24-25 oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Aydın şəhərində Adnan Menderes Universitetinin və Buxarkənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə Şimali Makedoniyalı antropoloq professor Rubin Zemona həsr olunan III Beynəlxaq Balkan, Anadolu, Qafqaz və Türküstan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folklor Konqresi keçirilib. Konqresin keçirilməsində məqsəd Balkan, Anadolu, Qafqaz və Türküstan coğrafiyasının sənətşünaslıq, tarix və ədəbiyyat sahəsində araşdırmalar aparan alimlərin şəbəkəsini qurmaq və yeniliklərlə elmi ictimaiyyəti tanış etməkdir. Konqresdə Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Albaniya, Yunanıstan, Moldova, Özbəkistan, Türkmənistan, Ukrayna, Macarıstan, Bolqarıstan, Rusiya, İran, Rumıniya və digər ölkələrdən 110-dan çox alim və tədqiqatçı məruzə edib.
Konqresdə AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlilli "Dünya Yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili və kataloqların hazırlanması" mövzusunda məruzə ediblər. Məruzəçi Fariz Xəlilli əvvəlcə 2020-ci ilin 24 oktyabrında Xocavənd rayonu Tuğ kəndi istiqamətində şəhid olan və Ağsu rayonu Gəgəli kəndində dəfn olunan baş leytenant Kamran Quluzadənin xatirəsini yad edib və qəhrəmanlığından danışıb. Azərbaycanın zəngin əlyazma irsinə sahib olduğunu bildirən Fariz Xəlilli AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan kənarda həm özəl kolleksiyalar, həm də dövlət müəssisələrinin fondlarında saxlanılan əlyazmaların vahid reyestri olmadığını qeyd edib. Əlyazma irsinin hər vərəqinə sahib çıxmağın nəinki bir toplumun həm də dünya yaddaşının möhkəmləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayan məruzəçi "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin belə bir pərakəndəliyi aradan qaldırmaq üçün təşəbbüslə çıxış etdiyini, yeni startap layihəsi ortaya qoymağa çalışdığını bildirib. Bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində qalib olan "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi uğurla həyata keçirilib. Virtual təqdimatı təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini alıb və internet səhifəni hazırlayıb. Əvvəlcə Şirvan-Şəki əlyazma kolleksiyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, Ruslan Məmmədovun əlyazma kolleksiyası, Əhməd Cəfərzadənin əlyazma kolleksiyası, Ağsu rayonu Külüllü kəndi Bilal əfəndi məscidi əlyazma kolleksiyası və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz əlyazma kolleksiyası layihəyə cəlb edilib. Onların içərisindən əlli əlyazma seçilərək onlayn kataloq və elyazma.az internet səhifəsi üçün öyrənilib. Mütəxəssislər öyrəndikləri əlyazmaları vaxtaşırı bazaya yerləşdirirlər. Hazırda elyazma.az səhifəsini ziyarət edən oxucular əlyazmaları pdf. formatda əldə etmək üçün müraciət edirlər. Məruzə maraqla qarşılanıb və məruzəçilərə konqresin sertifikatı təqdim olunub. Fariz Xəlilli 2022-ci ildə nəşr etdikləri "Şuşa: Tarixi-mədəni irsin tədqiqi", "Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumunun materialları", "Beşinci Beynəlxalq Həmzə Nigari Ağdam Simpoziumunun materialları" və "Ağsu şəhidləri. Zəfər qəhrəmanları" kitablarını Aydın Adnan Menderes Universitetinin kitabxanasına hədiyyə etmişdir.
|