AZE ENG
Facebook
Twitter Google Myspace
Xəzər Universitetində “Mədəni irs və biznes” mövzusunda seminar
14-12-2024

 

PİCASP layihəsi çərçivəsində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Tədbirlər Planına əsasən 13 dekabr 2024-cü il tarixində Xəzər Universitetinin “Turizm işinin təşkili ixtisası” üzrə təhsil alan tələbələrinin və müəllimlərin iştirakı ilə “Mədəni irs və biznes” mövzusunda seminar təşkil edilmişdir. Tədbirdə ilk öncə Layihənin əməkdaşı, MİRAS İctimai Birliyinin idarə heyətinin üzvü Məleykə Hüseynova çıxış edərək layihənin məqsədləri, layihə çərçivəsində həyata keçirilən tədbirlər, əldə olunacaq nəticələr və s. barədə məlumat vermişdir. Daha sonra MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) müvafiq mövzuda təqdimatla çıxış etmişdir. Seminar zamanı mədəniyyət sahəsində biznes mühitinin formalaşdırılması, mədəni irs nümunələrinin təcrübəsində biznes obyektlərinin yaradılması, bu sahədə mövcud qanunvericilik, dövlət və özəl sektor əməkdaşlığı barədə geniş məlumat verilmişdir. Həmçinin bölgələrdə əhalinin məşğulluğunun artırılmasına mədəni irs biznesinin təsiri, Azərbaycanda bu sahədə mövcud problemlər, onların həlli yolları və perspektivlər, mədəni irs biznesinin vasitəsi kimi sənətkarlıq nümunələrinin istehsalı, marketinqi, təbliği və satışı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyalar təşkil edilir. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS ekspertləri tərəfindən hazırlanmışdır.
 
 
 
Oxunub : 98