AZE ENG
Facebook
Twitter Google Myspace
Şamaxıda bələdiyyələr üçün təlim-seminar keçirilib
29-10-2024

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində Şamaxı şəhəri ASAN Xidmət Təlim mərkəzində Şamaxı rayonu yerli özünüidarəetmə orqanlarının rəhbərləri üçün təlim-seminar keçirib. 28 oktyabr 2024-cü il tarixdə keçirilən təlim-seminarda bələdiyyə sədrləri, İƏD nümayəndələri, polis əməkdaşları, abidə mühafizəçiləri, mədəniyyət işçiləri iştirak ediblər.

 

Əvvəlcə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihə haqqında qısa məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul və Ankara Böyükşəhər bələdiyyələrinin təcrübəsini öyrəndiklərini, Türkiyə qanunvericiliyini incələdiklərini, Azərbaycan bələdiyyələri üçün Təlimat kitabı hazırladıqlarını, araşdırmanın nəticələrini Araşdırma kitabında topladıqlarını, mədəni irsin qorunmasına bələdiyyələrin dəstəyinin nümunəvi formatını göstərən sosial vidoeçarx hazırladıqlarını, Xınıslı, Basqal, Nərgizava abidələri ərazisində mülkiyyətçilərin məlumat bazasını göstərən municipalheritage.az internet səhifəsini hazırladıqlarını bildirib. Araşdırma, baza hazırlama və təlim-seminar çərçivəsində layihəyə 2500 nəfərdən çox sakini cəlb etdiklərini qeyd edib.

 

Layihənin eksperti tarix elmləri doktoru, professor Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, Şamaxı ərazisində aparılmış tədqiqatlar və Azərbaycan tarixinin öyrənilməsində bu bölgənin əhəmiyyəti haqqında məlumat verib. Abidələrin öyrənilməsi, qorunması və təbliğində bələdiyyələrin üzərinə düşən vəzifələri sadalayıb.

 

Layihənin təlimçisi Gülşən Hüseynova təlim proqramına uyğun olaraq bələdiyyə sədrləri ilə interaktiv təlim keçirib. Mədəni irs nədir sualına bələdiyyə sədrləri öz ərazilərindəki tarix-mədəniyyət abidələri haqqında danışaraq cavablandırıblar. Gülşən Hüseynova yerli qanunvericilik və beynəlxalq konvensiyalar haqqında məlumat verib. İdarəetmədə səlahiyyətli şəxslər sırasında bələdiyyələrin mövqeyindən bəhs edib.

 

Şamaxı rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev tarix-mədəniyyət abidəsi olan Şamaxı qəbiristanlıqları və məscidlərinin qorunması məsələləri haqqında danışıb. Təlim-seminara görə "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinə təşəkkür edib.

 

Təlim-seminarda "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi" mövzusunda videoçarx təqdim olunub. İştirakçılara "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi - Təlimat kitabı" paylanıb.

 

 

#MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Şamaxı #Basqal #Gəgəli #Nərgizava #Xınıslı #Culture #CulturalHeritage #Mədəniİrs #Bələdiyyə #Municipality

Oxunub : 64