AZE ENG
Facebook
Twitter Google Myspace
Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində mədəni irs düşərgəsi təşkil olunmuşdur
29-8-2013

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 22-29 avqust tarixlərində Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində Mədəni irs düşərgəsi təşkil etmişdir. Düşərgənin məqsədi gənclərimizi mədəni irs abidələrimizlə əyani tanış etmək, onların bilik və bacarıqlarını eyni zamanda nəzəri və təcrübi əsaslarla artırmaq, alimlərimizlə seminar və görüşlər keçirmək, gənclər arasında ünsiyyəti genişləndirməkdir. Düşərgədə MİRAS İctimai Birliyinin üzvü olan müxtəlif universitetlərin və elmi müəssisələrin tələbə, magistr və gənc tədqiqatçıları yaxından iştirak etmişlər.
İlk gün (22 avqust) Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ilə tanışlıq oldu. Gənclərə bildirildi ki, XVIII əsrin, xanlıqlar dövrünün Azərbaycanda həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük şəhəri olan Ağsuda arxeoloji tədqiqatlar 2010-2012-ci illərdə aparılmış, 1,5 hektar sahə öyrənilmişdir. Tikili qalıqları konservasiya olunmuş, təbii və antropogen təsirlərdən qorumaq üçün bəzi sahələrin üzəri örtülmüşdür, nəticədə istənilən fəsildə turistlərin qazıntı sahələrini ziyarət etmək imkanları yaranmışdır.
Qazıntı sahələri ilə tanışlıqdan sonra gənclərin hazırladığı “Tariximiz zibillənməsin!” sosial çarxının çəkilişi həyata keçirilmişdir. MİRAS İctimai Birliyi Bərpa və Sərgilər şöbəsinin müdiri, gənc fəal Toğrul Muxtarovun rəhbərlik etdiyi təşəbbüs qrupunun müəllifi olduğu sosial çarx Azərbaycan Gənclər Fondunun “Ən yaxşı sosial çarx” müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır.
İkinci gün (23 avqust) tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində gənclər arasında iş bölgüsü aparılaraq, arxeoloji qalıqların və tapıntıların konservasiya-təmizlənməsi, sərgisinin təşkil olunması istiqamətində işlər görülmüşdür. Bu işlər hər gün 5 saat olmaqla (saat 08.00-13.00) həyata keçirilmiş, gənclərin təcrübə qazanmasına və əyani biliklərinin artmasına kömək etmişdir.
1-ci qrup (Zəka Babazadə, Rahim Rəhimli və Seymur Əsəd) Cümə məscidinin döşəməsi altından keçən və 2011-ci ilin arxeoloji qazıntıları zamanı üzə çıxmış şəhərin əsas su xəttini təmizləmişdir. İki tərəfi çaydaşı ilə hörülmüş, yerinə gil və qum təbəqəsi verilmiş, üzərinə çaydaşı və mədəndaşı qoyulmuş iri su xəttinin qovşaq hissəsi də təmizləmə zamanı üzə çıxmışdır. Hal-hazırda Cümə məscidinin üzəri örtülmüş, içərisində konservasiya işləri davam etdirilir.
2-ci qrup (Tural Əliyev, Arslan İsmayılzadə və Fərid Hüseynov) Cümə məscidinin qarşısındakı şəhərin baş meydanını 16 kv.m. sahədə torpaq qatından təmizləmişdir. Meydan çaydaşı ilə səliqəli döşənmiş, bəzi yerlərdə ağac əkilməsi üçün kiçik yerlər üzə çıxmışdır.
3-cü qrup (Albina Rzayeva, Yaqut Abiyeva və Rasim Abdurəhmanov) 2012-ci ildə VII qazıntı sahəsində buzxana-anbardan aşkar olunmuş mis qabları torpaqdan təmizləmiş, onları nümayiş olunması üçün hazırlamışdır. Bütün təmizlənmiş eksponatların fotoları peşəkar fotoqraf Məmməd Rəhimov tərəfindən çəkilmişdir. Mİs qablar V qazıntı sahəsində, Cümə məscidində qoyulmuş vitrinlərdən birində yerləşdirilmişdir.
4-cü qrup (Toğrul Muxtarov, Aytən Məmmədli və Cəfər Mənsimi) III qazıntı sahəsindəki sərgi zalında bütün vitrinlərdəki materialları yenidən təsnif etmiş, yeni etiketlər qoymuşlar. Etiketlərin Azərbaycan dili ilə yanaşı, ingilis dilində də tərtib olunması nəzərdə tutulur.
Düşərgə zamanı hər gün tanınmış alimlərin seminarları dinlənilmiş, Ağsu və İsmayıllının müxtəlif mədəni irs abidələri ziyarət olunmuşdur. Professor Qafar Cəbiyev “Azərbaycanda yeni arxeoloji tədqiqatlar”dan bəhs edən seminarında dövlətin bu sahəyə qayğısı və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun gördüyü ən son işlərdən danışmışdır. Professor Kamil İbrahimov “Bakıda arxeoloji tədqiqatlar və konservasiya işləri”, eləcə də “Bakı tipləri” mövzusunda seminarlarında gənclərdə maraq oyadan məqamlara toxunmuş, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalasında arxeoloji tədqiqatlar, Bakının müxtəlif dövrləri əhatə edən rəsmləri, Bakının XIX əsr insanını təsvir edən fotoları haqqında geniş məlumat vermişdir. Professor Abbas Seyidov “Naxçıvanda arxeoloji tədqiqatlar”a dair seminarında Naxçıvanda son illərdə aparılan arxeoloji qazıntılar, konservasiya işləri, beynəlxalq ekspedisiyalar barədə məlumat vermişdir. Professor Vüqar Mikayılovun “Azərbaycanda qədim içki mədəniyyəti və Az-Granata” mövzusunda seminarı Az-Granata Şirə və Şərab Zavodunda təşkil olunmuş, zavodun nar və üzümdən hazırlanan yerli və yeni məhsulları ilə tanışlıq olmuşdur. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “MİRAS İctimai Birliyinin mədəni irs fəaliyyətləri” mövzusunda seminarı MİRAS İctimai Birliyinin arxeoloji tədqiqatlar, konservasiya və bərpa işləri, təbliğat baxımdan fəaliyyətini əks etdirmişdir.
Düşərgə iştirakçıları Ağsu rayonu ərazisində Növcü Daş Qoç Qəbirləri Xatirə Abidəsi, İlk Orta əsr Mehravan Qalası, XIV əsrə aid Şeyx Dursun Türbəsi, Cavanşir Su Anbarı, Az-Granata Şirə və Şərab Zavodu, İsmayıllı rayonu ərazisində Basqal İpək Mərkəziində ekskursiyalarda olmuşlar.
Düşərgə iştirakçıları MİRAS İctimai Birliyinin xüsusi sertifikatları ilə təltif edilmişlər. Mədəni irs düşərgələrinin davam etdirilməsi nəzərdə tutulur.

Oxunub : 2966