2013-cü il iyulun 30-da “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (www.miras.az) həyata keçirdiyi “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyini ilə gerçəkləşib.
Mətbuat konfransında birliyin sədri, layihənin eksperti tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanda belə bir layihənin gerçəkləşdirilməsinə ehtiyac doğuran səbəblərdən danışdı və layihə haqqında ümumi məlumat verdi.
Daha sonra tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği”mövzusunda hazırlanmış ictimai məzmunlu videoçarx təqdim olundu.
Layihənin eksperti, professor Qafar Cəbiyev görülən işlərin əhəmiyyətindən, ümumiyyətlə Azərbaycanda tarix və mədəniyyət abidələrinin öyrənilməsi prosesindən söhbət açdı.
Layihənin koordinatoru, birlik sədrinin müavini Arzu Soltan qeyd etdi ki, 2013-cü ilin may-iyul aylarını əhatə edən layihə gerçəkləşdirildiyi müddətdə Azərbaycanın 6 bölgəsində tarix və mədəniyyət abidəlrinə ictimai münasibət araşdırılıb. Layihənin yekununda əldə olunan nəticələr əsasında abidələrin bərpası, onların qorunması və təbliği ilə bağlı memarlıq, hüquqi və maarifləndirici aspektləri özündə əks etdirən tövsiyələr hazırlanıb və “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: araşdırma, təklif və tövsiyələr” kitabçası nəşr olunub.
Mətbuat konfransında adı çəkilən kitab da tədbir iştirakçılarına təqdim olundu.
Sonda iştirakçıları maraqlandıran suallara cavab verildi.
Tədbirdə professor Abbas Seyidov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin əməkdaşı Şahin Şahbazov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Fərid Qəhrəmanov, tarixçilər, arxeoloqlar, mədəni irslə bağlı digər QHT nümayəndələri, müxtəlif KİV-lərin əməkdaşları, MİRAS üzvləri iştirak edirdilər. |