Hər il ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi boyaqlar, orqanik piqmentlər, təbii və sintetik boyaqlar, onların tarixi, kimyəvi tərkibi, tətbiqi və xarakteristikasına dair mövzularda aparılan yeni tədqiqatların geniş elmi ictimaiyyətə təqdim edilməsidir.
Hər il ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi boyaqlar, orqanik piqmentlər, təbii və sintetik boyaqlar, onların tarixi, kimyəvi tərkibi, tətbiqi və xarakteristikasına dair mövzularda aparılan yeni tədqiqatların geniş elmi ictimaiyyətə təqdim edilməsidir. Konfransda Fransa, Böyük Britaniya, Çin, Yaponiya, İtaliya, İspaniya, Portuqaliya, Niderland, Türkiyə, Yunanıstan, Polşa, Nigeriya, ABŞ, Rumıniya, İsrail və digər ölkələrdən olan kimyaçılar, konservasiyaçılar, tarixçilər, arxeoloqlar, sənətkarlar iştirak ediblər. Azərbaycanı beynəlxalq konfransda MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, bərpaçı-rəssam Vüqar Quliyev, peşəkar fotoqraf Məmməd Rəhimov və tərcüməçi-araşdırmaçı Şölə Bayramova təmsil edib. Onlar "Azərbaycanda yeni arxeoloji və etnoqrafik tədqiqatlarda təbii boyaqlar" və "Azərbaycanın xalçaçılıq sənətində boyaq" mövzularında məruzə və poster-məruzə ilə çıxış ediblər. Bildirilib ki, 2010-cu ilin mart ayından Orta əsr Ağsu şəhərində başlayan arxeoloji tədqiqatlar zamanı içərisində iri boyaq küplərinin olduğu boyaq dükanı aşkar olunub. Küplərin iç divarındakı boyaq təbəqəsi və torpağa tökülmüş boyaq tozları Türkiyənin Mərmərə Universitetində Prof.Dr. Recep Karadağın rəhbərliyi ilə analiz olunub. Bəlli olub ki, küplərdə boyaqotu (madder - Rubia Tinctorium L.) saxlanılıb. Ümumiyyətlə, XVIII əsrdə Azərbaycanın boyaqotu ixrac etdiyi rəsmi sənədlərdə də öz əksini tapıb. Orta əsr Ağsu şəhəri əhalisindən toplanan vergilərin yarısından çoxu da təbii boyaqdan gəlirdi. Məruzədə İsmayıllı rayonu Basqal kəndinin tarixən boyaqçılıqla məşğul olduğu xüsusi qeyd edilib. İctimai təşəbbüslə başlanan təbii boyaqçılığın inkişaf etdirilməsi və yenidən topluma qazandırılması layihəsi nəticəsində Basqalda boyaqçı emalatxanası bərpa edilib, burada kiçik İpək Muzeyi yaradılıb. Sarağan adlanan kol bitkisinin budaqlarından boyaqçılıqda istifadə edən Basqal boyaqçıları kəlağayı adlanan yerli tekstil nümunəsini hazırlayırlar. Konfransın təşkilatçılarına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və "Azərilmə" xalça istehsalı şirkətinin nəşri olan kitab, broşür, jurnal və disklər təqdim olunub. Qeyd edək ki, konfransın təşkilatçısı Fransanın Arrdhor-Critt Horticole təşkilatıdır. Bundan öncə konfrans Mançester, Lion, Grinviç, Brüssel, Edinburq, Amsterdam, Aviqnon, Riggisberg, Montpellye, Liverpul, Suceava, Vyana, İstanbul, Poznan, Lissabon, Derbi və Antverpen şəhərlərində keçirilib.Sonda 33-cü Beynəlxalq Tarixdə və Arxeologiyada Təbii Boyaqlar (DHA) Konfransının 30-31 oktyabr 2014-cü il tarixdə Böyük Britaniyanın Qlazqo (Şotlandiya) şəhərində keçirilməsi elan olunub. |