15 iyul 2025-ci il tarixində Bakı şəhərinin Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatların təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə baş tutub. Təqdimatda ölkənin aparıcı elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, tanınmış alimlər, qeyri-hökumət təşkilatları və media qurumlarının nümayəndələri, yerli sakinlər və sahibkarlar iştirak edib.
Tədbiri giriş sözü və təqdimat məruzəsi ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutu İslam arxeologiyası şöbəsinin müdiri, Zərgərpalan hamamı ekspedisiyasının rəisi, tarix elmləri doktoru professor Qafar Cəbiyev bildirib ki, Bakı şəhəri zəngin tarixə malik olmaqla yanaşı, Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində yerləşən nadir şəhərsalma nümunələrindən biridir. Bakının İçərişəhərdən kənarda, Bayırşəhər kimi tanınan ərazisində XIX əsrin sonu - XX əsrin əvvəllərində formalaşmış məhəllələr – Çəmbərəkənd, Qaraşəhər, Zərgərpalan, Sovetski və s. – bu prosesin nəticəsi olmuşdur. Bu məhəllələrin hər biri özünəməxsus yaşayış mədəniyyəti və arxitektura elementləri ilə fərqlənmişdir. Zərgərpalan məhəlləsində yerləşən və 1899-cu ildə inşa edilmiş ictimai hamam binası bu baxımdan xüsusilə diqqətəlayiqdir. 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sifarişi ilə burada ilk dəfə arxeoloji tədqiqat aparılmışdır. Tədqiqatın əsas məqsədi yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan Zərgərpalan hamamında arxeoloji ekspertiza aparmaq, abidənin tikinti mərhələlərini, konstruktiv xüsusiyyətlərini və istifadəsi dövrlərindəki dəyişiklikləri müəyyənləşdirmək olmuşdur. Tədqiqatlar zamanı həm yazılı mənbələr, həm də yerli sakinlərin məlumatları əsas götürülmüş, abidənin memarlıq, konstruksiya və maddi-mədəniyyət qatları sistemli şəkildə öyrənilmişdir. Arxiv sənədlərinə əsasən, Zərgərpalan hamamı 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunmuşdur. Sovet dövründə – xüsusilə 1937-ci ildən sonra – hamam sahibi repressiyaya məruz qalmış, bina isə təyinatını dəyişərək sex, daha sonra dəmirçi-misgər emalatxanası və nəhayət güzgü sexi kimi fəaliyyət göstərmişdir. Bu mərhələlər abidənin daxili strukturlarına mühüm müdaxilələrə səbəb olmuşdur. 2001-ci ildə abidə dövlət qeydiyyatına alınsa da, uzun illər baxımsız vəziyyətdə qalmış və yalnız 2024-cü ildən etibarən “Miras” İctimai Birliyi tərəfindən tədqiq və konservasiya işləri həyata keçirilməyə başlanmışdır. Abidənin əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan (ümumilikdə irili-sırdalaı on otaq) ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkar edilmişdir. Xüsusilə giriş otağında və birinci zalda döşəmə altından aşkar olunan üzlük daşları, fəvvarə qalıqları, səkilər və dekorativ plitələr abidənin ilkin Hamam mərhələsinə aid olduğunu sübut edir. Dövrə aid saxsı qablar, mis alətlər, düymələr, dəmir kəsicilər və gülab qabları binanın ictimai və sənətkarlıq funksiyalarını əks etdirir. Zərgərpalan hamamı eklektik üslubun bariz nümunəsidir. Burada Şərq memarlığının elementləri (tağlar, günbəzlər, səkilər, fəvvarələr) ilə yanaşı, Avropa memarlıq məktəbinin bəzi xüsusiyyətləri də müşahidə olunur. Hamamdakı sütunlar, tağvari keçidlər və zəngin bəzəkli kərpic və əhəng daşları bu üslub sintezinin sübutudur. Xüsusilə ikinci zalda istilik sisteminin qalığı kimi qeyd edilən külxana və onunla əlaqəli isitmə kanalları Hamamın funksional arxitektura baxımından yüksək səviyyədə inşa olunduğunu sübut edir. Tədqiqatın nəticələrinə əsasən, ekspedisiya qrupu binada yalnız konservasiya və təmizlik işlərinin aparılmasını məqsədəuyğun hesab etmişdir. Təmir zamanı divarlarda Abşeron əhəng daşından istifadə edilmiş suvaqlar, döşəmə altında dövrün orijinal daş plitələri və fasadda gizlədilmiş orijinal qapı və pəncərə açılışları diqqətlə konservasiya olunmuşdur. “Miras” İctimai Birliyi İtaliyadan dəvət olunmuş professor Luici Skrinzinin tövsiyələri əsasında konservasiya işlərinə başlamış, bu işlərə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri də cəlb edilmişdir. Zərgərpalan hamamında aparılan tədqiqatlar Bakı şəhərinin Bayırşəhər adlanan tarixi hissəsinin arxeoloji cəhətdən sistemli şəkildə öyrənilməsi üçün mühüm başlanğıcdır. Abidə yalnız memarlıq baxımından deyil, eyni zamanda sosial, iqtisadi və mədəni aspektlər baxımından da çox qatlı bir tarixə sahibdir. Hamam binasının müxtəlif dövrlərdə funksional dəyişikliklərə uğraması şəhərin transformasiyasını anlamaq baxımından vacib mənbə kimi çıxış edir. Odur ki, gələcəkdə Bayırşəhər ərazisində planlaşdırılan istənilən abadlıq və tikinti işləri mütləq şəkildə arxeoloqların nəzarəti altında həyata keçirilməlidir. Zərgərpalan hamamı nümunəsində olduğu kimi, şəhər mədəniyyətinin görünməyən qatlarını ortaya çıxarmaq və onların qorunmasını təmin etmək dövlət və cəmiyyət üçün vacib vəzifələrdəndir.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatları yüksək qiymətləndirib. O, AMEA-nın son illərdə həyata keçirdiyi əhəmiyyətli arxeoloji layihələrdən bəhs edərək, bu tədqiqatların ölkənin elmi və mədəni irsinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Akademik İsa Həbibbəyli Zərgərpalan hamamı abidəsində zərgər dəqiqliyi ilə icra olunmuş konservasiya işlərini xüsusi qeyd edib və bu abidənin gələcəkdə muzey-sərgi zalı kimi istifadəsinin zəruriliyini ön plana çəkib.
SEBA – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova çıxışında Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Qədim Qəbələ şəhərində apardığı arxeoloji tədqiqatların nəticəsi olaraq abidənin YUNESKO-nun Ümumdünya İlkin Siyahısına daxil edilməsini yüksək qiymətləndirib və bu uğuru Azərbaycan arxeoloqlarının peşəkarlığının parlaq nümunəsi kimi dəyərləndirib. O, eyni zamanda, Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqat və konservasiya işlərini təqdir edib, bu işlərin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra millət vəkili Vasif Qafarov, professor Hidayət Cəfərov, yerli sakin Fəxrəddin Əliyev, sahibkar Əli Əliyev və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatlara dair fikirlərini bölüşüblər. Natiqlər Bayırşəhərin kollektiv yaddaşının öyrənilməsi və qorunmasında bu tədqiqatların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, elmi nəticələrin ictimai və mədəni baxımdan dəyərini önə çəkiblər.
Təqdimat mərasimi çərçivəsində iştirakçılar üçün abidə ərazisində ekskursiya təşkil olunub.
|