AZE ENG
Facebook
Twitter Google Myspace
Miras İctimai Birliyi üzvlərinin Qax və Zaqatala rayonlarına infoturu baş tutub
3-12-2024
"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin İdarə heyəti və üzvləri üçün Qax və Zaqatala rayonlarına infotur təşkil olunub. İnforturda birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, birliyin sədr müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, idarə heyətinin üzvləri tarix elmləri doktoru, professor Qafar Cəbiyev, filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli, Aidə Məlikova, birliyin üzvləri filologiya üzrə fəlsəfə doktoru, dosent Sədrəddin Hüseyn, biologiya üzrə fəlsəfə doktoru, dosent Gülçöhrə Hüseynova, fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova, Məhbara Abbasova, Faiq Nəsibov, Əsnayə Şükürova, İntiqam Məhəmmədli, Jalə Məhəmmədli, Nigar Həsənova, Elnarə Cəbrayılova, Necla Süleymanlı, Samir Əzizov, Əli Məhəmmədli iştirak ediblər. 
 
İnfotur əvvəlcə Qax rayonu Ənbərçay kəndində yerləşən Kürmük məbədindən başlanıb. Burada Qafqaz Albaniyasının Ay məbədi hesab olunan Kürmük məbədinin qalıqlarına, həm də Kürmük kilsəsinə baxış keçirilib. Kürmük məbədinin qalıqları indiyə qədər arxeoloji baxımdan araşdırılmayıb. Əslində dövlətçilik tariximizlə dərin bağları olan bu abidənin tam şəkildə öyrənilməsinə böyük ehtiyac var. Kürmük kilsəsi isə yerli xristianların ibadət etməsi və müsəlman əhalinin xristianlaşdırılması üçün Çar Rusiyası tərəfindən inşa olunub. Bir həftə əvvəl burada Kürmükoba dini mərasiminin keçirildiyi oradakı külli miqdarda ərimiş şam qalıqlarından görünür. Kənardan cəlbedici görünməsinə baxmayaraq abidənin mühafizə vəziyyəti yaxşı deyil. Abidəyə sonralar edilən müdaxilələr, xüsusilə sement məhlulu ilə bərpa böyük problem yaradıb. Kilsənin bərpaya ehtiyacı var.
 
Sonra infotur iştirakçıları Qax rayonu Oncallı kəndində yerləşən Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahına gəliblər. Türkiyə Cümhuriyyəti Prezidenti Abdullah Gülün ziyarət etdiyi abidənin Yunis Əmrəyə aidliyi məsələsi çox insanları düşündürür. Qəbristanlığın ərazisində çox sayda yazılı qəbir daşları var. Onların bir qismi çox əvvəllər bir yerə toplanıb və nümayiş olunur. Lakin, həmin qəbir daşlarının aşınması və kitabələrin məhv olması problemi var. Bu məqsədlə abidə mühafizələrinə bəzi tövsiyələr verilib. Abidənin epiqrafik və arxeoloji baxımdan öyrənilməsinə böyük ehtiyac var. Ziyarətgahdakı ruhani hava iştirakçılarda xoş təəssürat yaradıb.
 
İnfotur Qax şəhərində yerləşən Heydər Əliyev kompleksində davam edib. 2013-cü ildə geniş ictimaiyyətə açılan kompleks dörd ünsür - su, torpaq, hava və od - üzərindən təqdimat edir. Bələdçilər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında stendlər, sənədlər və sərgi ilə iştirakçıları tanış ediblər. Buradakı Qax abidələrinin maketləri xüsusilə cəlbedici təqdim olunur. 
 
İnfotur iştirakçıları Qax şəhərinin mərkəzində yerləşən İçəribazar etnoməhəlləsi ilə tanış olublar. Burada köhnə evlərin qorunması və köhnə bazarın elementlərinin saxlanılması təqdir olunub. Suvenir dükanları və açıq səma altında səhnə infotur iştirakçılarının marağına səbəb olub. 
 
İnfotur iştirakçıları "Zaqatala qalası" Tarix-Mədəniyyət Qoruğunda olublar. Qala XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən əvvəlki qalanın yerində inşa olunub. Yerli daşdan gəc məhlulu inşa olunan qalanın möhtəşəm divarları və təbiətə açılan əsrarəngiz mənzərəsi vardır. Qoruğun bələdçisi Səbuhi Bayramov qoruqda yerləşən tarixi binalar və onların qalıqları ilə infotur iştirakçılarını tanış edib. Qoruğun maddi texniki bazasının zəifliyi, kadrlarının azlığı (cəmi 6 nəfər) və turistlərin marağından kənarda qalması burada əhəmiyyətli işlərin görülməsinə imkan verməyib. Qoruğun təmiz, səliqəli saxlanmasına baxmayaraq əksər abidələrin - qala divarları, hamam, inzibati bina, silah anbarları, ovdanlar və s. bərpaya ehtiyacı var. Elmi-tədqiqat müəssisəsi olan qoruğa doğma münasibət göstərməyin vaxtı çatıb. Əgər kompleks iş görülsə, qoruq turistlərin sıx ziyarət edəcəyi yerə çevrilə bilər.
 
İnfotur iştirakçıları Car kəndində yerləşən Cingöz qalası ilə tanış olublar. Ev sahibi Layuza xanım infotur iştirakçılarını qonaqpərvərliklə qarşılayıb. Onlara qalanın tarixçəsi və ev sahiblərinə aidliyi barədə məlumat verib. Qalanın üzərindəki ərəb dilində yazı mütəxəssislər tərəfindən incələnib. Qalanın bürc olduğu və Cingöz ailəsinə aidiyyəti yazıdan aydın olur. Qalanın vəziyyəti yaxşı deyil. Onun dam örtüyü dağılıb, divarlarında problem yaranıb. Mütəxəssislər ev sahiblərinə abidədə görülməli işlər və prosedur haqqında məlumat veriblər. Sonra infotur iştirakçıları XVII əsrə aid edilən Car məscidində və həyətindəki ziyarətgahda olublar.
 
İnfotur iştirakçıları XIX əsrdə Çar Rusiyasının xristianlaşdırma siyasətinin bir parçası kimi Zaqatala qalasının ətəyində inşa etdirdiyi Kilsəyə baxış keçiriblər. Kilsənin vəziyyəti çox acınacaqlıdır. Kilsə bu dağılmış vəziyyəti ilə möhtəşəm görüntüsünü saxlamaqdadır.
 
Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Tala məscidi Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Tala məscidinin imamı Şakir əfəndi infotur iştirakçılarına Hacı Əhməd əfəndi Talalı və onun təsəvvüfi fəaliyyəti, Tala məscidinin dünəni və bu günü haqqında məlumat verib. Tala məscidinin vəziyyəti yaxşıdır, geniş həyətində görülən abadlıq işləri, ağacların əkilməsi təqdir olunub.  
 
Miras İctimai Birliyi infoturun nəticələrinə əsasən mədəni irs abidələrinin öyrənilməsi, qorunması, bərpa və konservasiyası, təbliği sahəsində öz imkanlarını bütün dövlət, özəl və bələdiyyə qurumları ilə bölüşməyə və işləməyə hazır olduğunu bir daha bəyan edir. 
 
 
Oxunub : 142