PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 10 dekabr 2024-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Turizm və Menecment Universitetinin müəllim və tələbələrindən ibarət 18 nəfərlik heyət üçün paleoqrafik ekspedisiya təşkil edilmişdir. Tədbir zamanı ilk öncə layihənin əlaqələndiricisi Məleykə Hüseynova çıxış edərək Layihə haqqında məlumat vermiş, layihə çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən müvafiq paleoqrafik ekspedisiyanın məqsədlərindən danışmışdır. Daha sonra İnstitutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli təqdimatla çıxış etmiş, institutun fəaliyyət istiqamətləri, institutda qorunub saxlanan əlyazmalar, onların yaranması, tarixi, növləri və s. barədə geniş məlumat vermişdir. Daha sonra İnstitutun Gigiyena və Bərpa şöbəsinin müdiri Zaur Orucov təqdimatla çıxış etmiş, əlyazma sənəti və onun incəlikləri barədə məlumat vermiş, bərpa laboratoriyasında canlı şəkildə kağızların növləri və işlənmə texnikaları, kitabların cildlənməsi, bərpa üsulları, xəttatlıq sənəti və s. haqqında praktiki dərs keçmişdir. Tədbir çərçivəsində Əlyazmalar İnstitutunun binası üzrə ekskursiya keçirilmiş, iştirakçılara binanın tarixi, orada sərgilənən əlyazmalar və s. haqqında məlumat verilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Hacı Zeynalabidin Tağıyevin tikdirdiyi Qızlar məktəbinin tarixi binasında yerləşir.
Qeyd edək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2021-ci ildən etibarən Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyalar təşkil edilir. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Tədbirlərin proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır.
|