2013-cü il oktyabrın 11-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə Lənkəran Özəl Türk litseyində mədəni irs seminarı keçirilib. Seminarlar Yurtdığı Türkler ve Akraba Toplululuklar Başkanlığının dəstəklədiyi “Böyük Türk sufisi Seyid Yəhya Şirvaninin Türk Dünyası və Balkanlara Təsirləri” layihəsi çərçivəsində həyata keçirilir. Məlum olduğu kimi, UNESCO vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü ili Seyid Yəhya Bakuvi (Şirvani) ili elan edib və bu seminar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümünə və Seyid Yəhya Şirvaniyə həsr olunub.
Seminarı litsey müdirinin müavini Mihrac Güngör açaraq onun əhəmiyyətindən danışıb və sözü qonaqlara verib.
Qafqaz Araşdırmaları İnistitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım seminarda məruzə ilə çıxış edib. Böyük sufi mütəfəkkiri Seyid Yəhya Şirvaninin irsi haqqında məktəblilərə ətraflı məlumat verən məruzəçi həm də suallar vasitəsilə məktəblilərin bu istiqamətdə nə qədər məlumatlı olduğunu üzə çıxarıb. Başlanğıcını məhz Azərbaycanın cənub bölgəsindən götürən təsəvvüf məktəbi, onun tarixdə və mədəniyyətdə yeri haqqında danışan alim bu yöndə daha geniş məlumat almaq üçün mənbələrlə də iştirakçıları tanış edib.
MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli öz məruzəsində məktəbliləri Azərbaycan tarixini daha yaxşı öyrənməyə və tarixi yazmağa çağırıb.
Qafqaz Araşdırmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Minəxanım Təkləli də çıxışında iştırakçılara bu gün aldıqları bilgiləri dəyərləndirməyi tövsiyə edib.
Litseyin müdiri Rüfət Əliyev təhsil ocağının uğurlarından, məzunlarının təhsilini dünyanın müxtəlif ali məktəblərində davam etdirməsindən danışıb. Qeyd edib ki, bəzən keçmiş şagirdlər xaricdəki ali məktəblərdə Azərbaycan torpaqları ilə bağlı fərqli fikirlər eşidib bizə suallar ünvanlayırlar. Biz isə, bu torpaqdakı tarix və mədəniyyət abidələrinə arxalanıb onlara cavab veririk ki, bu torpaqların bizim əcdadlarımıza məxsus olması mübahisə obyekti ola bilməz. Odur ki, həqiqətən tariximizi və mədəniyyətimizi yetərincə öyrənmək hər bir vətəndaşın vəzifəsidir.
Seminar iştirakçılarına Mehmet Rıhtımın nəşrə hazırladığı Seyid Yəhya Şirvaninin Şəfa əl Əsrar kitabı və MİRAS İB-nin nəşrləri hədiyyə edilib.
|