Xəzər Universitetində PİCASP layihəsi üzrə MİRAS İctimai Birliyinin cari il üçünTədbirlər Planına əsasən “Mədəni irs sahəsində öz biznesinə başla” adlı təlim keçirilib. Təlimdə Universitetin İqtisadiyyat və menecment fakültəsinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri iştirak ediblər. Təlim Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən işlənib hazırlanmış idarəetmə prinsiplərini özündə ehtiva edən "Öz Biznesinə Başla və Təkmilləşdir (ÖBBT) Proqramı" əsasında Master Təlimçi Azad Rəhimovun razılığı ilə təlimçi Fariz Xəlilli tərəfindən həyata keçirilib.
Bu təlim tələbələrin öz kiçik müəssisəsi üçün həyata keçirilməsi mümkün olan biznes ideyasını reallaşdırmasına yönəlib. Təlim müfəssəl biznes planının işlənib hazırlanmasına və faktiki biznesə başlamağa kömək edir, həmçinin iştirakçıların tələb olunan sahibkarlıq bacarıqları və biznes planlarını simulyasiya edilmiş təhlükəsiz mühitdə sınaqdan keçirməsinə imkan verir
Təlimin digər mühüm cəhəti isə ondan ibarətdir ki, PİCASP layihəsi çərçivəsində yaradılması nəzrədə tutulan İstehsalat Müəssisələri üçün baza rolunu oynayacaq.
İki günlük təlimdə iştirak edən tələbələr böyük maraq və aktivlik göstərib, təlim qarşısına qoyduğu məqsədə çatıb, tələbələrin bu sahədə geniş bilik və bacarıqlarının formalaşmasına xidmət edib. Tədbirin sonunda tələbələrə müvafiq sertifikat təqdim edilib.
Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) və İstehsalat müəssisələrinin (Practise enterprises) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır. |