PİCASP layihəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Tədbirlər Planına əsasən 04 dekabr 2024-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Turizm və bələdçilik ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Şimal-qərb turistik marşrutu üzrə ornamentlərin rəqəmsallaşdırılması” mövzusunda seminar təşkil edilmişdir. Seminarda əvvəlcə layihənin koordinatoru, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin üzvü Məleykə Hüseynova çıxış edərək layihənin məqsədləri, layihə çərçivəsində həyata keçirilən tədbirlər, əldə olunacaq nəticələr və s. barədə məlumat vermişdir. Daha sonra “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin sədr müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günel Seyidəhmədli müvafiq mövzuda təqdimatla çıxış etmiş, şimal-qərb maşrutu üzrə Bakı şəhərindən Balakən rayonuna qədər mövcud olan tarixi abidələr, bu abidələr üzərində mövcud olan, həmçinin digər əl sənətkarlığı nümunələri (xalça, kilim, kəlağayı, məişət əşyaları və s.) üzərində tətbiq edilən ornamentlər, onların tarixi, xüsuiyyətləri, mənaları və s. haqqında məlumatları əhatə edən təqdimatla çıxış etmişdir. Təqdimat zamanı ornamentlərin rəqəmsallaşdırılması üzrə Azərbaycan Dövlət Turizm Agentliyinin müvafiq layihəsi və bu layihə çərçivəsində hazırlanmış www.ornament.org.az saytı barədə məlumat verilmişdir.
Qeyd edək ki, 2021-ci ildən etibarən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyalar təşkil edilir. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP Layihəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ekspertləri tərəfindən hazırlanmışdır.
|