“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (www.miras.az) 2013-cü il iylun 30-da Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi zalında mətbuat konfransı keçirəcək. Mətbuat konfransı birliyin həyata keçirdiyi “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsinin yekunlarına həsr olunur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşib.
2013-cü il may-iyul aylarını əhatə edən layihə çərçivəsində Şirvan və Gəncə-Qazax bölgəsində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği ilə bağlı mövcud vəziyyətin monitorinqi və araşdırılması aparılıb.
Layihə çərçivəsində keçirilən sorğular əsasında ekspertlərin iştirakı ilə abidələrin bərpası, onların qorunması və təbliği ilə bağlı memarlıq, hüquqi və maarifləndirici aspektləri özündə əks etdirən tövsiyələr hazırlanıb və “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: araşdırma, təklif və tövsiyələr” kitabçası nəşr olunub.
Bundan başqa, layihə çərçivəsində “Mədəni irsimizə ictimai münasibət” adlı ictimai xarakterli videorolik hazırlanıb.
Layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında görülmüş işlər haqqında ətraflı məlumat verilməklə yanaşı, kitabça və videorolikin tədbir iştirakçılarına təqdim olunması nəzərdə tutulur.
|