Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçirildi. AZADİNFORM xəbər verir ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı və “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı oldu.
Konfransda çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, cari ilin mart ayında Ağsu şəhərində arxeoloji qazıntılar aparılıb və qısa müddətdə ciddi elmi nəticələr əldə edilib.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov qeyd etdi ki, arxeoloji qazıntılar zamanı 3 min kv.metr sahə açılıb və orada çoxsaylı maddi mədəniyyət nümunələri aşkar edilərək tədqiq olunub. Azərbaycanın bütün bölgələrində arxeoloji qazıntıların aparıldığını diqqətə çatdıran M.Kərimov arxeloji qazıntılar aparılan yerlərin və tapılan maddi mədəniyyət nümunələrinin yenidən qurulması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova isə bildirdi ki, Ağsu şəhərində qısa bir müddətdə geniş miqyaslı iş aparılıb və tapılan nümunələr sistemləşdirilib.
Ağsu arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev aparılan işlərlə bağlı məlumat verdi və arxeoloji qazıntılardakı xidmətlərinə görə, bir sıra şəxslərə “ekspedisiyanın dostu” diplomlarını təqdim etdi.
Qeyd edək ki, tədbirdə o da təklif olundu ki, Azərbaycanda aparılan arxeoloji qazıntılar və bu sahədə əldə edilən elmi nəticələr orta məktəblərin tarix kitablarına daxil edilməlidir. |