Cəmiyyətin hər bir üzvünün baş verən proseslərdə yaxından iştirak iştirak etmək, əlamətdar və tarixi günləri qeyd etmək haqqı var. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi məhz bu düşüncəyə əsaslanaraq 2 Fevral Gənclər günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanasında oxucularla görüş keçirdi.
Görüşdə kitabxana direktorunun müavini Tofiq Balayev çıxış edərək 2012-ci ilin mayından başlayaraq MİRAS İB ilə əməkdaşlıqda həyata keçirilən “Xeyirxah oxucu” layihəsininin gedişi haqqında məlumat verdi. Məlumat üçün deyək ki, layihə çərçivəsində MİRAS İctimai Birliyinin üzvləri könüllü olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün kitabların səsləndirilməsində iştirak edir. Eləcə də layihədə iştirak edənlərə audiokitabların hazırlanması, montaj və s. proseslər öyrədilir.
Tofiq Balayev hazırda kitabxananın 5000-ə yaxın oxucusunun, 10000-ə yaxın kitab fondunun olduğunu qeyd etdi. Oxucular kitabxanalara ən müxtəlif ədəbiyyat üçün müraciət edirlər, burada evlərə xidmət də təşkil olunub. Kitabxanadakı kitabların müəyyən hissəsi sovet dövründən qalma, kiril əlifbası ilə olan kitablardır. Bundan başqa, Brayl əlifbası (görmə məhdudiyyəti olan insanlar üçün xüsusi əlifba) ilə olan kitablar zaman keçdikcə sıradan çıxır və oxunmaz hala gəlir. Kitabxananın Braylt çap maşınına ehtiyacı olduğunu dedi.
Direktor müavininin sözlərinə görə, müasir texnologiyaların yaratdığı imkanlar sayəsində indi kitabxanaların oxucuları üçün audiokitabları dinləmək daha rahatdır. Tofiq Balayev bu yaxınlarda Türkiyədə səfərdə olduğunu, orada da gözdən əlillər üçün audiokitabların hazırlanması təcrübəsini öyrəndiyini bildirdi. Türkiyədə bu prosesdə könüllülərin geniş iştirak etdiyini dedi.
Kitabxana direktorunun müavini MİRAS İctimai Birliyinin könüllülərinin ötən müddət ərzində artıq bir neçə kitab səsləndirdiyini və montaj işində yaxından iştirak etdiyini yüksək qiymətləndirdi və birliyin uşaq və gənclərlə iş şöbəsinin rəhbəri Nicat Nuriyev, şöbənin üzvləri, könüllülər Elmar İsrafilli və Fatimə Yusifovaya təşəkkürünü bildirdi. O, xüsusilə görmə qabiliyyəti məhdud olan abituriyentlər üçün vəsaitlərin səsləndirilməsinə ehtiyac olduğunu vurğuladı. Bu sahədə müəyyən işlərin artıq görüldüyünü də dedi.
Tofiq Balayev ali məktəblərin aktyorluq və jurnalistika fakültələrinin tələbələrinin bu işə cəlb olunmasının onların özü üçün də yaxşı təcrübə olacağını vurğuladı.
MİRAS İB sədrinin müavini Arzu Soltan bu günkü görüşün layihənin gedişi ilə tanış olmaq, gənc oxucuların ehtiyaclarını öyrənmək, layihəyə yeni üzvlərinin cəlb olunması məqsədi daşıdığını vurğuladı.
Kitabxananın görüşdə iştirak edən oxucularından Fərid Fərmanov, Qocabəy Aslanov və başqaları onları narahat edən məsələlərə toxundular. Fərid Fərmanov qeyd etdi ki, gözdən əlil olan insanın oxumaqdan, savadlı olmaqdan başqa yolu yoxdur. Təəssüf ki, bölgələrdə olan əlil insanların belə imkanları məhduddur.
T.Balayev isə, hazırlanan audikitabların Əlillər Cəmiyyətinin bölgələrdəki şöbələrinə də göndərildiyini, gələcəkdə kitabxananın saytına da yerləşdiriləcəyini bildirdi. Odur ki, səsləndirilmiş kitablar nə qədər çox olsa, o qədər yaxşıdır.
Kitabxanaçı Nazlı Əliyeva da kitabxananın ehtiyaclarından danışdı. Gözdən əlil insanların KİV-in diqqətinə ehtiyac duyduğunu bildirdi. Onun sözlərinə görə, görmə qabiliyyəti zəif olanlar arasında kifayət qədər bacarıqlı, istedadlı, müxtəlif yaradıcılıq növləri ilə məşğul olan insanlar var. Onlarla maraqlanmaq, onları tanıtmaq, onları həyata bağlamaq lazımdır.
Audiokitabların oxunmasında yaxından iştirak edən könüllü Fatimə Yusifova da gözdən əlil insanların ehtiyaclarına yaxşı bələd olduğunu dedi. Qeyd olundu ki, hazırda bu cür insanlar üçün məktəbəqədər təlim müəssisələrinin olmaması da bir problemdir.
Sonda çıxış edən MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Xeyirxah oxucu” layihəsinin artıq yeni mərhələyə keçdiyini qeyd etdi. Gözdən Əlillər Kitabxanası ilə əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyini, bu günkü görüşdə səsləndirilən fikirlərin nəzərə alınacağını və bu istiqamətdə MİRAS İB-nin imkanları çərçivəsində olan işlər görüləcəyini, birgə layihələrin hazırlanacağını vurğuladı.
Kitabxanaya MİRAS İB-nin istehsalı olan nəşrlər və filmlər hədiyyə olundu.
|