AZE ENG
Facebook
Twitter Google Myspace
İsmayıllıda bələdiyyələr üçün təlim-seminar keçirilib
30-10-2024

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində İsmayıllı şəhəri Mədəniyyət Mərkəzində İsmayıllı rayonu yerli özünüidarəetmə orqanlarının rəhbərləri üçün təlim-seminar keçirib. 29 oktyabr 2024-cü il tarixdə keçirilən təlim-seminarda bələdiyyə sədrləri, İƏD nümayəndələri, polis əməkdaşları, abidə mühafizəçiləri, mədəniyyət işçiləri, müəllim və tələbələr iştirak ediblər.

 
Əvvəlcə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihə haqqında qısa məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul və Ankara Böyükşəhər bələdiyyələrinin təcrübəsini öyrəndiklərini, Türkiyə qanunvericiliyini incələdiklərini, Azərbaycan bələdiyyələri üçün Təlimat kitabı hazırladıqlarını, araşdırmanın nəticələrini Araşdırma kitabında topladıqlarını, mədəni irsin qorunmasına bələdiyyələrin dəstəyinin nümunəvi formatını göstərən sosial vidoeçarx hazırladıqlarını, Xınıslı, Basqal, Nərgizava abidələri ərazisində mülkiyyətçilərin məlumat bazasını göstərən municipalheritage.az internet səhifəsini hazırladıqlarını bildirib. Araşdırma, baza hazırlama və təlim-seminar çərçivəsində layihəyə 2500 nəfərdən çox sakini cəlb etdiklərini qeyd edib.
 
Layihənin təlimçisi Gülşən Hüseynova təlim proqramına uyğun olaraq bələdiyyə sədrləri və İsmayıllı Dövlət Humanitar ve Texnologiya Kollecinin tələbələri ilə interaktiv təlim keçirib. Mədəni irs nədir sualına tələbələr bələdiyyə sədrləri öz ərazilərindəki tarix-mədəniyyət abidələri haqqında danışaraq cavablandırıblar. Gülşən Hüseynova yerli qanunvericilik və beynəlxalq konvensiyalar haqqında məlumat verib. İdarəetmədə səlahiyyətli şəxslər sırasında bələdiyyələrin mövqeyindən bəhs edib.
 
İsmayıllı rayonu İcra Hakimiyyətinin nümayəndəsi Nəsib Teymurov tarix-mədəniyyət abidəsi olan İsmayıllı qəbiristanlıqları və məscidlərinin qorunması məsələləri haqqında danışıb. Təlim-seminara görə "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinə təşəkkür edib.
 
Təlim-seminarda "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi" mövzusunda videoçarx təqdim olunub. İştirakçılara "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi - Təlimat kitabı" paylanıb.
 
 
#MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Şamaxı #Basqal #Gəgəli #Nərgizava #Xınıslı #Culture #CulturalHeritage #Mədəniİrs #Bələdiyyə #Municipality
 
 
Oxunub : 167