2024-cü ilin 19-21 dekabr tarixlərində Bakı şəhərində PİCASP layihəsinin final öncəsi son görüşü keçirilmişdir. Görüş çərçivəsində İtaliya, Litva və Qazaxıstanın müxətlif universitetlərindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər etmişdir. Görüşün ilk günü Xəzər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunmuş tədbirlərdə layihə dövründə görülmüş işlər, istehsalat müəssisələri üzrə pilot kurslar zamanı tələbələrin əldə etdiyi bilik və bacarıqlar, tələbələrin iştirakı ilə yaradılmış təcrübə müəssisələri və onların tərtib etdikləri turistik proqramlar haqqında geniş məlumat verilmişdir. Növbəti tədbir isə MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Zərgərpalan hamamında aparılan tədqiqat sahəsində baş tutmuşdur. Tədbir zamanı hamam üzrə ekskursiya keçirilmiş, MİRAS İctimai Birliyinin sədri Layihənin meneceri tarix üzrə fəlsəfə elmləri doktoru Fariz Xəlilli iştirakçılara hamamın tarixi, tikildiyi memarlıq üsubu, illər boyu keçdiyi yol, orada aparılan işlər, ortaya çıxan nəticələr və əldə olunan tapıntılar barədə geniş məlumat vermişdir. Professor tarix elmləri doktoru Qafar Cəbiyev çıxış edərək Azərbaycan tarixinin önəmi, mədəni irsimizin qorunmasının vacibliyi, bu sahədə görülən işlərin və beynəlxalq əməkdaşlığın əhəiyyətindən danışmışdır. Daha sonra MİRAS İctimai Birliyinin İdarə heyətinin üzvü Layihənin koordinatoru Məleykə Hüseynova geniş təqdimatla çıxış edərək MİRASın yaranması, fəaliyyət istiqamətləri, həmçinin, 4 ili əhatə edən Layihə dövründə gördüyü işlər, əldə etdiyi nəticələr və s. barədə ətraflı məlumat vermişdir. MİRASın layihə çərçivəsində fəlaiyyəti yerli və beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilmiş, təşkilatçılar gələcək layihələrdə bu əməkdaşlığın daha da genişləndirilməsinin mütləq olduğunu bildirmişlər.
Görüş çərçivəsində iştirakçılara Qız qalası və Şirvanşahlar sarayı da daxil olmaqla, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Mniatür Kitab Muzeyi, Palçıq vulkanları turizm kompleksi və burada yaradılmış təbiət tarixi muzeyi , Qobustan Milli Tarix-Bədii Qoruğu və Bakı şəhəri üzrə ekskursiyalar təşkil edilmiş, Azərbaycanın tarixi, mədəni irsi və turizm potensialı haqqında geniş məlumat verilmişdir.
Qeyd edək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2021-ci ildən etibarən Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyalar təşkil edilir. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Tədbirlərin proqramı PİCASP Layihəsi çərçivəsində MİRAS ekspertləri tərəfindən hazırlanmışdır.
4 illik müddəti əhatə edən Layihənin 2025-ci ilin yanvar ayında yekunlaşması planlaşdırılır.
|