Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçiriləcək.
Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanı festivalın keçirilməsi məqsədilə hazırlanıb, dekorasiyalar qurulub. Festval çərçivəsində Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinin çıxışları baş tutacaq. Kəndirbazlar, Zorxana, Oxatama, Çilingağac kimi milli oyunlar paralel göstəriləcək. Türkiyə, Gürcüstan və İtaliyadan qonaqlar festivala qoşulacaqlar. Festival çərçivəsində rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil ediləcək. Tanınmış rəssamlar, heykəltəraşlar, el sənətkarları, idman ustalarının ustad dərsləri keçiriləcək. Oturma gecələrində tərəkəmə həyat tərzi ilə bağlı filmlər izləniləcək, müzakirələr aparılacaq. Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalacaq və ünsiyyət bağları quracaqlar. Səhər tezdən Tərəkəmə marafonu təşkil ediləcək və qonaqlar "Bel daşı əfsanəsi" marşrutu ilə hərəkət edəcəklər. Festival hər iki gün maraqlı proqramlarla davam edəcək.
Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının YUNESKO siyahısına alınması ilə səsləşir. Festival təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və YUNESKO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil olmasıdır.
Festival meydanına giriş sərbəstdir və maraqlananlar dəvət olunur.
#MədəniyyətNazirliyi #MinistryofCulture #MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Gəgəli #Culture #CulturalHeritage #Tərəkəmə #Folklor #Festival #Transhumance
|