Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərinə görə Milli İrs mükafatına layiq görülüb Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Azərbaycanda bu günün daha geniş şəkildə qeyd edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 18-də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda bayram tədbiri keçirilmişdir. Tədbirdə ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. 6 nominantdan biri olan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mədəni irsin təbliğində xidmətlərinə görə nominasiyasında bu mükafata layiq görülüb. Mükafatı Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev MİRAS İctimai Birliyin sədri Fariz Xəlilliyə təqdim etmişdir. Milli irs mükafatı qara mərmər kürsü üzərində metal heykəlcikdən və diplomdan ibarətdir. Sonra MİRAS İctimai Birliyinin gördüyü işlər barəsində qısa təqdimat oldu. Bildirildi ki, 2010-cu ilin əvvəllərində yaradılmış MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi fəaliyyət göstərdiyi qısa müddət ərzində Azərbaycanın zəngin mədəni irsinin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılması, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpası və milli-mənəvi irsimizin təbliği sahəsində bir sıra uğurlu layihələrə imza atmışdır. Birlik müntəzəm olaraq respublikanın ali və orta məktəblərində, kitabxana və muzeylərində seminarlar keçirir, mədəni irs düşərgələri və turları təşkil edir, "Miras" elmi-kütləvi jurnalı, miras.az və archaeotourism.az internet resursları vasitəsilə geniş ictimaiyyəti bu barədə məlumatlandırır. Orta əsr Ağsu şəhərində arxeoloji tədqiqatlar aparan MİRAS tərəfindən 15000 kv.m. ərazidə şəhər qalıqları konservasiya edilmiş, sərgi kompleksi açılmış və buradakı arxeoloji turizm kompleksi 2012-ci ildə 4000-dən çox yerli, 300-dən çox xarici turisti qəbul etmişdir. Birlik ötən 3 il ərzində Azərbaycanın mədəni irsinin tanıdılması üçün respublikamızın Bakı, Ağsu və İsmayıllı, Türkiyənin Amasiya, Muğla, Uşak, Trabzon, Bayburt və Ordu, İtaliyanın Milan, Gürcüstanın Tbilisi, Şimali Kiprin Qazimağusa şəhərlərində "Azərbaycanın mədəni irsi", "Kərpic memarlığı", "Keçmişdən gələcəyə mədəni irs" mövzularında tədbirlər təşkil etmişdir. MİRAS-ın istehsalı olan "Xocalı vaxtı", "Tərəkəmə çərşənbəsi" və "Azərbaycan abidələr diyarıdır" filmləri televiziya və internet portallarında nümayiş olunmaqla əhalinin tarixi-mədəni irsimiz barədə maarifləndirilməsində vacib rol oynamışdır. |