AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsuda arxeoloji tədqiqatlar
4-7-2010

Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xarabaşəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir. Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitə keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi İran ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub.
Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Abidənin ətrafında 4 qəbiristanlıq var. Onlardan daha yaxşı qalanı şimal -qərb istiqamətindəki qəbiristanlıqdır. XVIII əsrin sonlarına aid olan bu qəbiristanlıqda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.
XIX əsrin əvvəllərində Ağsu şəhəri süqut edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı və təsərrüfat işləri aparılmayıb. Bu, o deməkdir ki, orada şəhərin tikintiləri, istehsalat ocaqları, küçə və meydanları Azərbaycanın digər şəhərləri ilə müqayisədə daha yaxşı qalmışdır. Bütün bunlar isə bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin daxili plan quruluşunu, memarlıq xüsusiyyətlərini, abadlıq, sanitariya və su təchizatı məsələlərini, şəhər sənətkarlığının inkişaf səviyyəsini, ayrı-ayrı sənət sahələrində müşahidə olunan inkişaf və ya tənəzzül meyillərini öyrənmək baxımından son dərəcə mühüm elmi əhəmiyyət kəsb edir. Başqa sözlə, Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir.
Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən, kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. Bu ilin mart ayından etibarən "Miras" İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Şəhərin sənətkarlar məhəlləsinə aid edilən 600 kvadratmetrlik sahədə artıq tədqiqatlar başa çatdırılıb. Şimal qala divarları yanındakı 2048 kvadratmetrlik sahədə də arxeoloji axtarışlar sona yetmək üzrədir.
1983-cü il qazıntılarında olduğu kimi, builki tədqiqatlar zamanı da mədəni təbəqənin üst qatında bir-birinin ardınca çoxsaylı tikinti qalıqları qeydə alınmışdır. Bunlar əsasən çay daşından hörülmüş bina qalıqlarıdır. Yanıq izlərinə, metal külçə və şlak nümunələrinə, bir-birinin yaxınlığında olan çoxlu ocaq yerləri və yardımçı tikintilərin qalıqlarına da kütləvi şəkildə rast gəlinir. Bir neçə yerdə aşkar olunan və kifayət qədər geniş sahəni əhatə edən daş döşənmiş küçə və meydan qalıqları orta əsr şəhərlərində abadlıq və şəhərsalma problemlərini daha əhatəli şəkildə öyrənmək baxımından böyük maraq doğurur. Aşkar edilmiş divar qalıqlarının əsasən ev-otaq, anbar, emalatxana və ya dükan yerləri olduğu şübhə doğurmur. Sahəsi 38,7 kvadratmetr olan ev - otaq nisbətən daha yaxşı qalmışdır. Tədqiq olunan ev-otaqlardan birində çoxlu oymaq, qayçı, bıçaq, düymə, məişətdə işlədilən şüşə və saxsı qab nümunələri üzə çıxmışdır. Şəhərin şimal qala divarlarına bitişik ərazidə uzunluğu 16, eni 4,9 metr olan kifayət qədər mürəkkəb memarlıq quruluşu ilə diqqəti cəlb edən daha bir bina qalığı aşkar edilmişdir. İçərisi təmizlənərkən orada səliqə ilə yonulmuş səki daşları, üzərində oyma üsulu işlənmiş təsvirləri olan daş lövhələr və müxtəlif ölçülü daş piltələr aşkar edilmişdir. Binanın qarşı tərəfi daş piltələrlə səliqə ilə döşənmişdir. Bir qədər aralıda açılmış birotaqlı ev isə çox zəngin divar bəzəkləri ilə bəzədilməsi baxımından maraq doğurur. Maraqlı tapıntılardan biri də nisbətən yaxşı qalmış hamam kompleksidir.
Tədqiq olunan ərazidə çoxsaylı xırda, yardımçı bina qalıqları qeydə alınıb. Yardımçı tikintilərin əsasən kiçik ölçülü quraqlıq, təndirxana və emalatxana tipli binalardan ibarət olduğu güman edilir. Onların əksəriyyəti təkqat daş divarlar və o qədər də mürəkkəb olmayan ağac konstruksiyalardan ibarətdir.
Aşkar edilən yardımçı tikililərin böyük bir qrupu anbar və sənətkar emalatxanalarından ibarətdir. Xatırladaq ki, bu tip bina qalıqları ilə yanaşı, oradan tapılmış çoxsaylı maddi mədəniyyət nümunələri də həmin ərazidə bu və ya digər sənət sahələri üzrə ixtisaslaşmış emalatxanaların mövcudluğuna dəlalət edir. Məsələn, döymə və misgərlik sənətində istifadə olunmuş ocaq-körükxanalar, itiuclu metal əşyalar, maqqaş, maşa və qəliblər, hazır və ya yarımfabrikat halında olan mis məmulatı, habelə çoxlu miqdarda istehsalat çıxarı orada əsasən misgərlik məmulatları istehsalından xəbər verir. Tədqiqatlar zamanı aşkar edilmiş müxtəlif formalı və müxtəlif ölçülü daş və metal qəliblərdə tökmə üsulu ilə rəngarəng çeşidli nəfis metal məmulatı istehsal olunub. Bu cür qəliblərdən istifadə olunması, təbiidir ki, istehsalın yüksək dərəcədə ixtisaslaşdığından və onun kütləvi miqyas aldığından xəbər verir.
Öyrənilən ərazidə çoxlu miqdarda dəmir külçə və şlaklara təsadüf olunb. Xatırladaq ki, bu qəbildən olan tapıntıların sayı yüzlərlədir. Bu, o deməkdir ki, həmin tapıntıların aşkar edildiyi yerdə uzun müddət, həm də fasiləsiz olaraq dəmirçi emalatxanaları fəaliyyət göstərib.
Emalatxanaların mövcud olduğu ərazidən həmçinin çoxlu miqdarda sümük məmulatı nümunələri aşkar edilib. Sümükdən hazırlanmış bıçaq və xəncər dəstəkləri, biz, üzük və halqalar buna misaldır. Həmin ərazidən, həmçinin kəsilmiş, yonulmuş və yaxud da istifadə üçün tədarük olunmuş çoxsaylı sümük nümunələri və onların tullantılarının topa şəklində atıldığı quyu-çökəklik tapılıb. Bütün bunlar onu deməyə əsas verir ki, öyrənilən ərazidə dəmirçi və misgər emalatxanaları ilə yanaşı, həm də sümükişləmə sənəti ilə məşğul olan ustaların çalışdığı emalatxana da fəaliyyət göstərib.
Tədqiqatlar zamanı misgər və dəmirçi emalatxanaları yaxınlığında bir-birinin yanında yerə basdırılmış iri həcmli təsərrüfat küpləri aşkar edilib. Həmin küplərdən dördünün içərisində qırmızı və ya çəhrayı rəng boya qalıqları qeydə alınıb. Bu isə o deməkdir ki, həmin küplərdə uzun müddət ya boyaq maddələri saxlanılıb, yaxud da onların içərisində boyaq məhlulu hazırlanıb. Xatırladaq ki, Ağsu XVIII əsrin sonu - XIX əsrin əvvəllərində boyaqçılıq sənətinin xüsusilə geniş yayıldığı Azərbaycan şəhərlərindən biri hesab edilir. XIX əsrin əvvəllərinə aid mənbənin yazdığına görə şəhər sənətkarlarından toplanan verginin yarıdan çoxu məhz boyaqçı ustaların payına düşürdü.
Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, Ağsu orta əsr şəhər yerində aşkara çıxarılan tikinti qalıqları, istehsalat ocaqları, istehsal çıxarları, əmək alətləri və nəhayət, hazır məmulat nümunələri şəhərin sənətkarlar məhəlləsinin məhz həmin ərazidə yerləşdiyini deməyə əsas verir. Orada aşkar olunan və plan quruluşu etibarilə ev-otaq yerləri kimi səciyyələndirilən bina qalıqlarının da məhz sənətkarlara aid anbar, dükan, yaxud da yaşayış evləri olduğu şəksizdir.
Diqqəti cəlb edən ən mühüm məqamlardan biri də odur ki, qeyd olunan tikinti qalıqları bir çox hallarda bir-birinin üstündə olmaqla biri digərini kəsib. Bu o deməkdir ki, həmin şəhərin yerində XVIII əsrə və XIX əsrin əvvəllərinə aid olmaqla qalınlığı təqribən 1,4 -1,6 metr təşkil edən mədəni təbəqədə ən azı 3 tikinti qatı mövcud olub. Hansı ki, bunları ayrı-ayrı tikinti dövrləri kimi də səciyyələndirmək olar.
Tədqiq olunan sahədən zəngin və rəngarəng çeşidli maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Tapıntılar içərisində mis və gümüş sikkələr, metal, keramika, şüşə, daş və sümükdən hazırlanmış rəngarəng çeşidli əşyalar və əmək alətləri çoxluq təşkil edir.
Qədim Girdman və Şirvan əhalisi inşaat materialı kimi əsrlər boyu Ağsu və Girdman çaylarının zəngin daş və çınqıl ehtiyatlarından, habelə ərazidəki daş yataqlarından istifadə edib. Ağsu orta əsr şəhərinin yerində aşkar edilmiş tikintilərdə də məhz həmin material ehtiyatlarından geniş istifadə olunubdur. Yerli sakinlər tikinti, abadlıq və quruculuq işləri ilə yanaşı, məişət, təsərrüfat və sənətkarlıqda da xammal kimi daş ehtiyatlarından bacarıqla istifadə ediblər. Tapıntılar içərisindəki daş qəliblər, ərzaq, metal və gön-dəri məmulatlarını döyərək tələb olunan formaya salmaq məqsədilə istifadə olunan kvadrat və ya dairəvi formalı daş lövhələr, misgərlik və dəmirçilik emalatxanası olan ərazidən tapılmış iri ölçülü mədən daşlarından yonulmuş müxtəlif ölçülü və müxtəlif formalı daş vannalar bu cəhətdən böyük maraq doğurur.
Artıq yuxarıda qeyd olunduğu kimi, tədqiqatların gedişi zamanı metaldan hazırlanmış tapıntılara tez-tez təsadüf olunub. Misgərlik, döymə işi və dəmirçilik məmulatları istehsalı üzrə ixtisaslaşmış emalatxanalarda və onlara yaxın ərazilərdə çoxlu miqdarda metal külçə və şlak nümunələri qeydə alınıb. Bu, o deməkdir ki, ticarət yolu ilə gətirilmiş mis və dəmir külçəsi məhz həmin emalatxanalarda kəsilərək, doğranaraq, döyülərək, əridilərək bazarın tələbatına uyğun olaraq müxtəlif növ məmulat istehsal olunmuşdur. İstifadə olunmamış qalan metal külçələr isə çox güman ki, həmin ərazidə istehsal prosesinin bu və ya digər səbəb ucbatından qəflətən dayandırılması ilə əlaqədar ola bilərdi.
Ağsu tapıntıları içərisində dəmirdən hazırlanmış bir neçə ədəd müxtəlif ölçülü və müxtəlif formalı qəlib elmi cəhətdən xüsusilə çox böyük maraq doğurur. Məişət əşyaları sırasında ən çox təsadüf olunan əşya mis oymaqlardır. Misdən hazırlanmış üzük və asma bəzəklər tərəzi gözü, qaşıq, toqqa, düymə, maşa və maqqaşa bənzər əşyalar, bir çoxunun üzərində döymə üsulu ilə işlənmiş şəbəkə formasında təsvirləri olan lövhələrə də tez-tez təsadüf olunur. Üzərində döymə üsulu ilə insan təsviri işlənmiş buta formalı mis əşya xüsusilə böyük maraq doğurur.
Tapıntılar içərisində gümüşdən hazırlanmış bir neçə bəzək əşyası da var. Onlardan biri əqiqdən qaşı olan üzükdür. Üzüyün qaşı üzərində ərəb əlifbası ilə "Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn" sözləri yazılıb. Gümüşdən hazırlanmış zəncir qolbaq da maraqlı tapıntılardandır. Ərazidən tapılmış dulusçuluq məmulatı əsasən şirsiz və şirli qablardan, qismən də inşaat keramikasından ibarətdir. Şirsiz saxsı məmulatı əsasən iri təsərrüfat küpləri, qazan nümunələri, rəngarəng çeşidli su qabları, süd məhsullarının emalı və saxlanması üçün istifadə olunan qablar, habelə çıraqlar, piydanlar və dibçək qabları ilə təmsil olunur. Bu nümunələrin əksəriyyəti həm texnoloji xüsusiyyətləri, həm də ənənəvi formalarda baş verən dəyişikliklər baxımından əvvəlki əsrlərə aid analoji nümunələrdən hissolunacaq dərəcədə fərqlənir. Şirli saxsı məmulatı isə daha çox müxtəlif həcmli kasa, piyalə və boşqab tipli qablardan ibarətdir. Bunların da əksəriyyəti anqob naxışlı nümunələrdən, yaxud da səthi şabalıdı və ya sarımtıl rəng boya ilə saya örtülmüş nümunələrdən ibarətdir. Tək-tək hallarda yaşıl, göy və firuzəyi rənglərlə saya şirlənmiş kasa və boşqab nümunələrinə də təsadüf olunur. Diqqəti cəlb edən odur ki, şirsiz qablardan fərqli olaraq məişətdə işlədilən şirli qablar texniki və texnoloji baxımdan daha mükəmməl hazırlanıb. Onlar XVI- XVII əsrlərə aid analoji nümunələrlə müqayisədə həm texniki və texnoloji, həm də dekor rəngarəngliyi baxımından daha yetkin istehsalat nümunələri kimi dəyərləndirilə bilər. XVIII əsrin ortalarına aid nadir kaşı nümunəsi öz bədii dəyəri baxımından xüsusilə mühüm əhəmiyyət kəsb edir. Kaşının üzərində müxtəlif boyalardan məharətlə istifadə olunmaqla Azərbaycanın orta əsr miniatür sənəti üçün xarakterik olan çox maraqlı səhnə işlənib. Oradakı təsvirlər bütövlükdə insanın insanla və canlı təbiətlə real təmasının parlaq nümunəsi kimi dəyərləndirilə bilər.
Məlum olduğu kimi, indiyədək Azərbaycanın orta əsr şəhərlərindən tapılan fayans və farfor məmulatının əksəriyyəti Avropa və Şərq ölkələrindən gətirilmiş nümunələrdir. Tapıntılar içərisində İran, Çin və Avropa istehsalı olan nümunələr xüsusilə çoxluq təşkil edir. Bunlar əsasən kiçik ölçülü kasa, piyalə və qədəh tipli qablardır. Əsasən varlı təbəqənin kifayət qədər dəbdəbəli həyat tərzinin göstəricisi olan bu əşyaların ticarət yolu ilə daha çox İran, Çin, Rusiya, Almaniya və Britaniyadan gətirildiyi ehtimal edilir.
Diqqəti çəkən mühüm məqamlardan biri odur ki, Ağsuda tapılan və çox ciddi istehsalat qüsurları ilə müşayiət olunan bəzi fayans məmulatı nümunələrinin xarici ölkələrdən gətirildiyini düşünmək əsla düzgün olmazdı. Fikrimizcə, bu cür nümunələrin bilavasitə yerli istehsal məhsulu olduğu əsla şübhə doğurmur. Gil materialının müxtəlif qatışıqlardan yetərincə təmizlənməməsi, hazırlanarkən, şirlənərkən və bişirilərkən texnoloji qüsurlara yol verilməsi onların elə ilk baxışdan xarici bazar üçün o qədər də cəlbedici məmulat olmadığından xəbər verir. Başqa sözlə, bu nümunələrin bilavasitə yerli istehsala aid olduğu göz qabağındadır.
Bütün bunlar nəticə olaraq onu deməyə əsas verir ki, XVIII əsrin ortalarında Ağsu şəhərində dulusçu ustalar sosial sifarişə uyğun olaraq həm də rəngarəng çeşidli fayans məmulatı nümunələrinin istehsalı ilə məşğul olmuşlar.
Ağsuda aparılan arxeoloji tədqiqatlar zamanı yüksək keyfiyyətli və rəngarəng çeşidli şüşə məmulatı nümunələri tapılıb. Bunlar əsasən qara və göy rəngli şüşədən istehsal olunmuş əşyalardır. Xırda qədəh tipli şüşə qab qırıqları çoxluq təşkil edir. Tapıntılar içərisində zərli şüşə nümunələri də vardır. Daha çox diqqəti cəlb edən isə qara rəngli, qalın şüşə qablardır. Gövdə hissəsi dairəvi və ya düzbucaqlı formada olan iri həcmli şüşə qablar xüsusilə böyük maraq doğurur. Onlardan bir neçəsinin üzərində Londonda istehsal olunduğunu bildirən yazı var.
Bütün bunlar onu göstərir ki, XVIII əsrdə Ağsu sakinlərinin məişətində şüşə qablardan, habelə şüşədən hazırlanmış bəzək əşyalarından geniş istifadə olunmuşdur. Avropa şəhərlərində, xüsusilə də Britaniyanın ayrı-ayrı istehsal mərkəzlərində hazırlanmış nəfis və bahalı şüşə məmulatı nümunələrinin tapılması isə Ağsu əhalisinin mədəni səviyyəsinin və sosial durumunun kifayət qədər yüksək olduğundan xəbər verir
Tədqiqatlar zamanı müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə zərb olunmuş 700-dək mis və gümüş sikkə tapılıb. Tapıntılar içərisində indiyədək məlum olmayan "Lahıc" sikkələri də vardır. Ehtimal ki, bu pullar XVIII əsrin axırlarında Şirvan xanı Zərnavalı Hacı Məhəmməd Əli xanın hakimiyyəti illərində, bilavasitə onun sifarişi ilə lahıclı ustalar tərəfindən əvvəlcə Lahıcda, daha sonra isə Ağsu zərbxanalarında buraxılıb. Doğrudur, hələlik Ağsuda zərbxana tapılmayıb. Lakin arxeoloji tədqiqatlar zamanı tapılmış çoxsaylı hazır mis lövhələr bilavasitə sikkə zərbi üçün nəzərdə tutulub. Xatırladaq ki, bu lövhələr çəkisinə və ölçülərinə görə "Lahıc" pulları ilə, demək olar ki, tam şəkildə eyniyyət təşkil edir. Bu isə tədqiq olunan sahədə, yaxud da ona yaxın ərazidə zərbxana olduğuna dəlalət edir.
Bütün bunlar isə 70 ilə yaxın bir müddət ərzində Şirvanın rəsmən paytaxt şəhəri olmuş Ağsunun ölkənin iqtisadi və mədəni həyatındakı rolundan, onun dünyanın bir çox mədəniyyət mərkəzləri ilə intensiv ticarət və mədəni əlaqələrindən xəbər verir.
Oxucuların diqqətinə onu da çatdırmaq istərdim ki, qısa vaxt ərzində ekspedisiya tərəfindən Ağsu şəhərində aparılmış tədqiqatların nəticələrini elmi ictimaiyyətə çatdırmaq istiqamətində də mühüm işlər görülmüşdür. Bu məqsədlə ümumilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ərəfəsində Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə "Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi" mövzusunda silsilə tədbirlər keçirilmişdir. Həmin tədbirlər çərçivəsində elmi ictimaiyyətin və rayon sakinlərinin orta əsr şəhər yerinə ekskursiyası təşkil edilmiş, rayon tarix-diyarşünaslıq muzeyində ən yeni arxeoloji tapıntılardan ibarət sərginin açılışı, habelə "Orta əsr Ağsu şəhəri" albom-kitabın və Ağsu arxeoloji ekspedisiyasının internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir. Deyilənlərə onu da əlavə edək ki, hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır. Nəzərə almaq lazımdır ki, Ağsu ölkənin çox mühüm turizm regionlarının qovşağında yerləşir. Yəni, bu baxımdan da Ağsu adidələrinin sistemli surətdə tədqiqi və konservasiyası olduqca mühüm əhəmiyyət kəsb edir.

Qafar CƏBİYEV,
Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru

Oxunub : 2801