AZE ENG
Facebook
Twitter Google Myspace
Basqal Qoruğunda abidələrin mühafizə vəziyyəti müzakirə olunub
10-10-2024

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerli əhəmiyyətli memarlıq abidələrinin mühafizə vəziyyətini dəyərləndirib. 10 oktyabr 2024-cü il tarixdə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və layihənin eksperti professor, tarix elmləri doktoru Qafar Cəbiyev bu məqsədlə İsmayıllı rayonu Basqal qəsəbəsində görüş keçiriblər. Görüşdə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerli əhəmiyyətli memarlıq abidələrinin mühafizə vəziyyəti aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Əvvəlcə Fariz Xəlilli layihə haqqında geniş məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihədə məqsəd Şamaxı, İsmayıllı və Ağsu rayonlarında üzərində müasir yaşayış massivlərinin olduğu tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə vəziyyəti araşdırılmaqla aidiyyəti qurumlara, o cümlədən bələdiyyələrə müvafiq tövsiyələr vermək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. Araşdırmalara görə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerli əhəmiyyətli memarlıq, o cümlədən arxeoloji abidələri yerləşən həyətyanı sahələrin sayı 300-dan çoxdur. Layihə araşdırma nəticəsində həmin ailələrlə işləməyin effektiv üsullarını da təqdim edəcək. Pilot layihə olaraq bu təcrübənin respublika miqyasında yayılması əsas hədəflərdəndir.

Layihənin eksperti Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində aparılmış tədqiqatlar və Azərbaycan tarixinin öyrənilməsində bu abidənin əhəmiyyəti haqqında məlumat verib. Azərbaycanın orta əsrlər şəhər mədəniyyətinin öyrənilməsi baxımından yeni tapıntılarla zəngin olduğunu qeyd edib.

AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Dos.Dr. Rahibə Əliyeva "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerli əhəmiyyətli memarlıq abidələrinin qorunması problemlərindən danışıb. Problemə elmi, akademik yanaşmanın əhəmiyyətini vurğulayıb.

Müzakirələrdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbəsi İƏD üzrə icra nümayəndəsi Novruz Əsədov, Basqal bələdiyyəsinin üzvü Yeganə Ağayeva, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günay Rzayeva, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Samirə Abdullayeva və Tamaşa İsayeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə abidə mühafizəçiləri Eldəniz Ağayev, Elnur Nurməmmədov, Nahid Ağamirzəyev, Şirin Qədirov, Samir Zülfiyev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Müzakirələrin nəticələrinə əsasən "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu yerli əhəmiyyətli memarlıq abidələrinin ərazisində mövcud olan idarə, təşkilat və qurumlara, bələdiyyəyə, torpaq, mənzil və mülk sahiblərinə abidələrin mühafizəsi ilə bağlı ilkin olaraq məlumat xarakterli bildirişlər və məktubların göndərilməsi məqsədəuyğun hesab edilib.

 

#MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Şamaxı #Basqal #Gəgəli #Nərgizava #Xınıslı #Culture #CulturalHeritage

 

#Mədəniİrs #Bələdiyyə #Municipality

Oxunub : 322