AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycanlı alimlər Albaniyanın Elbasan şəhərində keçirilən beynəlxalq konfransa qatılıblar
23-10-2025

20-22 oktyabr 2025-ci il tarixlərində Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası: İncəsənət, Mədəniyyət, Tarix və Folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.

Konfrans türkiyəli antropoloq-heykəltəraş, professor Mutluhan Taşa həsr olunub. Tədbir Albaniya Respublikasının Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belorusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Konfrans Təşkilat Komitəsinin sədri dosent Əhməd Aytac bildirib ki, konfransın əsas məqsədi Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyasında incəsənət, mədəniyyət, tarix və folklor sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır.

Simpoziumun açılış mərasimində Konfrans Təşkilat Komitəsinin Albaniyadan olan həmsədri dosent Mələk Şopi, Elbasan Aleksandr Covani Universiteti Humanitar Elmlər fakültəsinin dekanı professor Ardian Lami, Konfrans Təşkilat Komitəsinin Azərbaycandan olan həmsədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Konfrans Təşkilat Komitəsinin Şimali Makedoniyadan olan həmsədri professor Rubin Zemon, Türk dünyası alimləri adından professor Şikar Qasımov, Türkiyə alimləri adından professor Handə Kılıçarslan, professor Mutluhan Taş və Moldova Komrat Dövlət Universitetinin rektoru Sergey Zaxariya çıxış ediblər.

Dosent Əhməd Aytac “Professor Mutluhan Taşın həyatı və elmi fəaliyyəti” mövzusunda konfransın açılış məruzəsi ilə çıxış edib. O, builki konfransın türkiyəli antropoloq-heykəltəraş, professor Mutluhan Taşa həsr olunduğunu qeyd edib. Əhməd Aytac professor Mutluhan Taşın elmi fəaliyyətinə yüksək qiymət verərək onun konfransa uzun illər ərzində göstərdiyi dəstək və töhfələrlə həmişə fərqləndiyini vurğulayıb.

Açılış bölməsində dosent Mələk Şopi və Denada Çipi “S.E. Mann lüğətində türk sözləri, dillər arasında linqvistik əlaqələrə ümumi baxış”, professor Rubin Zemon “Balkan və Türkiyə arasında yaddaş mədəniyyəti”, professor Qafar Cəbiyev, professor Luici Skrinzi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Məleykə Hüseynova isə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi inteqrativ təhsil modeli kimi” mövzularında məruzələr ediblər.

Konfransın 21 bölmə iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Qədim Qəbələ – UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər", professor Abbas Seyidov "Sular altında qalan orta əsr Azərbaycan şəhərləri", professor Abbas Seyidov və dosent Leyla Rüstəmova "XX əsrin əvvəllərində Naxçıvanda sosial-siyasi vəziyyət", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan professor Aybəniz Rəhimova "AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan hekayətlər", filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli "Elbasanlı Dərviş Osman Sinəçakın Əlyazmalar İnstitutunda saxlanılan “Gülşəni-İrfan” əsəri", AMEA Memarlıq və İncəsənət İnstitutundan Aynur Ələkbərova "Qobustanda yeni texnologiyaların tətbiqi və onların mədəni turizmə təsiri", AMEA Nizami adına Ədəbiyyat İnstitutundan Leyla Həsənzadə "Müasir Koreya nəsrində sosial transformasiya və tərcümə problemləri: Hyon Jin-Geon, Na Do-Hyang və İ.Munun yaradıcılığı əsasında", Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universitetindən professor Şikar Qasımov "Azərbaycan Xalq Cümhuriyyəti ədəbi, bədii və sosial-siyasi qurumların fəaliyyətləri üçün geniş şərait yaratmışdır", "Azərbaycan məktəbi" jurnalından Arzu Həsənli "Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti", Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydən Zeynəb Vəliyeva "Məktəblilərə keçmişi tanıtmaq: məktəb əməkdaşlıqlarında muzeylərin rolu", Könül Quliyeva "Azərbaycan ali təhsil müəssisələrində fəaliyyət göstərən muzeylər və onların təhsil ilə qarşılıqlı əlaqəsi", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyindən dosent Həbibə Əliyeva "Azərbaycanın Qusar bölgəsindəki məscid kitabələrinin öyrənilməsi", Azərbaycan Milli İncəsənət Muzeyindən Məhbarə Abbasova "Elçin Aslanovun yaradıcılıq yolu: Milli mədəniyyətin tədqiqatçısı və sənətkarı", Quba Soyqırım Memorial Kompleksindən tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Böyük Ermənistan xülyası” uğrunda daşnak erməniləri tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilən Quba soyqırımı (aprel–may 1918-ci il)", "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğundan tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva "Damcılı mağara düşərgəsində arxeoloji təkamül və mədəni davamlılıq", "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğundan Musa Mursaquliyev "Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqi", "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğundan Günel Pirquliyeva "Çıraqqala: tarixi-arxeoloji tədqiqatlar və bərpa–konservasiya təhlilləri", Azərbaycan Respublikası Dövlət Turizm Agentliyindən dosent Günel Seyidəhmədli "Azərbaycan məzar daşlarında “Həyat ağacı” simvolunun semantikası və estetikası", "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Ceyhun İsmayılov "Avropa rəssamlıq sənətində Azərbaycanın orta əsr dövlət xadimlərinin portretləri", İsmayıllı Regional Turizm İdarəsindən Günay Rzayeva "İsmayıllı bölgəsi: Azərbaycanın təbii və mədəni turizm incisi", Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova "Seyid Yəhya Bakuvinin dini-fəlsəfi görüşləri", Faiq Nəsibov "Abşeronun qədim arxeoloji irs abidələri" mövzularında məruzə ediblər.

Konfrans çərçivəsində incəsənət sərgisi də təşkil olunub. Sərgidə ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğundan bərpaçı-heykəltəraş Vüqar Quliyev, Azərbaycan Milli Xalça Muzeyindən bərpaçı Sonaxanım Kərimova, Salyan Uşaq Gənclər İnkişaf Mərkəzindən Sevinc Bünyatova təmsil edib. 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.

 
Oxunub : 38